Ariz Aslanov​:

VƏTƏN SEVGİSİ

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” - Heydər Əliyev.

İnsan doğulduğu gündən ölənədək həyatı hislərlə müşayiət olunur. Hislər içində ən güclüsü sevgi hissidir. Sevginin isə ən dəyərlisi, ən önəmlisi, ən alisi Vətən sevgisidir. Heç nə ilə müqayisəyə gəlməyən Vətən sevgisi insanın millətinə, xalqına, doğma torpağının hər bir daşına, qayasına, çayına, bulağına sevgidir. Vətənə məhəbbət öz şəxsi maraqlarını el-oba yolunda qurban verməkdir.

Azərbaycan xalqı hər zaman Vətəninə bağlı olub, onun hər qarışı uğrunda canından keçməyə hazırdır. Xalqımız bunu tarixin hər səhifəsində sübut edib. Keçmişdə bu yurdun Koroğlu, Cavanşir, Babək kimi igid oğulları olub. Yaxın keçmişə, 90-cı illərə nəzər salsaq isə görərik ki, xalqımız əsl qəhrəmanlıq dastanı yazıb. Bu dastandan bir parça olaraq Daxili Qoşunların sıralarında xidmət etmiş beş cəngavərin, beş igidin adını çəkə bilərik. Şahin, Yalçın, Maqsud, Fərhad və Siyavuşun fədakarlığını xalqımız heç vaxt unutmayacaq. Onlar xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr əlavə etdilər. Bu beş döyüşçü nəinki ölümdən qorxmadılar, əksinə, ölümün üstünə getdilər. 1993-cü il 11 dekabrda Füzuli rayonunun Böyük Bəhmənli kəndi ətrafında gedən döyüşlər zamanıdayandıqları səngərdə gələn düşmən tankının qarşısından çəkilmədilər. Vətən sevgisi ölümə qalib gəldi. Və onlar qəhrəmancasına, son damla qanlarınadək vuruşaraq şəhidlik zirvəsinə ucaldılar. Bu beş igid üzərlərinə gələn tankın qarşısından çəkilməyi, qaçıb canlarını qurtarmağıağıllarından keçirtmədilər. Çünki, Vətən sevgisi onların qəlbini bütünlüklə sarmışdı. Döyüşüb uğrunda canlarını verdikləri həmin yerdə onların abidəsi ucaldılıb.

Qarabağ müharibəsində soydaşlarımız bir qayə ətrafında-Vətəni qorumaq, xilas etmək ətrafında birləşdilər. Eyni hal 2016-cı il aprel döyüşlərində də təkrarlandı. Vətən övladları doğma yurd naminə canlarından keçməklə dünyaya əsl vətənpərvərlik nümunəsi göstərdilər, hərb tariximizdə şərəfli iz qoyub getdilər. Hər iki savaşda qəhrəman, igid, Vətən sevgisilə qəlbləri alışıb-yanan oğul və qızlarımız ölümləri ilə ölümsüzlüyə qovuşdular. Ən uca, ən ali zirvə olan şəhidlik zirvəsinə ucaldılar.

Qarabağ uğrunda gedən döyüşlər xalqımızın övladlarının Vətəni hər şeydən çox sevdiklərini, Azərbaycan adı gələndə canlarını heçə saydıqlarını dünyaya sübut etdi. Bu savaş xalqımızın qəhrəmanlıq salnaməsidir.

Bütöv bir millətin Vətəni sevməsi, vətənpərvər olması onun azadlığı, tamlığı, qurduğu dövlətin tanınması, müstəqil olması və suverenliyi deməkdir. Vətənpərvər olmaq həm də cəmiyyətə, xalqa yararlı şəxsiyyət kimi yetişmək, Vətən üçün çalışmaq, onun qüdrətli olması naminə əlindən gələni əsirgəməməkdir. Bu baxımdan hər kəs yiyələndiyi peşəni mükəmməl mənimsəməlidir ki, Vətənə, dövlətəöz töhfəsini verə bilsin.

Hər bir Azərbaycan vətəndaşı ictimai mövqeyindən, ixtisasından, peşəsindən asılı olmayaraq,lazım olduqda Vətəni müdafiə edən əsgər olmalıdır.

DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, gizir Ariz Aslanov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR