Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnfrastrukturun monitorinqi və Universal dizayn konsultasiya, layihələndirmə, istehsalat mərkəzi” layihəsini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, layihənin icrası müddətində infrastrukturun əlilliyi olan şəxslər üçün uyğunluğunun monitorinqi aparılacaq. Eyni zamanda, bərabər imkanların yaradılmasını təmin etmək üçün “Universal dizayn konsultasiya, layihələndirmə, istehsalat mərkəzi”nin hüquqi və texniki əsası yaradılacaq. Mərkəz maarifləndirmə, mövcud vəziyyətə uyğun layihələndirmə, avadanlıq istehsalı və təminatı ilə uyğunlaşdırmanın aparılması funksiyalarını həyata keçirəcəkdir.
Qeyd edək ki, bu fəaliyyət bərabər imkanların yaradılması üçün növbəti mərhələdir. Bundan əvvəl təşkilat problemin ictimailəşdirilməsi, maarifləndirmə, standartların hazırlanmasına dair müxtəlif tədbirlər həyata keçirib.