İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qəbul qrafikinə uyğun olaraq 2019-cu ilin fevralın 6-da vətəndaşları qəbul edib.

Metbuat.az xəbər verir ki, qəbul zamanı vətəndaşların sualları əsasən icbari tibbi sığortanın tətbiqi, müayinə-müalicə və s. məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə cari ildə Agentliyin rəsmi internet saytında vətəndaşların qəbulu cədvəli yerləşdirilmiş, qəbula yazılmaq üçün elektron poçt ünvanları qeyd edilmiş və xüsusi elektron bölmə yaradılıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Agentlik tərəfindən vətəndaşların icbari tibbi sığortanın tətbiq edildiyi pilot regionlarda (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) qəbuluna xüsusi diqqət yetirilir. Belə ki, 2018-ci il ərzində Agentliyin İdarə Heyətinin sədri tərəfindən ümumilikdə 231 vətəndaş qəbul edilmişdir. Onların 141 nəfəri ilə pilot regionlarda səyyar qaydada qəbul keçirilmişdir. Səyyar qəbullar pilot ərazilərdə həyata keçirilən işlərin mövcud vəziyyətinin yerində öyrənilməsi, müsbət nəticələr, vətəndaş məmnunluğunun əldə edilməsi və problemlərin həlli yollarının müəyyən olunması üçün əhəmiyyətli rol oynamışdır. Qeyd edək ki, 2018-ci il ərzində keçirilmiş qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 46%-i öz müsbət həllini tapıb.