Bakı, 28 aprel, AZƏRTAC
Klassik ədəbiyyat və mədəniyyətin problemləri, müsəlman Şərqi ölkələrinin bu istiqamətdə qarşılıqlı əlaqələri Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində daimi fəaliyyət göstərən elmi seminarda mütəmadi müzakirə mövzusuna çevrilir və iştirakçıların böyük marağına səbəb olur.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, elmi seminarın budəfəki məşğələsində muzeyin doktorantı, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin əməkdaşı Dilbər Rəhimovanın “Məhəmməd Peyğəmbər dövründə musiqi və şeir” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, qədim ərəb tarixində Müaviyə, Əbdülməlik ibn Mərvan, Ömər ibn Əbdüləzizin xəlifəliyi zamanında musiqiçilər xüsusi təbəqə sayılaraq böyük hörmət sahibi olublar. Məşhur ərəb sərkərdələri belə musiqi ilə məşğul olublar.
Natiq, həmçinin “Quran-i Kərim”ə, Məhəmməd Peyğəmbər haqqında hədislərə, ərəbdilli mənbələr və xarici nəşrlərə də istinad edərək, islam cəmiyyətində musiqi və şeir sənətinin əhəmiyyəti, yeri haqqında deyilmiş fikirləri iştirakçılarla bölüşüb.
Professor Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktorları Məlahət Kələntərli, Natavan Mustafayeva və başqaları məruzə ətrafında çıxış ediblər.
D.Rəhimova keçirilən geniş diskussiyanın bu mövzuda hazırladığı və Nizami Muzeyinin “Risalə” elmi araşdırmalar toplusunda dərc olunması nəzərdə tutulan məqaləsinin təkmilləşdirilməsinə böyük fayda verəcəyini bildirib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində VII əsrdə musiqi və poeziyanın əlaqələri araşdırılıb