“Türkiyə İrana qarşı sanksiyalara əməl etməkdən bir müddətlik azad edilmiş 8 ölkənin siyahısına salına bilər”.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib: “Bizdəki məlumata görə, Türkiyə istisnalar edilmiş ölkələrin siyahısındadır. Ancaq hələ ki, təfərrüatlar barədə məlumatımız yoxdur”.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ noyabrən 5-də İrana qarşı sanksiyalara əməl etməkdən bir müddətlik azad edilmiş 8 ölkənin siyahısını dərc edəcək. Onun sözlərinə görə, Avropa İttifaqı üçün belə istisna edilməyib.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk isə Dövlət Departamentində keçirilən brifinqdə bildirib ki, 8 ölkə 180 gün müddətinə İrana qarşı sanksiyalara əməl etməkdən azad ediləcək, ancaq onların bu müddəti uzatmaq imkanı olmayacaq.