Azərbaycanda kapital bazarına maraq artsa da, bir çox vətəndaş üçün fond bazarında investisiyaya başlamaq, qiymətli kağızlar almaq və riskləri düzgün qiymətləndirmək hələ də suallar doğurur. Halbuki rəqəmsal investisiya xidmətlərinin inkişafı fiziki şəxslərə mobil tətbiqlər vasitəsilə investisiya hesabı açmaq və böyük məbləğdə vəsait olmadan yerli bazara daxil olmaq imkanı yaradır.
Bəs sadə vətəndaş fond bazarında investisiyaya necə başlamalı, dövlət və korporativ istiqrazlar, eləcə də səhmlər arasında seçimi hansı meyarlarla etməlidir? Gəlirliliyi qiymətləndirərkən hansı risklər nəzərə alınmalı, investor hüquqları necə qorunmalıdır?
Metbuat.az bu suallara aydınlıq gətirmək, həmçinin əhalinin kapital bazarı ilə bağlı maliyyə savadlılığının artırılması və investisiya imkanlarının genişləndirilməsi istiqamətində görülməli işləri öyrənmək üçün Bakı Fond Birjasına müraciət edib. Birjanın cavablarını təqdim edirik.
Azərbaycanda fiziki şəxslərin kapital bazarına çıxış imkanlarını necə qiymətləndirirsiniz? Fond bazarında iştirak etmək istəyən vətəndaş hansı prosedurlardan keçməli, hansı maliyyə vəsaitinə malik olmalıdır və investisiyaya başlamaq üçün hansı institusional maneələrlə üzləşə bilər?
Son iki ildə kapital bazarlarına çıxış xeyli asanlaşıb. Bakı Fond Birjasında 2024-cü ildə məsafədən ticarət infrastrukturu yaradılandan fiziki şəxslər bir sıra investisiya şirkətlərinin, o cümlədən bir sıra bankların mobil tətbiqlərində investisiya hesabı açaraq yerli bazarda ticarət edə bilər. Ticarət hesabına bağlı depo hesab da avtomatik Milli Depozit Mərkəzində yaradılır. Yerli bazarda investisiyaya başlamaq üçün böyük kapitala ehtiyac yoxdur. Qiymətli kağızların ilkin bazarda ilkin buraxılış qiymətindən və təkrar bazarda formalaşan bazar qiymətinə əsasən, büdcəyə uyğun məbləğdə yatırıma başlamaq mümkündür. Bu prosesdə investisiyaya başlamaq üçün heç bir institusional maneə yoxdur.
Sadə vətəndaş üçün dövlət istiqrazları, korporativ istiqrazlar və səhmlər arasında seçim zamanı əsas meyarlar hansılar olmalıdır? Bu maliyyə alətlərinin gəlirlilik, risk və likvidlik baxımından fərqləri necə qiymətləndirilməlidir?
Sadə vətəndaş əvvəlcə pulun ona nə vaxt lazım olacağına və itkiyə nə qədər risk götürə biləcəyinə baxmalıdır. Dövlət istiqrazlarının riski ən aşağıdır, ona görə gəliri aşağıdır. Bank, BOKT və şirkət istiqrazları adətən depozitdən faizindən daha çox gəlirlilik verir, risk isə emitentin maliyyə vəziyyətindən və fəaliyyət göstərdiyi sektorun riskliliyindən asılıdır. Səhm uzunmüddətli perspektivdə həm qiymət artımı, həm də dividend gəlirliyi vasitəsilə daha çox qazandıra bilər. Risk-gəlir mübadiləsindən əlavə, qiymətli kağızın təkrar bazardakı likvidliyinə - yəni nə qədər tez satıla bilmə qabiliyyətinə də nəzər yetirmək tövsiyə edilir.
İnvestorun diqqət yetirməli olduğu əsas göstəricilərdən biri nominal gəlirliliklə yanaşı, komissiyalar, vergilər və inflyasiya nəzərə alındıqdan sonra əldə edilən real gəlirdir. Vətəndaş investisiyanın xalis gəlirliliyini necə hesablamalı və elan edilən faiz göstəricilərini hansı meyarlarla qiymətləndirməlidir?
Hesablama əslində sadədir. Elan olunan faizdən broker və birja komissiyalarını, varsa vergini, sonra da inflyasiyanı çıxırmaq gərəkdir. Amma vergi tərəfdən üstünlük var: birjada ticarətə buraxılmış kağızların faiz və dividend gəlirləri 2028-ci ilin fevralına qədər vergidən azaddır. Məsələn, illik 9% olan istiqrazda 0,5% komissiya və 5,5% inflyasiya olsa, real qazanc təxminən 3% olur. Elan olunan faizi qiymətləndirəndə ödənişin hansı tezlikdə edildiyinə də baxmaq lazımdır. Əgər illik 9% nominal kupon faizi rüblük ödəniş edirsə, bu sizə illik 9,3%-ə yaxın effektiv gəlirlilik verir. Valyutalı kağızlarda isə məzənnə riskini də hesaba qatmaq tövsiyə edilir.
Fond bazarına investisiya edən fiziki şəxslərin hüquqlarının qorunması və maliyyə risklərinin idarə olunması baxımından hansı mexanizmlər mövcuddur? Qiymətli kağızı vaxtından əvvəl satmaq istəyən və ya investisiya şirkəti ilə problem yaşayan investor hansı hüquqlara və müdafiə vasitələrinə malikdir?
Azərbaycanda fond bazarına investisiya edən fiziki şəxslərin hüquqlarının qorunması əsasən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Bankın müvafiq normativ aktları ilə tənzimlənir.
Fond bazarı Mərkəzi Bankın ümumi nəzarəti çərçivəsində Bakı Fond Birjasının listinq və ticarət qaydalarına uyğun olaraq təşkil edilir. Ticarəti təşkil edərkən Bakı Fond Birjasının əsas prioritetləri ticarətin şəffaflığını, investorların hüquqlarını və emitentlərin hesabatlılığını təmin etməkdir. Qiymətli kağızı vaxtından əvvəl satmaq istəyən investor onu birjanın təkrar bazarında sata bilər, amma alıcı tapılmasa ya endirimlə satmalı, ya da gözləməli olacaq. Bu baxımdan, əgər qiymətli kağızın market-meykeri varsa, investor asanlıqla və tez bir zamanda qiymətli kağızı alıb-sata bilər.