Şəki, 1 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 1-dən Şəkidə Ulu Öndərə həsr olunmuş xatirə günləri başlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirlər planına uyğun olaraq, mayın 1-dən başlayaraq şəhərdə fəaliyyət göstərən ayrı-ayrı əmək kollektivlərinin, məktəbli və tələbələrin, gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilir. Mayın 4-də Mərkəzdə ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə növbəti açıq dərs keçiriləcək.
Xatirə günləri çərçivəsində rayonun ali, orta ixtisas və ümumtəhsil məktəblərində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik seminarların, müəssisə və təşkilatlarda “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev və gənclər siyasəti” mövzularında elmi-nəzəri konfransların keçirilməsi, məktəblilər arasında inşa yazı və şeir müsabiqələrinin, müxtəlif idman növləri üzrə yarışların, Rəsm Qalereyasında Şəki rəssamlarının əsərlərindən və sənətkarların əl işlərindən ibarət sərginin təşkil edilməsi nəzərdə tutulub.
Xatirə günlərinə mayın 10-da Gül bayramı ilə yekun vurulacaq.