Nostrifikasiya prosesinin uzun çəkməsinin səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur keçirilib.

Metbuat.az-ın məlumatına görə, mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilmiş yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib.


Media-tur zamanı Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən, təhsil nazirinin müşaviri Həsən Həsənli İdarənin fəaliyyəti barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb. H.Həsənli diplomların nostrifikasiyası prosesinin uzun çəkməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, bunun bir çox səbəbləri var. Əsas səbəb sorğulara vaxtında cavab verilməməsidir. Bu isə tərəflərin öhdəliyindən asılı olan məsələdir:

“Sentyabrdan etibarən sorğuların sayını minimuma endirməyə çalışmışıq. Yanvar-fevral aylarında bu sahədə əsaslı dönüş olacağını düşünürük”. Həsən Həsənli bildirib ki, diplomların tanınmasının digər gecikmə səbəblərində biri də odur ki, müvafiq təşkilatlarla işləmələridir: “Müraciətlər olan zaman sərhəd məlumatlarını yoxlamağa çalışırıq. Baxırıq ki, diplom həqiqidir, ali təhsil müəssəsini bitirməsi ilə bağlı arayış verilib, qiymətləri əladır. Ancaq pasportuna baxırsan ki, heç vaxt ölkədən çıxmayıb. Bu sahənin elektronlaşması istiqamətində böyük iş görmüşük. Məlumatların elektron ötürülməsinə çalışırıq, bunun nəticəsində proses müddəti 50 faiz aşağı salınacaq”.

H.Həsənli bildirib ki, gecikmənin səbəblərindən biri də müsahibələrin tələb olunması zamanı olur, səbəb odur ki, bunun üçün vaxt təyin olunmalıdır. Bu bəzi çox hallarda asan olmur. Müraciətlərin əksəriyyəti təhsilini bitirib əsgərliyə gedənlərlə bağlı olur ki, onların da müsahibəyə gəlməyi yenə də zaman alır.

İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli deyir ki, müsahibəni etməkdə məqsəd universiteti bitirib gələn şəxsin sil bilgisini və ya hansısa çətin terminləri soruşmaq deyir. Məqsəd budur ki, əgər həmin tələbə hansısa ölkənin universitetində təhsil alırsa, demək o dili bilməlidir. Bilmirsə, faktiki olaraq ixtisas biliklərinə yiyələnməsi mümkün deyil. Müsahibələr də məhz bu səbəbdən olur ki, həmin dildə ünsiyyət qurmaq bacarıqları yoxlanılır: “Ancaq hamını ixtisasına uyğun yoxlamaq mümkün olur, çünki o qədər resurs yoxdur. Bunu isə işə götürənlər müəyyən etməlidir”.

Həsən Həsənli eyni zamanda qeyd edib ki, gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma çatdırılması üçün işlər görülür: “Tələb olunan sənədlər düzgün şəkildə təqdim edildikdə əlavə vaxt itirilməyəcək. Bakıda yerləşən bəzi xarici ölkə universitetlərinin filiallarında təhsilini bitirənlərin sənədlərinin tanınması prosesi isə daha rahatdır. Çünki həmin universitetlərin proqramları və təşkilati strukturları barədə məlumatımız olur, məzunların siyahısı da rəsmi şəkildə bizə təqdim olunur. Bunlar olduqda digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də müddət minimala düşür. Xaricdə təhsil alınan ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı bizə daxil müraciətlər arasında az sayda problemlər müşahidə olunur. Çalışırıq ki, bunu da vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Təcrübə onu göstərir ki, bu kimi ixtisaslar adətən iqtisadi sahədə özünü göstərir. Nadir hallarda ixtisasın ekvivalentliyini tapmayanda diplom tanınmır”.

Nazirlik rəsmisi qeyd edib ki, diplomların tanınmaması halları daha çox humanitar sahə üzrə təhsil alanlarda olur: ““Saxta təhsil sənədi verən insanlar arasında “diplom fabriki” kimi tanınır. Bu kimi yerlərin sayı ölkələr üzrə mövcuddur. Onları təkrarlamaq bizi əsas problemdən yayındırır. Çünki akkreditasiyası olmayan universitetlər imtinalar arasında olsa da çoxluq təşkil etmir. Böyük əksəriyyət akkreditasiyası olan rəsmi diplom verən universitetlərdir. Aposteldə saxtalaşdırılmış diplomlar olması faktı isə nadir hallarda olur. Bu il üçün olan müraciətlərin sayı 10-dan azdır”.

