ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfriliyindən Milli.Az-a verilən məlumata görə, Konqres üzvü bəyanatında Xocalı şəhərini və həmin faciəli günlərdə həlak olmuş Xocalı sakinlərinin xatirəsini anaraq Azərbaycan xalqının kədərinə qoşulduğunu bildirib və dərin hüznlə başsağlığı verib.

V.Foks 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 nəfər Azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.

Konqres üzvü həmçinin Azərbaycan Hökumətinin ABŞ-ın dəyərli tərəfdaşı olduğunu bildirərək regionda Amerikanın əsas müdafiəçisi kimi çıxış etdiyini qeyd edib.

Sonda Konqres üzvü Xocalı faciəsində həyatını itimiş insanları yad edərək Azərbaycan xalqına dərin ehtiramını bildirib.

Milli.Az