Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Universitetinin kompyuter elmləri ixtisası üzrə ıkinci kursda təhsil alan tələbələrindən ibarət “Baku AZU” (Azerbaijan University-1) komandası Gürcüstan Tbilisi şəhərində keçirilən proqramlaşdırma üzrə IX Beynəlxalq Vekua Kuboku müsabiqəsində iştirak edib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, turnirə ilk dəfə dəvət alan “Baku AZU” komandası sertifikat normasını yerinə yetirərək turnirin müvafiq sertifikat, hədiyyə və suvenirləri ilə mükafatlandırılıb.
Komanda turnirə universitetin riyaziyyat və informatika kafedrasının baş müəllimi Asif Paşayevin rəhbərliyi altında hazırlaşıb.
Turnirdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan müxtəlif universitetləri təmsil edən 140-dan çox komanda iştirak edib.
Qeyd edək ki, “Baku AZU” (Azerbaijan University-1) komandası mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsinə vəsiqə qazanıb.
