Məşhur stilist-rəssam Nərmin: “İmkanım olsaydı, hönkür-hönkür ağlayardım” - FOTO/MÜSAHİBƏ

Məşhur stilist-rəssam Nərmin: “İmkanım olsaydı, hönkür-hönkür ağlayardım” - FOTO/MÜSAHİBƏ
10:03 13 Mart 2019
129 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış stilist və rəssam Nərmin İbrahimova Publika.az-ın suallarını cavablandırıb.

- Nərmin xanım, təsviri incəsənətlə tanışlığınızı necə xatırlayırsınız?

- Rəssam ailəsində böyümüşəm. Atam Zahid Məmmədov rəssamdır, bu sənətə maraq bilavasitə ondan keçib. Uşaq gözünü açıb nə görürsə, istər-istəməz ona qarşı həvəs oyanır. Lakin atam heç istəmirdi ki, rəssam olum. O çalışırdı ki, məni başqa istiqamətə yönləndirsin. Böyük "müharibə"dən sonra gördü ki, məndə rəssamlığa böyük sevgi və həvəs var. Odur ki, razılaşdı. 6 yaşımdan bəri rəsm çəkirəm.

- Yaradıcılığa sizi nə ruhlandırır, ilham mənbəyini hardan alırsınız?

- İlk növbədə atamdan. Atam idealım olub, ailə qurmazdan əvvəl arzu edirdim ki, gələcək həyat yoldaşım atam kimi yüksək keyfiyyətlərə malik olsun. Çünki atamla övlad-valideyn münasibətlərindən əlavə çox yaxın dostuq. Bu baxımdan bəxtim gətirib ki, həyat yoldaşım həm çox gözəl insan, həm də qayğıkeş bir dostdur. Turan heç bir işdə mənəvi dəstəyini əsirgəmir, aramızda mənəvi bağlılıq və doğmalıq var. Bir sözlə, etibar edə və arxalana biləcəyim əsas insandır. Həmçinin oğlumdan və həyatın istənilən gözəlliklərindən ilham alıram.

Amma demək olmaz ki, bütün işlərimi pozitiv əhval-ruhiyyədə çəkmişəm, əksinə depressiya məni yaratmağa daha çox sövq edir. Rənglərin kətan üzərində rəsm əsərinə çevrilməsi yolu ilə neqativ duyğulardan azad oluram. Yaradıcılığımda məni incidən insanların müəyyən payı var. Qadınlar çox incə varlıqdır, bütün bunlar qəlbimizdə bu və ya digər şəkildə iz qoyur. 15 ildir ki, vizajist və stilist kimi fəaliyyət göstərirəm. Bu illərdə xətrimə dəyən xanımlar oldu, onların başqa simasını da gördüm. Olub ki, yaxın bildiyim insanlara mənəvi baxımdan böyük dəstək olmuşam, ürəyimə yaxın buraxmışam, amma bu yaxşılığın əvəzində onlardan zərbə almışam. Belə hadisələr yaradıcı adama bu və ya digər şəkildə təsir edir.

Mənfi hallarla yükləndiyim anlarda daha məhsuldar işləyirəm. Sanki mənfini müsbətə çevirən sirli bir qüvə peyda olur. Bu zaman yaratdığım əsərlərdə kədərli emosiyalar hiss olunsa da, bu, mənəm. Çəkdiyim bütün rəsmlər emosiyalarımın əksidir. Onlar böyük dünya ilə təmasda olan qəlbimin kiçik bir hissəsidir. Təsviri sənət mənim gündəliyimdir. Mənim də planetimizdə yaşayan digər insanlar kimi böyük duyğu və hisslərim var. Məhz emosional təlatümlər həyatımıza faktiki olaraq rəngarənglik gətirir ki, rəssam da bundan öz palitrasında istifadə edir.

- Bizim ən yaxşı tənqidçimiz yaxınlarımız və doğmalarımızdır. Atanız çəkdiyiniz əsərlərlə bağlı öz iradlarını bildirir?

- Hər hansı işə başlamazdan əvvəl onunla məsləhətləşirəm. Özü hazırda rəssamlıqla məşğul olmasa da, interyer-dizaynerdir. Əsərin hazırlanma prosesində gözü daim telefonda olur ki, foto yollayacam. Lazım gələndə öz təkliflərini bildirir və məni istiqamətləndirir. Texnika baxımdan onunla hərtərəfli razılaşıram, amma ideya və duyğularım mənə nəyi diktə edirsə, onu ifadə edirəm. Hisslərimi heç kimlə müzakirə etmirəm. Əsərin ideyası özümə aiddir.

- Hansı hissləri hansı rənglərin vasitəsi ilə ifadə etməyə üstünlük verirsiniz?

- Bu, ovqatımdan asılıdır. Əgər xoş ovqatdayamsa, rənglər və çalarlar daha açıq olacaq. Amma hər hansı bir işimdə tünd rənglər üstünlük təşkil edirsə, bu, o əsəri çəkərkən əhval-ruhiyyəmin yüksək olmadığını bildirir. Əhvalım yoxdursa, süni xoşbəxtlik yarada bilmirəm, süniliyi sevmirəm.

Nə halda oluramsa, onu da təsvir edirəm. Həyat yoldaşım bəzən deyir ki, Nərmin artıq pessimist işlərdən çəkil, daha nikbin əsərlər çək. Deyirəm ki, mənə toxunmayın, duyğularım mənə diktə edirsə, onu da rəsmə çevirəyəcəm.

- Keçən ay Muzey Mərkəzində baş tutan sərginizdə tənhalığa bürünmüş kədərli qadın obrazları diqqətimi çəkdi. Bu qədər kədər və tənhalığın mənbəyi nədir?

- Bunu çoxları deyib. Şükürlər olsun ki, gözəl ailəm, oğlum və işim var. Təbii ki, ailədə xoşbəxt qadın ola bilərəm. Lakin qadınlara həmişə yüksək dəyər vermişəm, onların yaşadığı ağrı-acı hər hansı şəkildə qəlbimə sızır. 31 yaşım var, 17 yaşımdan işləyirəm. Bu illərdə böyük təcrübə qazandım, iş prosesində onlarla ünsiyyət qururam, dinləmə qabiliyyətim çox gözəldir, müəyyən mənada psixoloq olmuşam. Gün ərzində həyat yoldaşımdan çox qadınlarla ünsiyyətdə oldum.

Qadınların dərdinə həmişə şərik olmuşam, sanki onların problemləri ilə yoğrulmuşam. Onların ağrılarını şüuraltında özüm yaşayırdım və evə gəlib çatana qədər bütün bunlar məndə yığılırdı, bu enerjini kətan üzərinə boşaldıram ki, sakitləşə bilim. Sadaladığım amillər işlərimdə öz əksini tapıb. Nə yaşamışamsa, nə hiss etmişəmsə, onların hər birini rənglərin dili ilə tabloya çevirmişəm. Hər hansı bir rəsm əsərini sərgi xətrinə işləməmişəm, hər birinə öz ürəyimi qoymuşam, mənim üçün əzizdirlər. Odur ki, əsərlərimi satışa çıxarmaq asan deyildi.

- Yaradıcılıq prosesində qadınların mənfi, yoxsa müsbət tərəflərini daha çox kəşf elədiniz?

- Ümumiyyətlə, qadın çox ağır qüvvədir. Allah qadına ilahi bir güc verib, biz daha çılğın və emosionalıq, əsasən hisslərimizlə hərəkət edirik. Kişilərdə isə məntiq güclüdür, onlar bir çox məsələlərdə ürəksizdir. Biz sevdiyimiz insanların yolunda özümüzü qul-kölə edə bilirik. Təbii ki, bütün qadınlara da müqəddəs varlıq və ana demək olmur, pisi də, yaxşısı da var. Lakin qadınları mühakimə etməyi və qınamağı sevmirəm. Yəqin ki, qadını pis yola düşməyə vadar edən səbəblər var və bunun arxasında bəlkə də kişilər dayanır... Qadınları sevdiyim üçün onları müdafiə edirəm. Qadın səbəbsiz yerə heç kimə pislik etməz, ona bir addım atsanız, o, ömrünü sizin yolunuzda fəda etməyə hazır olur.

- Konsertlərdə izdiham olması normaldır. Amma bu dövrdə tamaşa və sərgi salonlarına çoxlu insan toplaşması bizim üçün adi hal deyil. İlk sərginiz olmasına baxmayaraq, xeyli insan gəlmişdi. Bu sərgi sizdə hansı təəssüratlarla yadda qala bildi?

- Bu qədər insan gələcəyini gözləmirdim. Aydın məsələdir ki, xanımlarla çalışdığım üçün sərgidə həmcinslərim üstünlük təşkil edirdi. İmkanım olsaydı, kənara çəkilib, hönkür-hönkür ağlayardım. Makiyaj etdiyim xanımlar üzərində ciddi çalışmışam, onlara müştəri gözü ilə baxmamışam. Ötürdüyüm sevginin nəticəsidir ki, onlar bu duyğunun qarşılığını sərgimə gəlməklə ödədi. Təbii ki, bu da böyük sevgidən irəli gəlir.

