"Ombudsmanın illik məruzəsi yüksək diqqətə layiqdir.
Hesabat Azərbaycanda Ombudsmanın fəaliyyəti haqqında əyani təsəvvür
yaradır".
Publika.az xəbər verir ki, bu sözləri Milli
Məclisdə çıxışı zamanı Elm və təhsil komitəsinin sədri, akademik
İsa Həbibbəyli deyib.
O, maarifliçik sahəsində Ombudsman institutunun keçirdiyi
tədbirləri mühüm hadisə kimi qiymətləndirib:
“Mən hesabatda bu qurumun beynəlxalq səviyyədə apardığı fəaliyyəti
ayrıca qeyd etməyi lazım bilirəm. Bu fəaliyyət müxalif düşərgədə
insan hüquqlarını alverə çevirənlərə ciddi cavabdır.
Hesabatda təhsil sahəsində aparılan işlər haqqında verilən
informasiyanı bu sahədə ölkədə həyata keçirilən siyasətin
reallığını əks etdirən təqdimat kimi qiymətləndirirəm. Görünür ki,
Elmira xanım və komandası ölkədə gedən proseslərin içindədir və
özləri də əlindən gələni edirlər”.
Bununla belə akademik illik məruzədə qəbul imtahanlarının yekun
qiymətləndirirlməsinin nəticələri haqda ifadə olunan narahatlığa
aydınlıq gətirmək istədiyini bildirib:
“Narahatlığın səbəbi orta məktəbləri bitirən şagirdlərin birinci
sinifdə oxuyarkən fənn kurikulumlarından gələn mürəkkəbliklə
bağlıdır. Biz Elm və təhsil komitəsində bununla bağlı müzakirələr
apardıq. Bu müzakirələrdə Təhsil Nazirliyinin nümayəndələri də
iştirak etdi. Biz yeni fənn kurikulumlarının aparılmasını
məqsədəuyğun hesab etdik. Hesab edirəm ki, təkmilləşdirilən yeni
fənn kurikulumları tətbiq ediləcək və narahatlıq aradan qalxacaq.
Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi də sualları tərtib edərkən
fənn kurikulumlarında mürəkkəbliyi nəzərə alıb. Açıq və qapalı
suallar şagirdlərin qavradığı şəkildə tətbiq edilib”.