Bakı, 29 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı, rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə bu rayonun məktəbliləri arasında inşa yazı və bədii qiraət müsabiqələri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinə təqdim edilən inşa yazılarda ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, dahi rəhbərin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, Ulu Öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edilib.
VII-X sinif şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş şeirlər səsləndirilib.
Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib, onlara medal və diplomlar təqdim edilib.