Sərgidən əvvəl içimdə bir narahatçılıq var idi, fikirləşirdim ki, görəsən, məni tək qoymayacaqlar ki... İzdihamı görəndə anladım ki, bu 15 ildə onlara ötürdüyüm müsbət enerji boşa getməyib.

- Amma o da sirr deyil ki, rəssamların maddi durumu yaxşı deyil.

- Təəssüf. Rəssamlıqdan pul qazanmıram, sərgidə bir neçə işim satıldı. Amma o sərginin təşkil olunmasına satılan rəsmlərdən əldə etdiyim məbləğdən daha çox pul xərcləmişdim. Vizaj sənətindən qazandığımı rəssamlığa qoyuram. Kətan, boyalar və çərçivələr çox bahadır, bizim həsədlə baxdığımız çox güclü rəssamlar var ki, öz işlərindən pul qazana bilmir. Hər rəsm əsəri maddiyyatla bağlıdır. Təbii ki, öz rəsmlərimi bəyənirəm, amma Azərbaycanda məndən güclü rəssamlar da var. Onların tanınması üçün müəyyən vəsait lazımdır. Mənim sərgim havayı başa gəlməyib, ona nə qədər pul tökmüşəm. Bəlkə də ona tökdüyüm pulun yarısı ilə xaricdə çox rahat şəkildə sərgi təşkil edərdim. İstedadlı rəssamlarımızın çoxu bir köşəyə çəkilib. 5-10 rəssam var ki, şansı gətirdiyi üçün məşhur ola bilib. Qabiliyyətləri güclü olmasa da, adları hər yerdə hallanır.

- Sirr deyilsə, ən bahalı rəsm əsəriniz neçəyə satılıb?

- Qiymətləri baha qoymaq istəyirdim, yoldaşım icazə vermədi. Ən bahalı işim 1000 manat idi, hansı ki, onu 3500 manata satmağı fikirləşmişdim. Çünki ona böyük vaxt və enerji həsr etmişdim, günlərlə ayaqüstə dayanıb üzərində işləmişdim, əziyyətli rəsm idi. Hər halda əsas məqsədim o idi ki, rəsmlərim kiminsə evinin divarlarını bəzəsin və bir rəssam kimi tanınım.

- Vizaj sənətini atıb özünüzü tamamilə rəssamlığa həsr etmək istəyirsiniz?

- Bəli, ən böyük arzum odur ki, gələcəkdə peşəkar və adlı-sanlı rəssamlardan biri olum. Vizajist kimi çalışmağa başlayanda Azərbaycanda barmaqla sayılacaq dərəcədə usta var idi. Sonra bu sənəti o qədər ucuzlaşdırdılar ki, sanki dəyərdən düşdü. Artıq özümü 40 yaşından sonra vizajist görmək istəmirəm. Rəssamlığa böyük arzularla başlamışdım, lakin kətan, boya və digər lazimi ləvazimatları ala bilmirdim, pulum yox idi. Odur ki, gələcək həyatımı maddi baxımdan qoruya biləcək ixtisası seçdim və vizajistliyə başladım. Atam mənə vaxtaşırı xatırladırdı ki, rəssam, xüsusilə də bu yola yeni qədəm qoymuş rəssam maddi baxımdan nə qədər sıxıntılar çəkir. Axı rəsmləri yaratmaq üçün tələb olunan vəsait heç də az xərc tələb etmir. Bütün bunlarla yanaşı ailəmin qayğısına qalmalı, mümkün olduqca ailəmə bacardığım yardımı etməli idim. Diplomu alan kimi gedib iş axtardım, işdə müəyyən təcrübə toplayıb qazandığım maaşla kosmetika aldım. Tədricən özümü inkişaf etdirdim. Daha sonra Misirdə təhsil aldım, orda xına naxışını öyrəndim. O vaxt bəzəkli xına çəkmək bizdə dəbdə deyildi. Rəssamlıq qabiliyyətim olduğu üçün xına naxışları çəkməyə başladım. Bu, mənə çox böyük uğur və müştəri qazandırdı.

Hər halda rəssamlıq arzularımdan heç vaxt vaz keçmədim. Məşğul olduğun işi sevməli və unutmamalısan ki, atdığın hər addım səni ali məqsədinə bir az daha yaxınlaşdırır. Fərdi sərgimdə özümə sanki kənardan baxır və dərk edirdim ki, vizaj və stilistika sahəsindəki işlərimlə fəxr etməyə dəyər. Bu işlər mənə müəyyəm ad-san, peşəkar şöhrəti və insanların sevgisini qazandırıb.

Sərgi bir günə ərsəyə gəlməyib, 80-ə yaxın rəsm əsəri nümayiş olunmuşdu. Təbii ki, bu əsərlərin hər birinə böyük zaman və enerji sərf olunub. Rəsmlərimi tanınmış rəssam Əbülfəs Səmədovla, Xalq rəssamı Ağaəli İbrahimov bəyəndi. Bu, məni daha da həvəsləndirdi. Əbülfəs Səmədovdan hazırda dərs alıram, çox güclü rəssamdır. Odur ki, hələ rəssam olmaq yolunda addımlayıram. Təxminən 10 il sonra özünü rəssamlığa həsr etməyi planlaşdırıram. İstəyirəm ki, qazancım da ordan gəlsin. Bir qədər bədxərcəm, 17 yaşımdan öz pulumu qazanmağa öyrəşmişəm. Əlbəttə ki, həyat yoldaşım kömək edir. Lakin qorxuram ki, rəssamlıqdan istədiyim gəliri əldə edə bilmərəm.

- Sənəti dəyərə çevirmək rəssamdan asılıdır, yoxsa bu məsələdə cəmiyyətin də üzərinə öhdəlik düşür?

- İnsanın özü çalışıb əziyyət çəkməsə, cəmiyyət ona niyə dəyər versin ki?

- Əvvəllər rəssamlar molbertini götürüb əsərlərini təbiət qoynunda çəkməyə gedirdi. İndi bu ənənə nəzərə çarpmır.

- Bu təcrübəni özüm sınamasam da, elə rəssamlar var ki, bu ənənəni yaşatmağa davam edir. Bu, hiss və ilhamla bağlıdır. Əgər bu hiss sənə gəlmirsə, özünü təbiət qoynunda rəsm çəkməyə məcbur etməməlisən. Rəsm çəkəndə sakitliyi sevirəm, xoşlamıram ki, ətrafımda kimsə mənə dəyib - toxunsun, danışısın və s. Onda bütün konsepsiya dağılır və ovqatım pozulur.

- Hansı rəssamların işlərini bəynirsiniz?

- Dünya rəssamlarından Salvador Dali ilə Pikassonu, lakin ən çox öz rəssamlarımızı, xüsusilə Ağaəli İbrahimov, Sakit Məmmədov və Əbülfəs Səmədovu bəyənirəm. Hər birinin fəlsəfi əsərləri var. Dünya rəssamlarının heç biri azərbaycanlı sənətkarlara çata bilməz.

- Gələcəkdə hansı üslub və mövzuda rəsm əsərləri çəkməyi düşünürsünüz?

- Maraqlı bir layihə üzərində çalışıram, nə olduğunu açıqlamıram, hələ ki, sirdir. Azərbaycanla bağlıdır, millilik olacaq. Bu əsərlərimi xaricdə nümayiş etdirməyi düşünürəm.

- "Sənətkar həmişə öz ailəsi və dostları üçün, hətta öz vətəni və bu dünya üçün yaddır" deyirlər. Siz bu fikirlə razılaşırsınız?

- Təkliyi sevən insanam, zarafatla mənə bayquş da deyirlər. İşdən çıxan kimi evə qaçıram ki, ailəmlə vaxt keçirim, yemək hazırlayım.

Dedi-qodunu xoşlamıram, başımı öz işlərimlə qatıram. Təklikdə öz-özümlə söhbət edir, daxili dünyam və hisslər dünyasına baş vururam. Nəticədə ürəkdə doğulan duyğular rəsm libasına bürünməklə üzə çıxmağa çalışır. Kətan və boyalar bizim özünəməxsus qurtuluş yolumuzdur.

- Həyat yoldaşınız sizi həmişə anlayır və dəstəkləyir?

- Sərgiyə hazırlıq ərəfəsində məni qətiyyən incitmədi. Turan yemək üçün yaşayan adamlardan deyil, yaşamaq üçün yeyənlərdəndir. Başqa kişilər kimi naharda və şamda fərqli yeməklər tələb etmir. O həm maddi, həm də mənəvi baxımdan dəstək oldu. Əsəblərim pozulsa da, mənimlə mülayim davranır və sakitləşdirməyə çalışırdı.

- Valideynlərinin hansı istedadı oğlunuza keçib?

- Çox gözəl heykəltəraşdır. Plastilindən maraqlı fiqurlar hazırlayır. İndidən üstünə yükləmirik, çünki hələ uşaqdır, sabah bu həvəsi qaça bilər. Danışıq qabiliyyəti gözəldir, bu da ona həyat yoldaşımdan keçib, həmçinin yaxşı aktyorluq qabiliyyəti var, parodiya etməyi bacarır. Ən əsası savadlı uşaqdır, onun təhsilinə xüsusi önəm veririk.

- Müsahibə üçün təşəkkür edir və sizə daha böyük yaradıcılıq uğurları arzu edirəm.

- Minnətdaram.

Aytən Məftun,

Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/272418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR