​Vahid Əliyev: "Sağlığında qiymət verin insanlara"...

Onunla yol gedirik. Söhbət edə-edə. Ona qulaq asıram və mənə elə gəlir ki, bu yaşıma qədər barmaqla sayılacaqqədər səmimi saf insanların arasında o lap ön cərgədədir. Tanımadığımız adamlar ona salam verir, hal əhval tutur... Və o buna alışqandır...

Müsahibim Gənc Tamaşaçılar Teatrının əməkdar artisti, özünə şair deməsə də bir çox şerləri ilə bəzilərinə meydan oxuyan Vahid Əliyevdir.

- Bu gün Vahid Əliyev nədən ilham alaraq yaşayır?

- Ən çox təbiətdən... Tanrının yaratdığı güldən, çiçəkdən... Daha sonra öz işimdən, rollarımdan, bir də dostlardan...

- Sizi tez-tez efirdə ekspert kimi görürük. Bu bir boşluqdan irəli gəlmir ki ?... Teatrdakı boşluqdan?

-Bu da lazımdı... Əgər lazımamsa, niyə də yox... Bəzən bir söz belə, ehtiyacı olana məlhəm ola bilər, inanın...

- Aktyor sənətində əsas nədi sizcə?

-Müşahidə qabiliyyəti... Mütaliə... Iki cür aktyor var, biri var yaradıcı, biri var icracı... Mən 1-ci dənəm və həmişə rejissorlarla məsləhətləşirəm, onun nə istədiyini bilməliyəm ki, yarada bilim.

- Teatrdakı rollar sizi qane edirmi?

-Müxtəlif cür olur... Hazırda bir neçə tamaşada məşğulam. Uşaq tamaşaları da daxil. Amma hər aktyorun oynamaq istədiyi bir rol mütləq var... Mən də klassik iki əsərdə oynamaq istərdim... "Kral Lir", "Kvazimoda". Sağlıq olsun.

- Ailədə yolunuzu davam etdirən varmı?

-Bir oğlum, bir qızım var. Oğlum Ramil Əliyev Rus Dram teatrının aktyorudu. Həm də KVN teatrından tanınır.

- Bildiyimə görə 1975, 1978 ci illərdə sizi rus teatrlarında aktyor kimi saxlamaq istəyiblər...

-Bəli.. Bu belə də olub. Sadəcə anamın bir kəlmə "qayıt Azərbaycana" sözü məni saxlayıb. Çünki anama hədsiz bağlı bir insan olduğumdan onun sözündən çıxa bilməzdim.

- Çox ciddi şerləriniz var ki,insanı düşündürür... Sizə şair-aktyor demək olarmı?

-Yox mən öncə aktyoram və bu işin professionalıyam... Şeirlər isə düşüncələrin, ağrı acıların məhsuludur ki, ürəyini boşaldırsan..

- Teatrın ağır günlərini ləyaqətlə yaşadınız. Pulsuz da qaldız, ailədə sıxıntılarınız da oldu. Amma heç zaman ona xəyanət etmədiniz. Mükafatınız nə oldu sizcə?

-Bəli, çox sıxıntılı günlərim olub. Aylarla qastrol səfərləri, maddi çətinlik... Bunlara sinə gərmişəm... Çünki içimdə böyük sənət sevgisi olub.. Təmənnasız sevgi.. Çox təəssüf ki,indi maddiyyat mənəviyyatı üstələyib.

- Sizi, sənətinizi sevən insanlara sözünüz?

- "Sağlığında qiymət verin insanlara"...

Təranə Feyzullayeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR