[ 27 Aprel 2015 10:11 ]



Bakı. Fərid Mirzəyev - APA. Bu gün Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Genetik modifikasiya olunmuş məhsulların (GMO) hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

APA-nın xəbərinə görə, bu gün və sabah keçiriləcək beynəlxalq seminar Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Seminarı giriş sözü ilə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva açıb. A. Mustafayeva çıxışında bildirib ki, Azərbaycanda GMO məhsullarının idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi ilə bağlı Milli Məclisdə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə olunması ciddi müzakirə olunur: “Üç ildir bununla bağlı parlamentdə ciddi müzakirələr aparılır. Biz Azərbaycan xalqının genefondunu qorumalıyıq. Kənd təsərrüfatında belə məhsullar da var. Ona görə də əhali arasında maarifləndirmə işləri aparmaq və qanunvericiliyə dəyişikliklər etməklə bunun qarşısını ala bilərik”.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov məsələnin ölkə ictimaiyyəti, habelə dövlət idarəçiliyi üçün aktual problem olduğunu söyləyib: “Bu gün dünya bu məhsullardan əziyyət çəkir. İnsanlar buna qarşı çıxır. Son günlərdə bu məsələ ilə bağlı bir çox qanunlara əlavə və dəyişikliklər edilib. Konkret olaraq “Toxumçuluq haqqında” qanunun 27-ci maddəsində göstərilir ki, belə məhsulların ölkə ərazisinə keçirilməsinə icazə verilmir. Hətta Nazirlər Kabineti belə məhsulların yetişdirilməsinə kredit belə verməyi qadağan edir. Gömrükdə bu cür məhsulların müəyyənləşdirilməsi üçün müasir laboratoriyalara ehtiyac var”.

İtaliyalı ekspert Ugo Markesi seminar iştirakçılarına Avropa İttifaqının aqro biotexnologiya yanaşması haqda məlumat verib.

Daha sonra çıxış edən avropalı ekspert Roberta Onori geni dəyişdirilmiş qida məhsulları və yemin müəyyən olunması, eyni zamanda etiketlənməsi üzrə Avropa İttifaqının qaydaları barədə danışıb.

Beynəlxalq seminarda millət vəkilləri, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər nazirlik və komitələrin nümayəndələri iştirak edir.

Seminar davam edir.