“Miqrant” adlı foto və video müsabiqəsinin qalibləri mükafatlandırılıb -

Dövlət Miqrasiya Xidmətində (DMX) 19 mart – Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə elan olunan “Miqrant” adlı foto və video müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Metbuat.az xəbər verir ki, mərasimdə DMX-nin rəisi Vüsal Hüseynov çıxış edərək 19 mart - miqrasiya orqanları işçilərinin peşə bayramı gününün hər il geniş qeyd olunduğunu bildirib. Bu əlamətdar gün münasibətilə DMX tərəfindən müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdıran Xidmət rəisi “Miqrant” adlı foto və video müsabiqəsini də bu baxımdan qeyd edib.

Müsabiqə barədə məlumat verilərkən bildirilib ki, təqdim edilən foto və video materiallarda həm qanuni, həm də qanunsuz miqrasiya ilə bağlı miqrant həyatı, miqrasiya sahəsi üzrə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, sığınacaq axtaranların, qaçqınların və sair insanların həyat tərzi, miqrantların cəmiyyətə faydası və inteqrasiyası, insanların bu qəbildən olan şəxslərə münasibəti, ictimai faydalı mesajların ötürülməsi meyarları diqqət mərkəzində saxlanılıb. Müsabiqəyə həm peşəkar, həm də həvəskarlar qatılıblar.

Foto müsabiqəsində 18 müəllifin 44 işi, video nominasiyasında isə 11 müəllifin 12 işi münsiflər heyəti tərəfindən araşdırılıb. Təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Amerika, Çexiya və Almaniyada çəkilib. Fotoqraflar Aydın Məmmədov "Seneqal Respublikasının miqrantları", Lalə Nağıyeva "Suriyalı qaçqınlar" və Kərim Abbasov "Getmə-getmə" fotoları ilə 3-cü yerə layiq görülüblər. Emil İbrahimovun "Pakistanlı uşaq" və Mirnaib Həsənoğlunun "Qarabağlı qaçqın uşaqlar" fotoları 2-ci yerlə qiymətləndirilib. Ən yaxşı foto nominasiyasında qalib əfqanıstanlı müəllif Əhməd Cavad Əkbərzadənin "Qadının qəmgin hissləri" işi olub.

Müsabiqənin Video nominasiyasında "M prodakşın"ın "Sən xoşbəxtsən" video çarxı 3-cü, Ceyhun Türksoyun "Yol", Elşən Əliyevin "Ən tək" filmləri 2-ci yerə çıxıblar. Ən yaxşı film nominasiyasında Mehman Rəsulovun "Bumeranq" filmi baş mükafatı qazanıb.

Qalib və mükafatçılar münsiflər heyətinin sədri, əməkdar incəsənət xadimi Müşviq Hətəmovun, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, münsiflər heyətinin üzvləri, rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərovun, GİN-nin mətbu orqanlarının fotoqrafı, "Gilavar" klubunun həmtəsisçisi, "Tərəqqi" ordeni sahibi Dilavər Nəcəfovun, Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü, AzərTac-ın foto müxbiri, əməkdar mədəniyyət işçisi İlqar Cəfərovun, Əməkdar artist, teleaparıcı, jurnalist, ssenarist Nərgiz Cəlilovanın, Azvision.az saytının rəhbəri Vüsal Məmmədovun qərarı ilə elan ediliblər.

Qaliblər qiymətli hədiyyələr və diplomla mükafatlandırılıb.

Mükafata layiq görülən fotolar DMX-də təşkil edilən sərgidə nümayiş olunub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR