Xeyriyyə aksiyası təşkil olunub

Tahir Həsənov adına 23 saylı məktəb və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə xeyriyyə yarmarkası təşkil olunub.

Metbuat.az bildirir ki, noyabrın 3-də Bakı şəhəri, "Zabitlər" bağı adlanan ərazidə Tahir Həsənov adına 23 saylı məktəb və Nəsimi Rayon İcra Hakimiyyətinin "Uşaq Hüquqları" aylığı çərçivəsində birgə təşkil etdikləri xeyriyyə yarmarkası keçirilib.

Tədbir məktəbin direktoru Yuliya Kərimovanın çıxışı ilə başlanıb. O, tədbir iştirakçılarını və qonaqları salamlayaraq tədbiri açıq elan edib. Y.Kərimovaçıxışında bildirib ki, xeyriyyə məqsədi ilə keçirilən yarmarkadan toplanan vəsait, artıq 30 ilə yaxındır ki, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrin uşaqlarının Gəncə şəhərində təhsil aldığı 69 saylı Kəlbəcər orta məktəbinə göndəriləcək.

Yarmarkada 1-ci sinifdən 11-ci sinfə qədər şagirdlərin əl işləri, xalqımızın milli sənətkarlıq nümunələri, suvenirlər, müxtəlif növ bəzək əşyaları və mətbəx alətlərinin satışı təşkil olunub. Tədbirdə həmçinin milli musiqi və rəqslər də nümayiş etdirilib.

Qeyd edək ki, xeyriyyə aksiyasında 23 saylı məktəbin kollektivinin dəvəti ilə Bakı Slavyan Universitetinin Azərbaycan Filologiyası və Jurnalistika fakültəsinin tələbələri də qonaq qismində iştirak ediblər.

Tədbirin sonunda isə məktəbin direktoru Yuliya Kərimova xeyriyyə yarmarkasının təşkilində başda Nəsimi Rayon İcra Hakimiyyəti olmaqla, tədbirdə bütün əməyi keçən valideyinlərə və şagirdlərə dərin təşəkkürünü bildirib. Məktəb direktoruxatırladıb ki, artıq ənənəvi olaraq 3 ildir həyata keçirilən bu aksiyanın əsas hədəfi şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişaf etməsinə dəstək olmaqdır.

Aidə Məmmədzadə, BSU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR