“Vəkilliyi dövlət məmuru statusuna çevirməklə nə əldə
edirik? Vəkillikdə iki mərhələli imtahana nə ehtiyac var. Şifahi
imtahandakı sualların bəzisini yazılı imtahana salınmaqla məsələni
həll etmiş olarıq”.
Publika.az xəbər verir ki, bu sözləri millət
vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliyin
müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, vəkilliyə qəbulu asanlaşdırmaq
lazımdır:
“Şifahi imtahanda bu peşəyə qəbul olanların nitq qabiliyyəti
yoxlanıla bilər. 100 nəfərdən 1-inin nitqində problem ola bilər.
Lakin 1 nəfərə görə iki mərhələli imtahan keçirmək doğru deyil.
Əgər kimsə yaxşı vəkil olmayacaqsa, insanlar müraciət
etməyəcək.
Vəkilliyə qəbul imtahanından kəsilənin təkrar imtahan üçün bir il
gözləməsi doğru deyil. Bu işsizliklə bağlı da ciddi məsələdir.
Prosesi bu cür mürəkkəbləşdirməyin nə faydası var? Biz nümayəndəlik
institutunu ləğv etdik, bunu da doğru hesab etmirəm. Mövcud
vəziyyət göstərir ki, vəkilliyə daxil olanların sayının
artırılmasına şərait yaratmaq istəmirik. Vəkil hazırlıqsız
olacaqsa, kimə nə ziyan olacaq? Sadəcə müştərisi olmayacaq”.
Spiker Oqtay Əsədov isə millət vəkilinin fikri ilə
razılaşmayıb:
“Vəkillik məsələsini çox aşağılayırıq. Onlar əhaliyə, dolayısı ilə
dövlətə xidmət edir. Nə üçün əhaliyə, dövlətə xidmət edən bu
şəxslərin işi belə aşağılanmalıdır. Vəkillər savad baxımdan
prokurorluqla eyni səviyyədə olmalıdır. Yaxşı imtahan verməyənlər
bir il daha hazırlaşmalıdır”.
Gülxar