Yaponiya Nazirlər Kabineti yeni viza sistemi üzrə ölkəyə işləmək üçün gələn əcnəbilərin gündəlik həyatlarında lazımi dəstəyi alması və müvafiq iş şəraiti ilə təmin olunması üçün müvafiq qaydaları təsdiq edib.
Metbuat.az Kyodo agentliyinə istinadla xəbər verir ki, yeni qaydalar Nazirlər Kabinetinin dekabrın 25-də keçirilən iclasında qəbul olunub.
Yaponiya hökuməti kifayət qədər hazırlıq aparılmadan əcnəbilərin ölkəyə işləmək üçün gəlməsinin düzgün olmaması barədə müxalifətin tənqidinə baxmayaraq, çatışmayan işçi qüvvəsini aradan qaldırmaq məqsədilə xaricdən giriş məhdudiyyətlərini aradan qaldırmağa çalışır.
Yeni vizalar üçün müraciətlərin əsasən Asiyanın doqquz ölkəsindən – Kamboca, Çin, İndoneziya, Monqolustan, Myanma, Nepal, Tailand, Filippin və Vyetnamdan daxil olacağı gözlənilir. Həmin ölkələrdən gələcək əcnəbilərin sənayenin 14 sahəsində, o cümlədən tikinti, restoran biznesi, kənd təsrrüfatı və digər xidmət sahələrində çalışacağı planlaşdırılır.