NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstana səfər edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik məsələsinə görə, səfər barədə əvvəldən məlumat yayılmayıb. Alyansın nümayəndəsi Oana Lunqeskunun "Tvitter"dəki məlumatına görə, Stoltenberqi NATO-nun hərbi komitəsinin rəisi Stüart Piç və alyansın Avropadakı birləşmiş qüvvələrinin komandanı Körtis Skaparotti müşayiət edir.
Məlumata görə, səfər çərçivəsində Yens Stoltenberqin Əfqanıstan prezidenti, hökumət üzvləri və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşü nəzərdə tutulub. Bundan əlavə, Baş katib NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının komandanı Skott Mellerlə də görüşəcək.
Diplomatik mənbələrin məlumatına görə, danışıqlarda NATO-nun təlimatçı və müşavirlərinin missiyasının genişlənməsi, “Taliban” hərəkatı ilə danışıqların perspektivləri və Əfqanıstan ordusunun xarici maliyyələşməsi məsələsi müzakirə olunacaq.
Günay Elşadqızı / METBUAT.AZ