Nazir müşavirinin sözlərinə görə, müraciətlər arasında bakalavr səviyyəsi üzrə təhsil sənədlərinin tanınması üstünlük təşkil edir: “İdarəyə hər hansı qurum rəhbərliyi tərəfindən çox sayda müraciət də daxil olur ki, onlarda kimsə 10 ilə yaxındır işləyir və diplomu problemlidir. Biz rəy veririk ki, diplom tanınmamalıdır. Ancaq həmin şəxsin işində qalıb-qalmaması rəhbərliyin qərarıdır. Təbii ki, dövlət qurumlarında bu, mümkün deyil, çünki onlar işə qəbul zamanı imtahan və ya hər hansı mərhələdən keçirlər, bu zaman isə mütləq şəkildə diplom tələb olunur. Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir. Dövlət nümunəli təhsil sənədi olan və sonra həmin universitet bağlanıbsa belə həmin şəxs xaricdə təhsil ala bilərlər”.

Nazirlik rəsmisi eyni zamanda qeyd edib ki, təhsil haqqında qanunu və qaydaları pozan şəxslər məsuliyyət daşıyırlar: “Universitetlərə, xüsusilə də özəl qurumlara xarici ölkələrdə təhsil almış məzunlar işə qəbul edilərkən onların diplomları Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən tanınmalıdır. Xaricdə təhsil almış məzunlar - həkimlər, müəllimlər və digər ixtisas sahibləri mütləq qaydada imtahandan – müsabiqədən keçməlidirlər. Əks halda, bütün məsuliyyət təhsil haqqında qanunu pozan şəxslərin üzərinə düşür”.

Akkreditasiya sahəsində görülmüş işlər barədə məlumat verən Nazirlik rəsmisi qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun olaraq 8 ali təhsil müəssisəsinin akkreditasiyası keçirilib, “2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə əsasən isə 12 ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsinə başlanılıb.

İdarənin iş fəaliyyəti ilə də yaxından tanış olduq. Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşı Xalidə Əzizova deyir ki, gün ərzində bir əməkdaş təxminən 30-40 müraciət, ay ərzində isə təxminən 100-150 müraciət qəbul edir: “İşimiz vətəndaşların qəbuludur, onların şikayətlərinə, müraciətlərinə baxırıq. Onların hazır şəhadətnamələrini təqdim edirik”.

Akkreditasiya və Nostrifikasiya İdarəsinin digər əməkdaşı Lalə Bünyatzadə da deyir ki, sənədlərə baxılır, əgər sənədlər qaydasında olursa, müsahibədən keçirsə, sənədləri təsdiqlənir: “Ən çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna universitetlərindən müraciətlər olur. Vətəndaşların gediş-gəlişlərini yoxlayırıq, sənədlərinə baxırıq, müsahibədən keçir, apostol mütləq olmalıdır. Bakalavr və magistrda ixtisaslar eyni olmalıdır, buna da önəm verilir. Birinci elektron müraciət olunur, orada hər kəsin şəxsi kabineti olur. Ancaq vətəndaşların hər hansı sualı yarananda bizə müraciət edir, elektron formada da cavab verilir. Proses təxminən 3-4 ay davam edir. Dövlət proqramı ilə oxuyan tələbələrdə isə proses daha asan olur”.

İdarəyə müraciət edən Əli Cəfərzadə Novosibirsk Dövlət Universitetinin Stomatologiya fakültəsini 2017-ci ildə bitirib: “Təxminən ay yarım bundan əvvəl müraciət eləmişdim. Müsahibə üçün çağırılmışam. Burada işləmək istədiyim üçün sənədlərimin nostrifikasiyadan keçməsini istəyirəm”.

Emil Əsədov isə Dağıstan Xalq Təsərrüfat İnstitutunu bitirib: “Diplomun təsdiqi üçün müraciət etmişəm. Müraciət etdim, başa saldılar elektron formada qeydiyyatdan keçməyi və mərhələ-mərhələ çağırdılar. Təxminən 5 ay əvvəl müraciət etmişəm. Müsahibə mərhələsi də uğurlu oldu, bu gün sənədimi götürməyə gəlmişəm”.

Biz İdarədə olan zaman müraciət edənlərin müsahibə mərhələsi keçirilirdi. Müsahibədə iştirak edən Murad Məmmədov Xarkov Milli İqtisad Universitetinin müəssisə iqtisadiyyatı fakültəsini bitirib: “Bu gün müsahibə mərhələsi üçün gəlmişdim. Müsahibədə özümlə bağlı suallar verildi, rus dilini bilib-bilmədiyim yoxlanıldı. Qiyabi oxuduğum üçün ildə 2 dəfə gedirdim təhsil almağa. Təhsil müddətim 5 il oldu. İndi isə sənədlərimin təsdiqi üçün müraciət etmişəm. Müsahibəni uğurla verdiyimi düşünürəm”.

Qeyd edək ki, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədilə www.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib.

Günay Elşadqızı / METBUAT.AZ

Azərbaycan İlahiyyat İnstitutundan reportaj / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR