Oktyabrın 22-26-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilib.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında baş tutub.
Yarışda 150-ə yaxın idmançının təmsil olunduğu 13 komanda öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında olub. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci yerə, Dövlət Yanğından Mühafizə Xidmətinin komandası ikinci yerə, üçüncü yerə isə FHN-in Akademiyasını məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandaları layiq görülüb.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmasının əhəmiyyətindən danışmış, komandaları təbrik edərək onlara yeni-yeni uğurlar arzulanıb.
Sonda qalib komandalara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olub.