Vəzifə, məsuliyyət, fəlsəfə - Tural İsmayılov yazır

Hazırkı dünya bizə dərin bir ümidsizlik kollapsını xatırladır. Ətrafımızda neqativ aura, media durmadan şüurlara qara xəbərlər ötürür. Cəmiyyət qeybət girdabı içərisində məhv olub gedir.

Yunq öz dövrü üçün xarakterik olan “neqativə tuşlanmış cəmiyyətlər”i gələcək qarşısında ən böyük əngəl hesab edirdi. Onun fikirinə görə, insan şüurundakı sonsuz məkan bir növ insanın həm də məhvidir. Yunq neqativ atmosferin özünü göstərdiyi 3 cəbhədən bəhs edirdi. 1) Neqativ psixologiya- Burada bütöv bir toplumun mənfiliklər üzərində ixtisaslaşmış kimi görünməsi nəzərdə tutulurdu. Fərdi şüurun artıq çoxdan öldüyünü qeyd edən Haydegger fəlsəfəsinin ruhunu da duymaq olur bu yanaşmada. Fərdi şüurun zəifləməsi sonda böyük təlatümlərə səbəb olur, təklərdən törəyən içtimai şüur isə mənfi psixologiya üzərinə köklənir. “Hamının qaramatı təkin işığından güclüdür.” 2) Neqativ mühit- Psixologiya tarixində mühitin kollektiv təfəkkür qarşısında daha dayanıqlı olduğu söylənilir. Ancaq biz praktiki olaraq düşüncə hierarxiyasına nəzər salsaq, bunun başdan-ayağa doğru olmadığını görərik. Hegel də öz ənənəvi fikirlərində mühiti şüurdan üstün hesab edirdi. Çox uzağa getmədən, öz jurnalist həmkarlarımıza nəzər yetirsək, bunun nə qədər haqqlı bir yanaşma olduğuna əmin ola bilərik. Mühiti fərdlər yaradır, amma ona nəzarət mexanizmi itəndə fərdlər külliyatı qarşısında mühit çox nəhəng görünür. Mühitini dəyişə bilməyən adamlar mühitin onu dəyişdiyinin fərqində belə olmurlar. 3) Neqativ toplum- bu yanaşma Yunq arxetiplərində hər şeyin fövqündə dayanırdı. Toplum ən üst pillədə dəyərləndirmək Yunqa qədər də sosioloji düşüncə tarixində əsas meyar idi. Yalnızca 21-ci əsrə qədəm qoyduqda sosiologiya mərkəzləri bu düşüncələrdən qurtulmağa başlayırdı. Sol düşüncədə fərd həmişə kollektivin bir pillə gerisində olsa da, ilk dəfə anarxist filosof Bakunin fərdin haqqlarını çərçivədən kənar izah etməyə başladı. Sonralar əski marksist olan Bakuninin anidən Marksın düşüncələrinə qarşı nifrət və qəzəblə dolu bəyanatları, dünyada böyük qalmaqalla qarşılanan “Tanrı və Dövlət” əsəri də məhz bu fikir ayrılıqlarına görə ortaya çıxdı. Bakunin klassik liberallığa və neoliberalizmə də düşmən idi, sadəcə o tarix fəlsəfəsini daha yaxşı bilirdi və anlayırdı ki, fərdlər bəzən toplumun bütün mexanizmini dəyişməyə qadirdir. Hələ lap qədim fəlsəfədə Empedokl bunun üzərinə həmkarlarından ayrılaraq ciddi tezislər irəli sürmüşdü. Empedokla görə insanın cəmiyytdəki yeri iki başlıca duyğu ilə müəyyənləşir. Birinci sırada qavramaq, ikinci sırada isə məsuliyyət anlayışı. Empedokldakı qavrama ifadəsi bizim başa düşdüyümüz rasional insan təfəkkürü prosesi deyildi. Empedokl “hissən qavramaq“dan danışırdı.

Duyğuların əsarətinə çevrilmədən, amma duyğuları kənara atmadan həyata keçən dərk etmə prosesi də hesab etmək olar. Sonralar qərb dualizminin əsasında Empedoklun bu məşhur yanaşmasından istifadə olunurdu. Məsuliyyət anlayışının sistematik önəmini də ilk dəfə Empedokl fəlsəfədə izah etməyə başlamışdır. Baxmayaraq ki, Platon idealizmində insan idarə etmə mexanizmasında məsuliyyət və “nədənsə ötrü bir cavabdehlik daşıma” əsas şərt idi. Empedoklda məsuliyyət üzərinə söylənən fikirlər öz dövrünə xas olduğu üçün çox da diqqət toplamamışdı. Empedoklun bu mövzuda Platon ənənələrini təkrarlaması çox doğru deyildi. Bu günün beyiniylə həmin dövrlərə qayıdanda bunu açıq-aydın sezmək mümkün olur onsuz da. Filoloji baxımdan cavabdehlik və məsuliyyəti yaxınlaşdıra bilərik və bütöv bir cümlə içərisində bu anlayışların hardasa bir-birini tamamladığına da şahid ola bilərik. Lakin məncə, məsuliyyət fəlsəfi baxımdan cavabdehlik sözündən daha geniş anlayışdır. Dil fəlsəfəsini araşdıranda, ümumiyyətlə, eşitdiyimiz bütün sözlərin və cümlələrin tamam fərqli bir anlam qazandığını görürük.

İkinci bir tərəfdən söz oyunu ədəbiyyatda daha maraqlıdır. Jurnalistikada bu gün rast gəldiyimiz fikir və ideya yoxluğu içərisindəki bolluca söz külliyatı ona görə sıxıcıdır ki, media konkreti göstərəndə daha inandırıcı olur. Şair və yazarların yaradıcılığında söz oyunu estetikaya xidmət edirsə, fəlsəfədə söz oyunu fikirin bitgin və çoxşaxəli olmamasının göstəricisi sayılır. Vitgenşteyn bunun üzərinə çox ciddi araşdırmalar aparmış, ədəbi sferada tanınan fəlsəfəçiləri, anlayışlarla konfiqurasion yanıltma etməyə çalışan həmkarlarını ağır tənqidlərə məruz qoymuşdu. Fəlsəfədə söz oyunlarını ədəbiyyatdan düşüncəyə transfer edən adamların ilk pilləsində Albert Kamyu dayanırdı. Kamyunun “Yad “ əsəri bu gün ədəbi tənqidçilər arasında güclü əsər kimi xarakterizə olunsa da, onun fəlsəfi esselərində və sonrakı solçu fəlsəfəsində ədəbi yaradıcılığının onu nə qədər geri saldığını görə bilərik. Söz fəlsəfəsinə dair Kamyunun sonrakı natamam cəhdləri “Çöküş” əsərini yazdıqdan sonra başladı. “Yad”dakı ölüm, mübarizə və dünya üzərinə fikirlərini burada da davam etdirən Kamyu ədəbi estetikliyə görə fəlsəfi rasionalizmini bir dəfəlik dəfn etdi. Yeni dövrün fəlsəfəsinə qədəm qoyanda yazı adamları məsuliyyət və vəzifə anlayışları arasında parallelər axtarmağa başladı. Buna görə psixologiya “vəzifə şüuru” üzərinə köklənməyə başladı. Vəzifə “insanın özü qarşısındakı məsluyyəti” kimi qiymətləndirilməyə başlandı. Onun müxtəlif sahələr üzrə boyununa götürdüyü məsuliyyətin ismi olmağa başladı. Vəzifə məsuliyyətin bir başa özü oldu hardasa. Sosiologiyada “vəzifə sahibi” dedikdə ona biçimlənmiş işi tet-a-tet həyata keçirən şəsxslər nəzərdə tutulurdu. Psixoloqlar bunun üzərinə vəzifə və məsuliyyət şüurunu izah etməyə başladı. 20-ci əsrə qədər psixologiyada özəlliklə, psixoanalizin güclü təsriləri olur və buna görə məsuliyyət anlayışına qıcıq var idi. Freydistlərin hamısı hesab edirdi ki, insana hansısa məsuliyyəti aşılamaq onun yükümlülüyü halına gəlir və bu da azadlıq ilə çarpışmalara səbəb olur. Halbuki, Ziqmund Freydin özündə insan meyilləri sərbəst olsa da məşhur “at” və “çapar” misalı da var idi, axı. Freyd insan şüurunu “çapar”, onun qeyri-şüuri dünyasını, bütün seksual aktlarını isə “vəhşiləşmiş” hesab edirdi. Deməli, bəri başdan insanın qeyri-ənənəvi yönlərinin sərbəstliyinə inanan Freydi məsuliyyətsizliyi müdafiə etməkdə günahlandırmaq çox yanlış idi. Freyd demirdimi ki, “çapar yaxşıdırsa, at heç vaxt digərlərinə zərər verməz”? İnsanın qeyri-şüuri əksi onun reallığıdır, onu basqılara məruz qoymaq yanlışdır, amma sərbəstliyində nəzarətçi və şüurun kontroluna dayanan baxış olmazsa, bu ilk başda insanın özünə zərərlidir. Vəzifə anlayışı həmin dövrdə daha müstəqil dəyərləndirilirdi. İnsanın yaxşı olmaq missiyası və məcburiyyəti yox idi. Sadəcə ruh fəlsəfəsində və şərqin bəzi kiçik spiritual fəlsəfi cərəyanlarında yaxşı olmaq və yaxşılıqlar etmək bir vəzifə kimi insana yüklənirdi.

Vəzifə hərəkətə keçməkdir. Sadəcə dinləmək, düşünmək və izləmək vəzifəyə zidd sayılır. Borxes vəzifəni “hərəkətin siması” hesab edirdi. Vəzifə fəlsəfədə nəticə hasil edənin adıdır. Özünün məsuliyyət daşıdığın sahə üzrə öhdəliklərini yerinə yetirmək və problemlərdə əməli reaksiya göstərmək qabiliyyətidir. Vəzifə həm də yaratmaqdır. “Yaradıcı adam” anlayışı indi ancaq ədəbiyyat, yazı və incəsənətlə məşğul olan adamlara deyilir, amma fəlsəfədə hər insanın vəzifəsi yaradıcılıqdır. Antik Yunan filosofu Aristotel vəzifə və səlahiyyətin başladığı yeri ailə olaraq görürdü. Əsrlər öncədən antik fəlsəfədə ailənin hər üzvü həm də müstəqil bir fərd kimi dəyərləndirilirdi. Deməli, qədim insan təfəkkürünün çoxdan aydınlaşdırdığı müstəqillik və vəzifə arasındakı əlaqəni çağdaş fəlsəfə hələ də izah etmir. Aristotelə görə vəzifə sahibinin müstəqilliyi onun məsuliyyət daşıdığı digər insanların müstəqilliyindən əsla çox deyildi. Prataqor buna görə vəzifəsi olan fərdləri də ayırırdı. Ona görə, hər insanın təbiət önündə bir vəzifə öhdəliyi var. Bir də digər insanların inkişafı üçün müəyyən vəzifə öhdəlikləri olan insanlar var idi. Və o, onları qrupların və toplumların həyatını işıqlandıran insanlar kimi görürdü. Fəlsəfə tarixinin elə bir dövrü olmayıb ki, vəzifəli insanların aydınlatma funksiyası qeyd olunmasın. Bu məsələlərdə daha ifrat və anti mövqe tutan Trostskidə belə bir həssaslıq mövcud idi. Sokrat vəzifə ilə bağlı yazırdı ki, bunu mənimsəyən insan öncə özünün və ətrafının, daha sonra isə bütöv cəmiyyətin istiqamətini müəyyən edən, aydın fikirə malik olan insanlar olmalıdır. Sokrat “vəzifə qorxusu”nu iyrənc hesab edir. Cəsarəti və özünə əminliyi vəzifənin uğurla həyata keçməsində əsas vasitə hesab edirdi. Qələbənin yolu cəsarətdən asılı idi. Necə ki, Platon buna uyğun “qorxaqlar heç bir zaman zəfər abidəsi tikə bilməz” ifadəsini işlətmişdi. Vəzifə adamı aydınlanmanı öz ölkəsi, toplumu və ətrafı üçün bir məşəl edən adamdır.

Vəzifənin insana bəxş etdiyi sadə bir duyğu deyil. Bu baxımdan görürük ki, psixologiya və sosiologiya fəlsəfədən ayrılıb müstəqilləşsə də, müəyyən məsələlərə yanaşmada onlar arasında ziddiyətlər özünü göstərir. Fəlsəfə insanın vəzifə duyğusu ilə məsuliyyəti arasında bu baxımdan əlaqə yaratmışdır. Vəzifənin uğuru məsuliyyətin dərkindən asılı kimi dəyərləndirilmişdir. Bizim ətrafımızda istər sosial mənada ailədə bir ata kimi, istər mediada bir jurnalist kimi, istərsə də bir sənətkar kimi öz vəzifəsinin öhdəsindən gələ bilməyən, ya da vəzifəsində uğursuzluqlara düçar olan adamların bu qədər tez bir zamanda bitməsi bilirsinizmi, nə ilə əlaqəlidir? Həm insanlar məsuliyyət duyğusundan vicdansızca kənarlaşıblar və bunu özləri üçün çox ağır bir yük qismində görərək, özləri üçün çərçivələr müəyyənləşdirirlər, həm də elə başa düşürlər ki, onlar yalnız övladları və ailəsi qarşısında məsluyyət daşıyırlar. Bu çox bəsit yanaşmadır. İnsan hər şeydən öncə digər insanlar qarşısında, daha sonra isə təbiət qarşısında məsuliyyət daşımalıdır. Bunlar isə sadə idealist “çərənləmə” deyil, dünyadakı ciddi fikir adamlarının dünyanı daha parlaq bir gələcəkdə görmək istəməsinin təzahürləridir.

Fəlsəfədə insan vəzifələri və məsuliyyəti ilə bağlı ən dolğun çalışmaları alman fəlsəfəsinin kultu İmmanuel Kant edib. Kant məsuliyyət anlayışının mahiyyətini etik konsepsiyalarla izah edirdi. O əxlaqi qaydaları bir dərs kimi görürdü. İnsan bu dərsi, tapşırığı etməlidir və bu onun həyatda nə qədər yaxşı bir “yaşam tələbəsi” olmasının qarantı sayılır. Kanta görə əxlaqi məsuliyyət bir asıllılıq yox, qaydadır. Yaxşı bir vətəndaş öz konstitusiyasının qanunlarına riayət etməyə borclu olduğu kimi, yaxşı bir insan da əxlaqi qaydaları mənimsəməyi bacarmalıdır. Bunun əksinə iddia edən “bəzədilmiş” azadlıq anlayışı burada iyrənc görünməyə başlayır. Kant bütün bu anlayışları “Ənənələrin metafizikasına dair” əsərində izah etməyə çalışır. Kanta görə, “dünyada və dünyanın kənarında yaxşı istəkdən başqa yaxşı sayıla biləcək heç nə yoxdur.” Ona görə insan əgər yaxşı olmağı qarşısına məqsəd qoymuşsa, bunun təməli yaxşı istəkdən və yaxşı düşüncədən keçir. Volterin fəlsəfi mühakimələri ilə bir bənzərlik var idi bu yanaşma tərzində. İnsanın əxlaqı onun davamlılığı ilə həmahəngdir. Kant bunu daha aydın belə izah edirdi ki, insan əxlaqı onun vəzifə duyğusu ilə formalaşır. Kant yaradıcılığında rast gəldiyimiz bu tezislər təsəsvvüfdə və islam fəlsəfəsində “təqva” anlayışı ilə davam etmişdir. Ancaq bəzən burada eyniləşdirmə cəhdlərinə də rast gəlirəm. Bunu isə heç doğru və dəqiq bir üsul hesab etmək olmaz. Çünki dinin “təqva” dediyi vəzifə duyğusu özündə ancaq ilahiyyat anlamlı məsuliyyəti ehtiva edirdi. Sosioloji lüğətdə sonralar məsuliyyətin fəlsəfi izahı verildi. 21-ci əsrdən etibarən məsuliyyət “insanın üzərinə götürdüyü vəzifələrə qarşı həssaslığı” hesab edilirdi. Məsuliyyət yalnız etmək istədiklərinin deyil, etmək istəmədiklərinin də dəyərini anlamaqdır. Buna görə Şopenhauer insanın qəbahətini də məsuliyyətsizlikdən törəyən hadisə sayır. Və hesab edirdi ki, səhv edən insan öz məsuliyyətini anlamaq yerinə, başqalarında günah axtamaqla özünü təkmilləşdirmədən, özü-özünü tərəqqidən saxlayır. Dostoyevski yazılarının birində məsuliyyətdən qaçan və özünü inkişaf meyarlarından saxlayan insanları “mənəvi dünyalarının sui-qəsdçisi” adlandırırdı. Məsuliyyət anlayışından çoxlu yeni terminoloji ifadələr yarandı. Bunların bir neçəsinə toxunmaq istəyirəm. Ən çox istfadə edilən və məğzini anlamaqda ləng qaldığımız anlayışlardan biri şübhəsiz ki, hüquqi məsuliyyətdir. Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq normalarını müəyyən edərək, həm də hüquqazidd davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur. Hüquqi leksikonda məsuliyyət anlayışıyla bağlı çoxlu bölmələr mövcuddur. Məsələn, inzibati məsuliyyət anlayışına tez-tez rast gəlirik. Bu gün bəşər insanı üçün daha təhlükəli olanı şübhəsiz ekoloji məsuliyyət duyğusunun zəifliyidir. Qısaca, onu da qeyd edim, ekoloji məsuliyyət izahı da iki formada mümkündür. Hüquqi leksikondan yanaşsaq buraya təbiətə vurduğu zərərlərin miqyasına, ekologiyanı korlamağa görə müəyyənləşmiş hüquqi cəzalar mexanizmi anlaşılır. Vitgenşteynin fəlsəfəsində isə “cəzadan kənar məsuliyyət” anlayışı fərqləndirilir. Onsuz da , hüququn dilində məsuliyyət bir başa məsuliyyətsizlikdən törəyən cəzaların konstitusional izahıdırsa, fəlsəfənin dilində məsuliyyət və məsuliyyətsizlik anti-tezislər formasında izah olunur.

Yazının əvvəlində qeyd etdiyim kimi, indi ətrafda məsuliyyətsizlik nəticəsində o qədər ciddi problemlər baş verir ki, bunlara qarşı vaxtında bir münasibət qoymayanda, sonralar hamımız bunun acısını öz üzərlərimizdə hiss edirik. Əxlaqlı olan, düzgün düşünməyi bacaran hər bir vəzifə sahibi fərdlər qarşısındakı məsuliyyətini anlayır. Bunun əksini öz cismində daşıyanlar isə nə hüquq, nə vicdan, nə də insanlar qarşısında utanmır, sanki səbəb olduğu neqativlər olmalıymış kimi, həyasızcasına öz ömrünü davam etdirir. Sanki digər insanların ömürü yoxmuş, sanki səbəb olduqları şeylər təbii imiş kimi. Bir misal kimi yazım. Məsələn, stomatoloq öz vəzifəsinin məsuliyyətini anlamalıdır, bütün ləvazimatları zamanında dezinfeksiya etməyi vicdanı qarşısında yəqin etməlidir. Onun məsuliyyətsizliyi səbəbindən bir ailə bayram günündə Hepatit C sürprizi ilə qarşılaşanda və üzünə deyəndə, ləyaqətsizcəsinə “mən istəməzdim belə olsun” yerinə, vaxtında tədbir almağı bacarmalıdır. Harda olmağımızdan, hansı vəzifəni daşımağımızdan asılı olmayaraq insan məsuliyyətinin önəmini dərk etməyi bir mənəvi öhdəlik kimi anlamalıyıq.

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı