Bilik Fondu İnsan Hüquqları İnstitutu ilə saziş imzaladı (FOTO)

Bilik Fondu İnsan Hüquqları İnstitutu ilə saziş imzaladı (FOTO)
17:28 14 Yanvar 2015
143 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu arasında saziş imzalanıb.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, İnsan Hüquqları İnstitutunda Bilik Fondunun nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Bilik Fondu ilə İnsan Hüquqları İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi və hüquqi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi və müştərək layihələrin həyata keçirilməsi məqsədilə saziş imzalanıb.

İmzalanma mərasimində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov maarifçilik missiyasının həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin eyni amal ətrafinda birləşməsinin vacib olduğunu deyib.

İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva imzalanan sazişdə əks olunan öhdəliklərə tərəflərin böyük həvəslə əməl edəcəklərinə, bununla da ölkə əhalisinin bilgiləndirilməsinə töhfə verəcəklərinə əminliyini bildirib. Onun sözlərinə görə, İnsan Hüquqları İnstitutu Bilik Fondu ilə əməkdaşlığa hazırdır, Fondunun elmi müəssisələrlə sıx əlaqələr qurması elmin inkişafına, cəmiyyətin maariflənməsinə böyük təkandır.

Əməkdaşlıq haqqında sazişə əsasən, tərəflər Azərbaycan Respublikası əhalisinin hüquqi biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlərin, vətəndaşlar arasında hüquq və vəzifələrinin öyrənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq çərçivəsində gələcəkdə azərbaycançılıq ideyasının, milli mənəvi, hüquqi və dini dəyərlərin, ölkəmizə qarşı xarici təcavüzlərin beynəlxalq aləmə çatdırılması məqsədilə bir neçə dildə geniş həcmli elektron informasiya portalının yaradılması planlaşdırılır. Bundan əlavə, Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə kitablar, bukletlər, broşürlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması əsas məqsədlərdən hesab olunur.

Bilik Fondu artıq Bakı Slavyan Universiteti, Azərbaycan Turizm Universiteti ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR