Dünyanı silkələyəcək ADDIM, sülh üçün əsas MANEƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
123 baxış·6 dəq oxu
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
növbəti görüşünün vaxtı və yeri məlum olub. Türkiyə Şimali Kipr
Türk Cümhuriyyətində hərbi dəniz bazasını yarada bilər. Suriya
ordusu ölkənin cənubunda hücumun gedişatında İŞİD terror
qruplaşmasının 270 döyüşçüsünü məhv edib. Fələstin Donald Tramp
administrasiyasını Yaxın Şərqdə sülh üçün əsas maneə adıandırıb.
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və
əməkdaşlıq müqaviləsinin ləğvi haqqında qanun layihəsini təqdim
edib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
növbəti görüşünün vaxtı və yeri məlum olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən
verilən məlumata görə, ATƏT-in Nazirlər Şurasının 25-ci
sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab
Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor
Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu
Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş
keçiriləcək.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi
Anjey Kaspşik də iştirak edəcək.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə
danışıqlar prosesi müzakirə olunacaq.
Ümid edirik ki, Ermənistanın yeni parlamenti daha
konstruktiv olacaq və Rusiya-Ermənistan münasibətlərinin inkişafına
diqqət yetirəcək. Bunu İrəvanda jurnalistlərə
açıqlamasında ermənipərəst rusiyalı deputat Konstantin Zatulin
deyib.
"Sizin hökumətin nümayəndələri təkcə Rusiya yox, bütün dünya
ölkələrinə müraciət edib investisiya istəyəndə Rusiyanın böyük
şirkətlərinə qarşı araşdırmalardan bəhs edir. Bu, sizin üçün pis
fondur. Mən “böyük şirkətlər” deyəndə “Qazprom” və Cənubi Qafqaz
Dəmiryollarını nəzərdə tuturam", - deyə o bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinanın
paytaxtı Buenos Ayresdə təşkil edilən G20 liderlər zirvəsində 50
dəqiqəlik mətbuat konfransı keçirib. Türkiyə lideri
jurnalistlərin Münbiç və İdlibəki son hərbi vəziyyət, BRİCS,
valyuta bazarlarındakı rahatlama, Fransadakı hadisələr və Rusiyadan
alınacaq S-400 müdafiə sisteminə dair suallarını cavablandırıb.
"Türkiyə NATO-dan ayrılıb Avropa Ordusuna qatılacaq?" - Ərdoğan Argentinada bütün DETALLARI AÇIQLADI
Türkiyədə Şimali Kipr Türk Cümhuriyyətində hərbi
dəniz bazasının yaradılması məsələsi müzakirə edilir.
Məsələ Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik
fonunda gündəmə gəlib.
İnformasiyaya əsasən, hərbi dəniz bazasının 2019-cu ilin
əvvəlində yaradılması gözlənilir.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki,
Türkiyə ehtiyac olduğu halda Şimali Kipr ərazisində hərbi dəniz
bazasını yarada bilər. Prezidentin sözlərinə görə, bu ərazidə
Türkiyənin hərbi gücünün olması çox əhəmiyyətlidir.
Suriya ordusu ölkənin cənubunda hücumun gedişatında
İŞİD terror qruplaşmasının 270 döyüşçüsünü məhv edib.
Bu haqda Rusiya ordusunun Suriyadakı qruplaşmasının komandanlığının
nümayəndəsi Oleq Makareviç bildirib.
O qeyd edib ki, əməliyyat Es-Suveyda əyalətində keçirilib.
Makareviç vurğulayıb ki, Suriya hərbçiləri döyüşçülərdən xarici
istehsal olan böyük miqdarda silah ələ keçiriblər.
İranın raket proqramı BMT-nin normalarına zidd
deyil. Bunu jurnalistlərə açıqlamasında İran Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.
“İranın raket proqramı müdafiə xarakteri daşıyır və ölkənin
tələblərinə uyğun olaraq hazırlanıb. BMT TŞ-nin heç bir qətnaməsi
raket proqramı və raket sınağını qadağan etmir”, – deyə o
bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Pompeo İranın Avropanı vurmaq
imkanına malik ortamənzilli ballistik raket sınaqdan keçirdiyini və
bunun BMT TŞ tələblərinə zidd olduğunu açıqlamış, Tehrandan bu
sınaqları dərhal dayandırmağı tələb etmişdi.
Donald Tramp administrasiyası Yaxın Şərqdə sülh üçün
əsas maneədir. Bu sözləri İtaliyaya səfərinin
gedişatında “La Stampa” qəzetinə müsahibəsində Fələstin lideri
Mahmud Abbas bildirib.
“Biz ABŞ administrasiyasından beynəlxalq hüququ pozan və
vasitəçilik roluna uyğun olmayan heç bir planı qəbul etməyəcəyik”,
- o deyib.
Bundan başqa, Fələstin lideri Rusiya da daxil olmaqla, başqa
ölkələrin vasitəçilik edəcəyi halda İsraillə birbaşa dialoqa razı
olduğunu qeyd edib. Mahmud Abbasın sözlərinə görə, ABŞ daha tək
vasitəçi ola bilməz.
Qətər Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC)
çıxacağı barədə təşkilata xəbərdarlıq edib Bu haqda
Qətərin paytaxtı Dohada mətbuat konfransında Qətərin energetika
naziri Məhəmməd bin Saleh əs-Səda bildirib.
Nazirin sözlərinə görə, Qətər 2019-cu ilin yanvarında OPEK-dən
ayrılacaq.
O bildirib ki, ölkə qaz hasilatı və mayeləşdirilmiş təbii qazın
istehsalına diqqəti artırmaq istəyir.
Qeyd edək ki, Əlcəzair, Anqola, Venesuela, Qabon, İran, İraq,
Konqo, Küveyt, Qətər, Liviya, BƏƏ, Nigeriya, Səudiyyə Ərəbistanı,
Ekvator Qvineyası və Ekvadorun daxil olduğu OPEC dünyada neft
ehtiyatlarının təxminən üçdə ikisinə nəzarət edir, onların payına
hasilatın və ixracın 45 faizi düşür.
Təşkilatda neft hasilatına görə Qətərin payı isə 1,85 faiz
təşkil edir.
ABŞ prezidenti Donald Tramp əmindir ki, nə vaxtsa
gələcəkdə Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpinlə
qızğın silahlanma yarışının dayandırılması haqqında məsələni
müzakirə edəcək. Tramp bu haqda tvitter hesabında
yazıb.
“Mən əminəm ki, gələcəkdə Si Cinpin, Vladimir Putin və mən
birlikdə, genişmiqyaslı və qarşısıalınmaz olan qızğın silahlanmanın
effektiv dayandırılması haqqında danışıqlara başlayacağıq”, - ABŞ
lideri qeyd edib.
O əlavə edib ki, ABŞ son bir il ərzində silahlanmaya 716 milyard
dollar xərcləyərək ağılsızlıq edib.
Koreya yarımadasının denuklearizasiyası haqqında
qərarın qəbulundan dərhal sonra, ABŞ Şimali Koreya ilə konstruktiv
dialoqu qaydaya salmağa hazırdır. Bu haqda ABŞ
Argentinada keçirilən G20 sammitində ABŞ prezidenti Donald Trampla
görüşən Cənubi Koreya lideri Mun Çje İn bildirib.
Cənubi Koreya prezidentinin sözlərinə görə, Donald Tramp Şimali
Koreya lideri Kim Çen Ina çatdırmağı xahiş edirdi ki, nüvə
proqramından imtinaya cavab olaraq onun bütün arzularını yerinə
yetirəcək.
Ukrayna hərbi vəziyyət rejimi çərçivəsində Rusiya
ilə sərhəddə müdafiənin gücləndirilməsi üçün hərbi bölmələrin
yerdəyişməsini həyata keçirəcək. Bu haqda Ukrayna
prezidenti Pyotr Poroşenko “112 Ukrayna” telekanalı ilə yayımlanan
çıxışı zamanı bildirib.
Prezident həmçinin, sərhədyanı ərazilərdə hərbi təlimlərin
keçiriləcəyini elan edib.
Ukraynanın on vilayətində hərbi vəziyyət rejiminin
tətbiqi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri “Luqansk Xalq
Respublikası” (“LXR”) separatçı rejimi ilə təmas xəttinə texnika və
silahlar cəlb edir. Bu haqda “LXR”-in “müdafiə
idarəsi”nin mətbuat xidmətinin rəhbəri Yakov Osadçiy jurnalistlərə
bildirib.
Daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə,
bu gündən etibarən ehtiyatda olanlar və hərbi mükəlləfiyyətçilərin
genişmiqyaslı toplanışına başlanılıb. Xüsusilə, bu toplanışların
briqadalar və təlim mərkəzlərində həyata keçiriləcəyi
vurğulanıb.
Qeyd edək ki, Ukraynanın Ali Radası noyabrın 26-da ölkənin 10
vilayətində 30 günlük hərbi vəziyyət rejiminin tətbiqi haqqında
Poroşenkonun fərmanını bəyənib. Hərbi vəziyyət rejimi noyabrın
25-də Kerç boğazı ətrafında Ukrayna və Rusiya hərbi donanmalarının
qarşıdurması ilə əlaqədar qəbul edilib.
Daha əvvəl Ukrayna lideri vurğulayıb ki, onlarda olan dəqiq
kəşfiyyat məlumatına görə, Rusiyanın Ukrayna gəmilərinə hücumu
yalnız başlanğıcdır. Poroşenko Ukrayna sərhədinin 18-ci
kilometrliyində yerləşən Rusiya bazalarından 17, 24 sentyabr və
oktyabrda peykdən çəkilən görüntüləri də mediaya nümayiş etdirib:
“Göründüyü kimi, Ukrayna sərhədində yerləşən bazalardakı tankların
sayı iki dəfə artırılıb”.
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya
ilə dostluq və əməkdaşlıq müqaviləsinin ləğvi haqqında qanun
layihəsini təqdim edib. Bu haqda parlamentin saytında
deyilir.