​"2018-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 532 milyon ABŞ dolları dəyərində mal ixrac olunub"

"2018-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 532 milyon ABŞ dolları dəyərində mal ixrac olunub".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayının təqdimatı zamanı bildirib. Departament rəhbəri bildirib ki, bu isə 8 milyard müsbət saldo deməkdir. 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 17,9 milyard ABŞ dolları təşkil edib: "2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon ABŞ dolları və ya 10,5 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3 milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 22%, Qazaxıstana 42% artıb, İsveçrəyə 8%, Gürcüstana isə 3% azalıb". 2018-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,2 milyon ABŞ dolları) ikinci olub. Xurma (89,1 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə 2018-ci ilin yanvar-noyabr ayları ərzində meyvə-tərəvəz ixracı 495 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 110,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,6 milyon, elektrik enerjisinin ixracı 65 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 78,9 milyon, pambıq lifi ixracı 70,9 milyon, kimya sənayesi məhsullarının ixracı 73,3 milyon, pambıq ipliyi ixracı 21,3 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayında pambıq lifinin ixracı 2,5 dəfə, elektrik enerjisinin ixracı 58 faiz, pambıq ipliyinin ixracı 44 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 25 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7 faiz, kimya sənayesi məhsulları 1 faiz artıb. 2018-ci ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 181 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (88,4 milyon ABŞ dolları) başçılıq edib.

Daha sonra bu siyahıda Türkiyənin (27,5 milyon ABŞ dolları), Gürcüstanın (10,6 milyon ABŞ dolları), İsveçrənin (8,9 milyon ABŞ dolları), Ukraynanın (7,8 milyon ABŞ dolları) və digər ölkələrin adları var. Bu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (45,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,5 milyon ABŞ dolları) isə ikinci olub. Bu siyahıda pomidor (12,3 milyon ABŞ dolları) isə üçüncü yeri tutub.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR