Bakı. 28 aprel. REPORT.AZ/ Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası xarici işlər nazirləri aprelin 29-da regional təşkilatın sammitinin hazırlığı üçün Ər-Riyadda toplanacaq. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Mayın 5-də Səudiyyə Ərəbistanın paytaxtında keçiriləcək görüşə hazırlıqdan başqa XİN rəhbərləri regionda və Yəməndə vəziyyəti müzakirə edəcək .
Ərəb ölkələri rəhbərlərinin sammiti mayın 13-14-də ölkə liderlərinin ABŞ prezidenti Barak Obama ilə keçiriləcək görüşə həsr olunubş Ağ ev mətbuat xidmətinin məlumatına görə, görüşdə Yaxın Şərqdə tərəfdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ilə görüşün ilk gününün Vaşinqtonda prezidentin baş iqamətgahında, ikinci gününün isə Virciniya ştatındakı Kemp-Deviddə keçəcəyi gözlənilir.
Yəməndə husitlərə qarşı əməliyyat martın 26-da başlayıb və rəsmi olaraq aprelin 21-də başa çatıb. Ərəb koalisiyasına Səudiyyə Ərəbistanı rəhbərlik edib. Əməliyyatda Küveyt, Qətər, BƏƏ, Bəhreyn, Misir, İordaniya, Mərakeş və Sudan qüvvələri iştirak edib.