Azərbaycan millisi sabah UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Farer adaları yığmasının qonağı olacaq.
Publika.az xəbər verir ki, bu gün Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun sabahkı oyuna həsr olunan mətbuat konfransı keçirilib. Qurbanov sabahkı matçda ən yaxşı oyunlarını oynamalı olduqlarını deyib:
- Biz bu gün çox danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Ona görə də, çox danışmaq fikrində deyiləm. Rəqibi yaxşı tanıyıram. Onların da şansı var. Çalışırıq ki, şansımızdan daha yaxşı istifadə edək. Buna uyğun hazırlaşmışıq.
- Süni örtüklü meydança və futbolçularımızın öyrəşmədiyi
yağışlı iqlim komandaya nə dərəcədə mane olacaq? Üstəlik,
meydançanın ölçüləri də bir qədər standartlardan
kiçikdir.
- Meydançayla tanış oldum. Düşünürəm ki, hava şəraitinin bizə
problemii olmayacaq. Çünki bu şərait hər iki komanda üçün eynidir.
Meydançanı gəzdim, hiss olunur ki, standartlardan bir qədər
fərqlənir. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. Hərçənd,
meydançanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problemlər
yaşadacaq. Ancaq inanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya
qoyacaqlar.
- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat
konfransında Azərbaycan yığmasına yol yorğunçuluğuna görə çətin
olacağını bildirdi. Siz necə düşünürsüz, futbolçularımız 14 saatlıq
yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata
biləcəklərmi?
- Nə mən, nə də futbolçular bu barədə düşünmürük. Sabah ən yaxşı
futbolumuzu oynamalıyıq.
- Millətlər Liqasının görüşlərində hücum xətti elə də
yaxşı təsir bağışlamayıb. Üstəlik, Ramil Şeydayev də “Krılya
Sovetov”da oyun təcrübəsindən məhrumdur. Bu mənada Rüfət Dadaşovun
sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdır və
məşqdə gördüklərinizə əsasən, demək olarmı ki, “Proyssen”in
forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdır?
- Açığı, Rüfət bizimlə cəmi iki məşq dəfə edib. Sabah yəqin səhər
məşqindən sonra bəzi oyunçularla bağlı dəqiq qərar verəcəm. Ancaq
indi heç bir problem haqda düşünmürəm. Fikirləşirəm ki, oyuna tam
hazırıq və meydana yaxşı formada çıxacağıq.