Ötən gün Mətbuat Şurasına üzvlüklə bağlı növbəti iclas keçirilib.

İclasda Metbuat.az saytının təsisçisi Ramil Mirzəyev iştirak edib. Üzvlüklə bağlı keçirilən iclasda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Metbuat.az-la bağlı müsbət fikirlərini səsləndiriblər. Sonda səsvermə keçirilib və Metbuat.az da daxil olmaqla bir neçə sayt Mətbuat Şurasına üzv olub.

Mətbuat Şurasına üvz olan media qurumlarıyla bağlı Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovla əlaqə saxladıq. Əflatun müəllim Metbuat.az saytını Mətbuat Şurasına üzv olması münasibətiylə təbrik etdi.

 "Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır"

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Şuraya daxil olan yeni üzvlərlə bağlı fikirlərini Metbuat.az-la bölüşüb:

“Mətbuat Şurası üzvlüyünə qəbul olunan bütün internet resurslarını təbrik edirəm. Bu gün sosial media inkişaf etməkdədir. Artıq ənənəvi mediayla yanaşı, internet resursları da oturuşub, kifayət qədər ciddi resurslara çevriliblər. Bu, sevindirici haldır. İstərdim ki, həmin resurslar Mətbuat Şurasıyla əməkdaşlıqlarını daha da inkişaf etdirsinlər. Onlar maddi texniki bazalarının möhkəmləndirilməsi, kadr potensialının inkişafına görə Mətbuat Şurasının müəyyən imkanlarından faydalanmalıdırlar. Uğurlar arzulayıram”.

 "Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır"

“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə Mətbuat Şurasına üzv seçilən saytlara uğurlar arzulayıb

“Dünən Mətbuat Şurasının idarə heyətininin qərarından sonra Metbuat.az da daxil olmaqla bir neçə sayt üzv seçildi. Düşünürəm ki, Mətbuat Şurasına üzv olmaq əlavə məsuliyyət tələb edir. İnformasiya məkanında sizin və digər saytların dəst-xətti bundan sonra daha nümunəvi olacaq, öz işlərində yüksək peşəkarlıq nümayiş etdirəcəklər. Mətbuat Şurasına üzv seçilən saytlara uğurlar arzulayıram. Düşünürəm ki, Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır. Bu, 200-300 mətbuat orqanının sırasında olmaq deməkdir, həmçinin uğurlu olduğu qədər şərəfli və məsuliyyətli işdir”.

 "Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır"

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə qeyd edib ki, media qurumlarıyla birlikdə olanda bir çox problemlərin öhdəsindən daha rahat gələ bilirik:

“Mətbuat Şurası Azərbaycanda mətbuatın sağlamlaşdırılmasında maraqlı olan bir nömrəli təşkilatdır. Təşkilat çalışır ki, mövcud olan KİV, o cümlədən də internet saytları Azərbaycan jurnalistlərinin peşə-davranış qaydaları çərçivəsində fəaliyyət göstərsin, eyni zamanda inkişaf etsinlər. Ona görə, Mətbuat Şurası bu cür qurumları seçərək öz sıralarına alır, yəni üzvlüyə qəbul edir. Təbiidir ki, üzvlüyə qəbul etdikdən sonra həmin qurumlarla bağlı daha ciddi addımlar atmağa çalışır. Ən azından həmin qurumların digər media qurumları kimi inkişaf etməsinin qayğısına qalır. Bu baxımdan, Mətbuat Şurasının yeni təşkilatları, yeni media qurumlarını üzvlüyə alması təqdir olunası hadisədir. Biz sevinirik ki, məhz Mətbuat Şurasına inam olduğuna görə də, media qurumları onun üzvü olmağa can atırlar. Əlbəttə ki, birlikdə olanda bir çox problemlərin öhdəsindən daha rahat gəlir, ortaya çıxan problemləri daha rahat şəkildə həll edir, mətbuatın daha sağlam ayaqlar üzərində olmasına daha çox töhfə verə bilirik. Düşünürəm ki, Metbuat.az və bir neçə onlayn media qurumunun üzvlüyə qəbul edilməsi yaxşı bir hadisədir. Bu baxımdan, başda Metbuat.az olmaqla üzvlüyə yeni qəbul edilmiş media qurumlarını, onların rəhbər və işçilərini təbrik edirəm. Belə demək istərdim ki, aramıza xoş gəldiniz!”.

