“Müharibəyə yola düşəndə dövlət məmuru vəzifəsində çalışırdım”

Metbuat.az ikinci qrup Qarabağ əlili Zadiq Mustafayevlə olan müsahibəni təqdim edir:

- Zadiq müəllim, gəlin söhbətimizə tanışlıqdan başlayaq.

- 1957-ci ildə Tərtər rayonunda doğulmuşam və tarixçi olmaq arzusu məni Bakıya gətirib. 1984-cü ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra müxtəlif sahələrdə çalışdım. Orduya getməzdən öncə Bakının Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətində işləyirdim. İndi çoxlarının dediyi kimi, dövlət məmuru idim.

- Bəs orduya nə vaxt getdiniz?

- 1992-ci ilin sentyabrında. Ehtiyatda olan leytenant kimi düz bir ay poliqonda təlim keçdim. Sonra iki taborla birlikdə ön xəttə yola düşdük. Ağdərə istiqamətində ağır döyüşlər gedirdi, bizi də oraya apardılar. Onda Nəcməddin Sadıkov həmin istiqamətdə hərbi əməliyyatlara cavabdehidi. Bizim tabor da onun rəhbərliyi altında idi. İndi bəzi ağzıgöyçəklər deyir ki, kimlərsə o vaxt döyüşməyib, döyüşləri düzgün idarə etməyib və s. Tamamilə yalandır, ermənilərdən silah-texnika sarıdan on qat zəif olsaq da ürəklə döyüşürdük. Tərtərin qorunub saxlanması üçün var qüvvəmizi əsirgəmədik. Düşmən güclü havadarına güvənirdi, silah-sursatı, yüksək təminatı var idi. Onlarla müqayisədə biz demək olar əliyalın idik.

- Hansı döyüşdə yaralandınız?

- 1993-cü ilin mart ayı idi. Erməni silahlı bölmələri Tərtər-Goranboy istiqamətində strateji mövqelərdə möhkəmlənmək istəyirdi və bu məqsədlə xeyli qüvvə ilə hücuma keçmişdi. İlk döyüş martın 22-də oldu. İki tank, şox sayda texnika sıradan çıxarıldı. Ən ağır, şiddətli döyüşümüz martın 28-də baş verdi. Bizdən ölən və yaralananlar az olmadı, amma düşmən də müqaviməti hiss edib geri çəkildi. Bir neçə zabit həmkarım, dəyərli əsgərlərimiz həmin döyüşdə şəhid oldu. Qaradağ rayonundan 6 bacının bir qardaşı var idi, baş leytenant Ərəstun Kərimov, yanımda həlak oldu. Bəlkə də ailədə tək oğul olduğuna görə ona möhlət düşürdü, amma Ərəstun rəhmətlik bu güzəştdən imtina etmişdi. Baş leytenant Mövlud İsgəndərov da şəhid oldu. İnqilab Nəzərov adlı starşinamız var idi, Əfqanıstan müharibəsini görmüşdü, çox cəsur, igid döyüşçü idi. İsayev Nurəddin matros idi, bizim tabora könüllü gəlmişdi. Müharibədə vəzifə bölgüsü olmur, tabor döyüşə girəndə hamı vuruşurdu, ya zabit, ya da sıravi əsgər, fərq eləmirdi. Düşmənlə mübarizədə əsgərləri ruhlandıran əsas amil də komandirin onlarla çiyin-çiyinə döyüşməsidir. Bunu aprel savaşı da sübut etdi. Haqqında danışdığım döyüşdə 38 nəfər şəhid verdik, 46 nəfərimiz isə yaralandı. Ağır yaralılar çox idi, bizi Bakıya gətirdilər...

- Eşitdiyimə görə övladlarınızdan biri hərbçidir.

-Bəli, oğlum Elçin zabitdi, 2002-ci ildə Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Sonra ali hərbi təhsil aldı və bir il də Təlim -Tədris Mərkəzində oxudu. Heç bir övladımın peşə seçiminə müdaxiləm olmayıb. Amma Elçin hərbçi olmaq qərarını bildirəndə sevincimdən gözüm yaşardı. Axı o mənim yolumu davam etdirəcəkdi. Bəziləri övladlarını hüquqşünas, həkim, biznesmen görmək istəyir, amma mənə elə gəlir ki,Vətən üçün, millət üçün ən vacibi hansıdır, onu seçmək lazımdı.

- Müharibə əlili kimi dövlət sizə necə qayğı göstərib?

- Naşükür deyiləm, əlil zabit kimi bütün hüquqlarım dövlət tərəfindən təmin olunur. Prezident təqaüdü alıram, ailəmizə Pirallahı rayonu ərazisində tam təmirli mənzil veriblər. Mənə evin açarı təqdim ediləndə 243 nəfər ailə də mənzil aldı. Hamısı müharibə əlilləri, şəhid ailələri idi. Yadımdadır, 100 nəfər əlilə də maşın verildi. O vaxtdan bəri dövlətimiz bu cür təbəqələrdən olan nə qədər adama ev, maşın verib. Bu yaxınlarda cənab Prezidentimiz əvvəlki illərdə sığorta pulu almış bütün şəhid ailələrinə yenidən 11 min manat həcmində birdəfəlik yardım verilməsi haqqında çox humanist bir addım atdı. Bu nə qədər adamın maddi vəziyyətinə kömək oldu. Nə qədər şəhid ailəsini dövlət başçısı şəxsən qəbul etdi, onları dinlədi, qayğılarından xəbər tutdu. Bir şəhid anası ayağa qalxmağa çətinlik çəkəndə Prezident onu gördü və dərhal tribunadan düşüb onu qarşıladı. Tam səmimi deyirəm, ekran qarşısında bu mənzərəni sakitcə seyr edə bilmədim.

- Zadiq müəllim, nə işlə məşğulsunuz?

- Orta məktəbdə müəllim işləyirəm, çağırışaqədərki hazırlıq fənnini tədris edirəm. Bu gün Azərbaycanda gənc nəslin vətənpərvərlik tərbiyəsindən ağızdolusu danışmaq olar. Elə bir ailə yoxdur ki, övladı xidmətdə olmasın. Hər bir valideyn, ata-ana fəxr duyur ki, övladı Azərbaycan Ordusu sıralarında xidmət etməklə həm sabahın layiqli vətəndaşı, həm də Vətənimizi qorumağa hazır olan döyüşçü kümi formalaşır. Gənc nəslə ilkin hərbi vərdişlərin aşılanmasında az da olsa zəhmətim olduğu üçün xoşbəxtəm.

- Müharibə hələ bitməyib, bizi qarşıda ciddi sınaq gözləyir...

- Müharibənin başa çatmamasının günahkarı biz deyilik. Çox təəssüflənirəm ki, müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edən qüvvələr ölkəni müharibə qanunları ilə idarə edə bilmədilər. Bu gün sağlamlığım imkan verməsə də, haqq savaşımızda iştirak etməyə hazıram. Şərt deyil ki, silah götürüb döyüşəsən, əsgərlərimizə yardımçı olaram, onlara çörək-su daşıyaram. Əslində bu gün elə bir hazırlıqlı ordumuz var ki, kənardan köməyə ehtiyac yoxdur.3 il əvvəl aprel döyüşlərində də minlərlə gənc cəbhə bölgəsinə axışıb gələndə ordu komandanlığı bildirmişdi ki, heç bir əlavə köməyə ehtiyac yoxdur. 15-20 il əvvəlki ordu ilə müqayisədə bu gün sözün həqiqi mənasında qüdrətli ordumuz var. Azərbaycanın elə bir cəbhə xətti yoxdur ki, orada əsgərlər üçün müasir şərait yaradılmasın. Biz o vaxt yeməyə çörək tapmırdıq, amma bu gün döyüş postunda əsgər milli yeməklərlə təmin olunur. Əsgərin yatağı, geyimi, hamısı qaydasındadır. Kim inanmaq istəmirsə, eşitdiyimə görə Müdafiə Nazirliyi “Açıq qapı” günləri təşkil edir, təşrif buyursun və hər şeyi də öz gözü ilə görsün. İnanıram ki, qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı son qarışına kimi işğaldan azad edəcəkdir.

- Sağ olun. Arzu edirəm ki, Qələbə günümüzdə görüşmək bizə nəsib olsun.

- İnşallah!.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR