ANS PRESS-in məlumatına görə, Sara adlı həmin qız məktəbə gedərkən müdiriyyət ona geyimi ilə bağlı xəbərdarlıq edib. Bundan sonra qız baş örtüyünü açıb. Amma ayaqlarını tamamilə örtən ətəyini dəyişməyəcəyini bildirən zaman qızı məktəbə buraxmayıblar. Saranın getdiyi məktəbin müdiri isə onu 2 dəfə geri qaytararaq deyib ki, "Sara ancaq geyimini dəyişdirərsə, məktəbə buraxılacaq". Lakin Sara uzun ətəyinin dini simvol olmadığını bildirərək geyimini dəyişməyəcəyini deyib.
Müsəlman qızın başına gələnlər sosial şəbəkədə də geniş müzakirə mövzusuna çevrilib. Tvitter istifadəçilərindən biri isə bu xəbərə münasibət bildirərək yazıb ki, "Uzun ətəyi "ağ" adam geyinərsə, şıklıq olur, müsəlman biri geyinərsə gözə girir".
Qeyd edək ki, Fransada bəzi məktəb və litseylərdə şagirdlərin geyimləri onların müsəlman olduğunu açıqca bəlli edirsə, müdirlər onları təhsil müəssisələrinə buraxmırlar.
MənbəANS PRESS