 "Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır"

Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli üzv seçilən saytları təbrik edib:

“Son zamanlar yeni medianın inkişafı çoxlu sayda xəbər portallarının yaranmasına səbəb olub. Bu, əslində yaxşı haldır. Lakin bütün xəbər portalları jurnalistikanın təməl prinsiplərinə, onun kodekslərinə əməl etmirlər. Mətbuat Şurasına üzv olan xəbər portalları jurnalistikayla məşğuldurlar. Onlar mətbuat oqranları adlandırıla bilərlər. Ona görə ki, onların fəaliyyətində əsas kimi Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanununu, həm də Mətbuat Şurasının qəbul etdiyi jurnalistlərin etik-davranış kodekslərini əsas götürürlər. Bizim Mətbuat Şurası ailəmizə üvz olan yeni portalları, o cümlədən Metbuat.az saytını təbrik edirəm”.

 "Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır"

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Elçin Mirzəbəyli qeyd edib ki, Mətbuat Şurasına üzv olmaq ciddi məsuliyyətdir:

“Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən ölkədə ciddi bir ictimai tənzimləmə mexanizmlərindən biridir. Bu aspektdən, yeni qəbul olunan informasiya vasitələri bu faktoru nəzərə almalıdırlar. Gənc dostlarımıza fəaliyyətlərində uğurlar arzu edirəm. Təbii ki, bu, onlara Mətbuat Şurası tərəfindən göstərilən yüksək etimaddır. Əminəm ki, onlar da bu etimadı doğruldacaqlar. Şuraya yeni üzv olan saytlar, həmçinin Metbuat.az saytı fəaliyyətə başladığı qısa müddət ərzində peşəkar media orqanı olduğunu təsdiqləyib. Gənc dostlarımızın uğurlarına sevinir və hər zaman onlara dəstək olmağa hazırıq”.

 "Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır"

Jurnalist Bəxtiyar Əlirzayev Mətbuat Şurasına üzv seçilməyi münasibətiylə Metbuat.az saytını təbrik edib:

“Uğurlarınızın bol olmasını diləyirəm. Fikrimcə, Mətbuat Şurasına üzv olan media qurumlarının sayı artdıqca, Şuranın fəaliyyəti də güclənəcək. Həssas məqamlar yarandıqda daha peşəkar davranışın sərgilənməsinə də bu böyümə öz təsirni göstərəcək”.

 "Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır"

Jurnalist, blogger Bahadur Seyidov bu addımın jurnalistlərə stimul verəcəyini qeyd edib:

“Dünən mənə çox doğma olan iki saytın (Metbuat.az və Sim-sim.az) Mətbuat Şurasına üzv qəbul olunması sevindirici haldır. Düşünürəm ki, sözün əsl mənasında xalqa, vətənə xidmət edən jurnalist və ya media orqanı daim qiymətləndirilməli, daim üzərində qayğını hiss etməlidir. Jurnalistlərin sevindiyi qədər Mətbuat Şurası da sevinməlidir ki, saytlar bu quruma üzv olmağı meyar olaraq görür. Lakin üzvlük sözdə qalmamalıdır. Mətbuat Şurası mütəmadi olaraq görüşlər keçirməli, jurnalistlərə tövsiyələr verilməli və çatışmazlıqların aradan qaldırılması yolunda bələdçi olmalıdır”.

 "Mətbuat Şurasının üzvü olmaq böyük etimaddır"

Xəyalə Məmmədova / METBUAT.AZ

“Ermənistanın regional təcridi dərinləşir” - Sona Əliyeva – TIKLAYIN!