Bakı, 1 may, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, iş planı ilə nəzərdə tutulmuş, o cümlədən bir sıra nəzarət tədbirləri ilə bağlı: dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan Sabirabad Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Oğuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.
