Novruzun gizli qatları: xilas, divlərə inam, dəmirçinin sirri - ARAŞDIRMA

Novruzun gizli qatları: xilas, divlərə inam, dəmirçinin sirri  - ARAŞDIRMA
14:59 20 Mart 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Bu yazı ötən illərdə Lent.az-da yayımlanıb. Tanınmış qələm sahibi İlham Tumasın Novruz bayramının tarixinə aid yazısı Azərbaycan mediasında bu mövzuda hazırlanmış nadir araşdırmalardandır. 

 

Araşdırmanı yenidən oxucularımızın diqqətinə çatdırırıq.

 

 

 

Yumurtanı göyçək güllü boyardıq,

Çaqqışdırıb sınanların soyardıq,

Oynamaqdan bircə məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.

 

Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım şalı salladım
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı...

 

(Məhəmmədhüseyn Şəhriyar)

 

Mən bu mövzuya hər hansı elmi problemin həlli zamanı tətbiq edilən üsullarla yanaşmağın tərəfdarıyam. Çünki Novruzda həqiqətən, sirri indiyə qədər açılmayan qatlar üstünlük təşkil edir və həmin qatlar açılmadıqca bəşəriyyətin bu qədim bayramı haqqında yanlış fikirlər davam edəcək. Novruz barədə yazmaq xeyli asan məsələdir - təbii ki, əgər yalnız baharın gəlişiylə oyanan təbiətdən, insanların minillər əvvəl bu oyanışı bayram eləməyindən, ilaxır çərşənbələrdən, şəkərburadan, paxlavadan, qoğaldan, qoz-fındıq və tonqaldan yazsaq. Novruz ənənələriylə bağlı elə doğma dilimizdə də xeyli material olduğunu nəzərə alsaq, niyyətimizin bu olmadığı aydınlaşar. Biz bu yazıda "Novruzun gizli qatları"na varmaq üçün al-əlvan bayramımızla bağlı bir neçə önəmli məqamı problem olaraq öyrənməyə cəhd edəcəyik. Novruza yalnız Novruz olaraq təkcə bizim, hətta bütün türk dünyasının deyil, ümumən Bahar bayramı kimi yanaşıb bəşəriyyətin müxtəlif xalqları tərəfindən qutlanmasını nəzərə alaraq, aşağıdakı məsələlərə aydınlıq gətirməyə çalışacağıq:

1. Novruzun (yaxud Bahar bayramının) müxtəlif xalqların mifində və əsatirində yaşayan tarixi;

2. Novruzun (yaxud Bahar bayramının) müxtəlif dinlərdə, təriqətlərdə yaşayan tarixi və yozumu;
3. Bugünkü formada və məzmunda qeyd olunan Novruzun formalaşma prosesi, bayramın konkret əfsanəyə, hadisəyə, şəxsiyyətə bağlılığı, yaxud təbii təşəkkülün nəticəsi kimi ortaya çıxması;
4. Novruzun ayrı-ayrı elementlərinin gizli mahiyyəti (tonqalın, yeməklərin, adətlərin);
5. Türkiyə Cümhuriyyəti və Novruz bayramı.

 

Beləliklə, başlayaq Novruzun tarixi gələnəklərindən.

 

Hamının, deməli, heç kəsin olmayan Novruz?

 

Bəri başdan deyim ki, bu bayramdan yazanlar və danışanlar qeydsiz-şərtsiz onu Şimal yarımkürəsinin, yaxud Yaxın Şərqin bayramı kimi təqdim eləyəndə hansısa pis niyyətə deyil, Novruza olan sevgidən cuşa gəlirlər. Əslində isə Sultan Nevruz, Navrız, Mart Dokuzu, Zamanın Sultanı, Navrez, Nevris, Noruz, Meyram, İsiakh Bayramı, Altay Ködürgeni, Bahar Bayramı, Kırlar Bayramı, Ulusun Ulu Kunu və digər bu kimi dürlü, bir-birindən fərqli adlarla qutlanan Novruz, daha doğrusu, Bahar bayramı, Şərqin deyil, Qərbin də sevimli bayramlarından biridir. Özü də bizim Novruzla xeyli oxşar cəhətləriylə. Tənbəllik eləməyib, bəzilərini sadalayaq.
 

İsveçrədə aprelin 18-19-da "Sechseläuten" adlanan Bahar bayramı keçirilir. Bu bayramda al-əlvan rənglərə üstünlük verilməsi, şəhərlərin bəzədilməsi, insanların ən yaxşı paltarlarını geyinərək küçələrə çıxması bir yana, isveçrəlilər hətta öz "Novruz"larında tonqal da yandırırlar! Düzdü, üstündən tullanmırlar, ancaq qışın yola salınmasının əlaməti kimi Şaxta Baba düzəldərək üstünü odunla örtüb ona od vurmaları və bu odun ətrafında atla çapmaları sizə nəyisə xatırlatmırmı?
 

"Bir dəfə Günəş gözəl qız obrazında yerə endi. İlan bu gözəli oğurladı. Quşlar susdu, ağaclar, güllər soldu, dünya zülmətə qərq oldu. Bir gənc oğlan ilanı tapdı, onunla döyüşdü. İlanı öldürə bilsə də, özü də ölümcül yaralandı. İgidin qanından bir damla qarın üstünə düşdü, qar əridi, ordan novruzgülü cücərdi. Günəş isə ilanın əsarətindən qurtulub göyə çıxdı və bütün təbiət oyandı".

Bu əfsanənin romantik duyğuları altında Moldovada, Rumıniyada, Bolqarıstanda, Danimarkada Bahar bayramı keçirilir. Oxşar əfsanələr, demək olar ki, Avropa xalqlarının hamısında var. İngiltərədə isə baharın gəlişi hesab olunan iyulun 15-də praqmatik olmaqları və soyuq başlarıyla ad-san qazanmış ingilislər nə etsələr yaxşıdı? Bahar bayramı hesab olunan bu gündə onlar qarşıdan gələn qırx gündə havaların necə keçəcəyini iyulun 15-iylə təyin eləyirlər. Yəni, inanırlar ki, bu gün hava necə olsa, 40 gündə də elə olacaq. Bizim də Novruzun ilk dörd günündə keçən havanın hər fəslə uyğun gəlməsini, bu fəsillərin necə keçəcəyini məhz bu dörd gündəki havayla müəyyənləşdirdiyimizi xatırlayın və ingilislərin baharı ilə bizim Novruzun uyğunluğundan həzz alın.
 

Şərq ölkələrində keçirilən bahar bayramlarının oxşarlıqları daha çoxdur. Məsələn, Çində Bahar bayramı günündə bütün ailə Tanrı Tsaovana xoş gəlmək üçün mətbəxə yığılır, şam yandırır, müxtəlif şirniyyatlar bişirir.

 

Farsların bəzəkli Novruzu

 

Bu, farsların ən böyük qabiliyyətlərindən biridir. Qonşumuz dünya xalqlarının ortaq bayramı olan Bahar bayramına həm nəzəri, həm də praktiki baxımdan o qədər fars elementi qarışdırmağa nail olub ki, sadalamaqla başa gələn deyil. Ona görə də fars dilində "Yeni gün" mənasını verən Novruzun İran, həmçinin zərdüştilik ənənələriylə tanış olmağın əhəmiyyəti var. İran mifologiyasına görə, Novruz günü Turan hökmdarı Əfrasiyab tərəfindən öldürülən Siyavuşun dəfn olunduğu gündür. Bu məqam "Avesta"da da xatırlanır. Əfsanənin daha geniş forması Firdovsinin "Şahnamə"sində yer alıb.
 

Bir sıra rus müəllifləri Novruzu qədim hind-arilərin mərhum ruhları yad etmə bayramı kimi xarakterizə edirlər. Onların fikrincə, "Fravaş" adlı bu bayram sonralar İranın rəsmi dini olan zərdüştilik tərəfindən əxz edilib. Rus şərqşünası Doroşenko yazır ki, bu "bayram yazda gecəylə gündüzün bərabərləşdiyi gün qutlanırdı".
 

Əksər tədqiqatçılar Novruzda tonqalların yandırılmasını da məhz zərdüştiliyin əlamətləri kimi təqdim edirlər. Məhəmməd Əmin Rəsulzadə isə yazır ki, qədim İran rəvayətlərində Novruzun gəlişi Cəmşidin taxta çıxmasıyla əlaqələndirilir. Guya Cəmşid dünyanın hər tərəfini gəzib, Azərbaycana gələrək bu diyarı bəyəndikdən sonra hündür bir təpədə taxt qurduraraq, tacqoyma mərasimi keçirib. Günəşin şüaları şahın daş-qaşla bəzənmiş taxt-tacına, libasına düşüb onu nura qərq etdiyindən bu gün Yenigün, yəni Novruz elan edilib.
 

Ayrı-ayrı xalqların Novruz qutlamalarından danışmağımız gedişatda ümumi işimizə yarayacağından indi də kürdlərin Bahar bayramının tarixinə qısaca da olsa toxunaq.
Kürdlər Novruza "Neuroz" deyərlər və martın 18-i ilə 21-i arası bayram edərlər. Camaat böyük bir tonqal qalayıb, ya ətrafında rəqs edər, ya da üstündən tullanarlar. Kürdlərin Neurozunun mifik qaynaqları var. Kava əfsanəsinə görə, 2500 il öncə Zühak (bəzi qaynaqlarda Dehak) adlı zalım bir hökmdar varmış. Bu hökmdar sağında və solundakı iki ilanı bəsləmək üçün gündə iki kürd uşağı öldürərək beyinlərini ilanlarına yem eləyirmiş. Baharın gəlişinə əngəl törədən bu hökmdarın zülmündən cana gələn Armayel və Qarmayel adında iki qəhrəman hökmdarın sarayına girirlər. Onlar öldürülmək üçün nəzərdə tutulmuş uşaqlardan yalnız birini öldürür, onun beynini qoyun beyninə qatırlar və ilanlara verərək qalan uşaqları qaçırırlar. Qaçan uşaqları özlərinin ataları hesab eləyən kürdlərin əfsanəsinə görə, Kava adlı bir dəmirçi onlardan ordu qurur və martın 20-də zalım Zühakı öldürür. Beləcə, kürd xalqı zülmdən, bahar isə əsarətdən qurtulur. Kürd yazıçısı Musa Anterin yazdığına inansaq, məlum olur ki, kürdlər əvvəllər baharı avqustun 31-də qeyd edirdilər, ərəb təqviminə keçdikdən sonra bu qutlamalar mart ayında keçirilir.
 

Hər bir xalqın mifoloji dünyagörüşünə böyük hörmətimiz olsa da, deməliyik ki, farsların və kürdlərin şərh olunan əfsanələriylə türklərin daha qədim tarixə dayanan Ərgənəkon dastanı arasında şübhəli oxşarlıqlar var. Bu şübhəli oxşarlıqlara türklərin Novruzundan danışandan sonra gələrik...

 

Bozqurddan Ərgənəkona qədər...

 

Şərqşünas Aida xanım İmanquliyeva türk xalqları arasında keçirilən Novruz bayramını məzmun baxımından şərti olaraq Mərkəzi Asiya, ön Asiya və Şərqi Avropa olmaqla, üç qismə bölür.
 

Mərkəzi Asiyaya Qazaxıstan, Sibir, Altay və Şimal-Qərbi çin türkləri - uyğurlar daxildir. Bu ərazidə əhali kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalır-oynayırlar. Qaranlıq düşdükdən sonra tonqallar qalanır və üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları, "Ərgənəkon", "Manas" və başqa dastanlardan parçalar oxuyurlar.


Ön Asiya qisminə şərti olaraq Şərqi Anadolunu, Zaqafqaziyanı, Güney Azərbaycanı və Özbəkistanı daxil etmək olar. Bu ərazidə bayramın keçirilməsində İran ənənələri nəzərə çarpsa da, türk ənənələri üstünlük təşkil edir.
 

Ön Asiya və Şərqi Avropa ərazisinə daxil olan türklər - qaqauzlar, Krım, Bolqarıstan, Yuqoslaviya, Kipr türkləri və başqaları Bahar bayramını müxtəlif şənliklər, mahnılarla qarşılayırlar. Bahaəddin Ögəl Çin mənbələrinə əsasən "Böyük Hun İmperiyası"nda yazır ki, hunlar miladdan əsrlərcə əvvəl 21 martda hazır yeməklərlə ormanlara çıxar, bahar şənlikləri düzənləyərdilər. Eyni adətlər hunlardan sonra uyğurlarda da olub.
 

Türklərdə Bahar bayramının keçirilməsi dünyanın yox olma bəlası ilə üzləşən millətin dirəniş dastanıyla bağlıdır. Əbülqazi Bahadır Xanın "Şəcəreyi Türk"də nağıl elədiyi Ərgənəkon rəvayəti qədim Çin mənbələrinə əsasən söylənir. Bu dastanı bir növ Bozqurd dastanının davamı kimi də qəbul eləmək olar. Dastana görə, hiyləylə düşmənə yenilən türklərdən sağ qalan bir neçə nəfər qorunmaq üçün bir nəfərin zorla keçəcəyi yolla dağların arasına keçərək, orada özlərinə kiçik yurd seçib, illərlə burada yaşadılar. Bu əraziyə Ərgənəkon adı verən türklər düz 400 il sonra həm özləri, həm də sürüləri o qədər çoxaldı ki, yurda sığmaz oldular. Qərara gəldilər ki, əvvəlki vətənlərinə qayıtsınlar. Türklər bu dağdan çıxmaq üçün çıxış yolu aradıqları zaman bir dəmirçi dedi: "Bu dağda dəmir mədəni var. Dəmiri əritsək, buradan çıxa bilərik". Beləcə, dağın geniş yerinə bir qat odun, bir qat kömür qoyub, od vurdular. Dəmir dağ əridi, türklər Ərgənəkondan çıxdılar və Bozqurdun onlara göstərdiyi yolla qurtuldular. Türklər o günü, o saatı heç vaxt unutmayaraq, hər il bayram elədilər. Ozan Çuçunun nağıl elədiyi əfsanə bu sözlərlə bitir:

Yaşatdılar o günü, həm də heç unutmadan.
Ozan Çuçu anlatdı sizə qutlu dastanı,
Siz də anladasınız gəncə dostu-düşmanı.
Sözümüz uzun oldu, lakin könüldən oldu,
Gedən bu dəqiqələr yenə ömürdən oldu...

 

Göründüyü kimi, həm kürdlərin Kava dastanında, həm də Ərgənəkonda dəmirçi və dəmirçiliklə bağlı məqam var. Bundan əlavə, hər iki dastanda çadır həyatı, düşmən hücumu, əsarət, əsarətdən qurtulmaq, dağlara sığınmaq, heyvan bəsləmək, artıb-çoxalmaq, yayılmaq, köç eləmək, düşməndən intiqam almaq kimi oxşarlıqlar mövcuddur. Nəzərə alsaq ki, bu dastan həm də hər iki xalqın Novruz qutlamasıyla bağlıdır, onda maraqlıdır, görəsən, dəmir və dəmirçiylə bağlı faktlar bu dastanların hansında daha qədimdir? Mətləbi uzatmadan onu xatırladaq ki, dəmirin Türk mədəniyyətində və tarixində rolu çox qədimlərə bağlıdır. İngilis alimi Ruben yazır ki, ən aşağısı miladdan öncə 1400-cü illərdə Altayın qərb hissəsində türklər dəmirlə işləmək mədəniyyətinə sahiblənmişdilər. Türk tarixinin dəyərli araşdırıcısı Lev Qumilyov "Qədim türklər" əsərində yazır ki, Göy türklərin yaşadıqları ərazidən Xorasana "dəmir lövhələr" deyilən malların aparıldığı barədə tarixi qaynaqlarda faktlar var. Ümumiyyətlə, tarixən bədəvi ərəblər də türkləri "dəmirçi millət" kimi tanıyaraq, onların hökmdarlarının dəmirçiliyi mübarək saydıqlarını, dəmirçilik sayəsində əsarətdən qurtulduqlarına inanıblar. Bunları sadalamaqda məqsəd odur ki, türklərin Ərgənəkon dastanıyla qutladıqları Novruzun tarixinin kürdlərin Kava dastanıyla bayram elədikləri Neurozdan daha qədimə getdiyinə heç kimdə şəkki-şübhə olmasın. Onu da xatırlatsaq ki, Kavanın adına ilk dəfə Firdovsinin "Şahnamə"sində rast gəlinib və ingilis alimi Artur Xristense Kavanın adının Sasanilər dövründə meydana çıxdığını və bu dastana daxil edildiyini yazır, o zaman bu "şübhəli oxşarlığın" sirri açılır. Deməli, Göy türklər zamanında yaşayan Kava, böyük ehtimalla, ümumiyyətlə, İran soyundan deyil, türk soylu bir qəhrəmandır. Sadəcə, kürdlərin və farsların dastanları o dövrün aparıcı dili olan farsca yazıldığından məsələlər qarışdırılıb. Həm də Novruzu İran tarixinə bağlamağa çalışan Firdovsi özünə nə qədər əziyyət versə də, uzağı 11-ci əsrə qədər gedib çıxa bilir.

 

Novruzun İslam üzü...

 

Dinlərin birləşdirici xüsusiyyətləri olmaqla yanaşı, bir Atanın - Adəmin belindən, bir Ananın - Həvvanın qarnından çıxmaqlarına baxmayaraq insan övladının birliyini parçaladığı da etiraf olunmalıdır. Maraqlıdır ki, hər bir din də Adəm övladının əzəl çağlarına xas olan istənilən adəti, əməli özününküləşdirməyə çalışır. Novruz da istisna olmayıb. Tarixin müxtəlif dönəmlərində Novruza dini rənglər qatmağa cəhdlər olub və bəzən buna nail olunub. Bu yerdə yenə farslar birincilikdədirlər. Məsələn, bəzi din xadimləri belə bir fərziyyə uydurublar ki, guya Novruz bayramı İslamın 4-cü xəlifəsi Həzrəti Əlinin "qırmızı geyinib taxta çıxdığı", yəni hakimiyyətə gəldiyi gündür. Ancaq nəzərə alsaq ki, Əli taxta 656-cı ildə çıxıb və 661-ci ilə qədər hakimiyyətdə olub, həmçinin bu hadisə mart yox, iyul ayında baş verib, onda bu fikrin absurdluğu bariz görünür. Bundan əlavə, Novruzun Məhəmmədə peyğəmbərlik verildiyi, Məhəmməd Peyğəmbərin Əlini varisi təyin etdiyi, Allahın dünyanı yaratdığı, daşqından sonra Həzrəti Nuhun quruya ilk qədəm basdığı, Adəmlə Həvvanın görüşdüyü, Yusifin quyudan qurtulduğu, Həzrəti Hüseynin doğulduğu, Həzrəti Əlinin Fatiməylə evləndiyi gün olduğunu yazanlar və deyənlər də var. Təbii ki, bu mübarək günlərin hansısa Novruz ərəfəsinə təsadüf eləyə bilər, ancaq bu heç də o anlama gəlmir və gəlməməlidir ki, bəşəriyyət Bahar bayramını həmin hadisələrə görə qeyd edir. Axı, Novruz dini bayram, daha konkret desək, İslami bayram olsaydı, onun adətləri arasında təbii qüvvələrə inam kimi hallar olmazdı. Klassik İslamın bu kimi ənənələrə qarşı çox sərt olduğu sirr deyil. Məhəmməd Peyğəmbərin ən mötəbər hesab olunan hədislərində təsdiqlənir ki, İslam dünyagörüşü islamaqədərki dövrün hansısa dünyagörüşünü qətiyyən qəbul etmir.
İslamın hənəfilik, şafiilik, malikilik və hənbəli kimi 4 əsas cərəyanının tanınmış alimləri hesab edirlər ki, İslam Orucluq və Qurbanlıqdan savayı heç bir bayrama müsbət yanaşmır və qutlamır. O ayrı məsələdir ki, bütün xalqların Novruz adətlərində dini əlamətlər var. Ancaq onu da xüsusi olaraq qeyd edək ki, Novruzda "dini əlamət" dedikdə bu ifadəni şərti olaraq qəbul etmək məcburiyyətindəyik. Çünki Novruza qatılan dini adətlər İslama zidd olmaqdan savayı bir rola malik deyil. Məsələn, əfqanlar Novruzda elə oyunlardan çıxırlar ki, bunlar nəinki Bahar bayramına, hətta İslamın özünə də təhqir, bütpərəstlik dönəminə qayıtmaqdır. Bu ölkədə Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. Əfqanların inancına görə, Həzrəti Əlinin məzarı məhz bu şəhərdədir. İnsanlar Novruz günü bu şəhərə toplanır, burada xüsusi sərgilər, məclislər, şoular təşkil edirlər. Hələ bunlar harasıdır? Camaat guya Əlinin məzarı deyib üz vurduqları, diləkçələrini çatdırdıqları, kimi uşaq, kimi ər, kimi arvad dilədiyi yerdə nə eləsə yaxşıdı? Xoruz döyüşdürüb, it boğuşdururlar! İndi deyin görüm, bunun İslama nə dəxli var? Hələ guya "Həzrəti Əlinin məzarı"nın üstünə gəliblər... Ayıb olsun! Sonra da deyirlər, İslam dini Novruza yeni çalarlar gətirib. Belə çalarlar heç gəlməsə yaxşıdı. Ümumiyyətlə, təkcə İslamda yox, istənilən dində təbiət hadisəsiylə bağlı hər hansı ayin, yaxud element yoxdur. Bu baxımdan, sırf təbiət hadisəsindən törəyən Novruzu ayrı-ayrı İslam müqəddəslərinin adıyla bağlayanda ortaya çox qüsurlu mənzərə çıxır: həm Novruzun, həm də İslamın mahiyyətinə kölgə düşür. Bu mənada, hörmətli şeyximizin - Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Novruz münasibətilə Azərbaycan xalqına təbrikində işlətdiyi fikri kompromis variant hesab eləmək olar: "Dinimizdə xüsusi yeri olan bir çox müqəddəs hadisələrin, o cümlədən Peyğəmbərimizlə bağlı mübarək məqamların bu təqvimə təsadüf etməsi (bəli, məhz təsadüf etməsi - İ.Tumas) Novruza ilahi səciyyə bəxş edib". Şeyx həzrətlərinin təbrikini səmimi-qəlbdən qəbul edirəm.

 

Təbiətin övladı Novruz

 

Əfsanələr, rəvayətlər, müqəddəslərin başına gələnlər öz yerində, ancaq Novruzun bəşər övladı tərəfindən qeyd olunmasının real, yaxud ateistlər kimi desək, dialektik materialist dünyagörüşü baxımından da yozulmalı və yozulan tarixi var. Yenə materialist və elmi dünyagörüşünə görə bu tarix barəsində yuxarıda müzakirələr açdığımız əfsanələrdən, rəvayətlərdən xeyli əvvələ təsadüf edir. Bəli, birinci hadisə olub, sonra mif yaranıb. Nitsşeni təkrarlamaq olmasın, ancaq mifin real həyatda, real hadisələrdə, real xalqlarla bağlı bir keçmişi var. Bu keçmiş isə bizə Novruzun insan övladının dünyanın əzəl çağlarındakı qayğılarının, yaşamının müjdəçisi olduğunu xəbər verir. Məhz bunun nəticəsidir ki, bütün dünya xalqları Novruzun, yaxud Bahar bayramının dünyanın əzəl vaxtına aid insanların bayramı olduğunu qeydsiz-şərtsiz qəbul edirlər. Novruz hansısa konkret hadisəyə, konkret insana, konkret xalqa bağlı olmayıb, bəşəriyyətin ən qədim sivilizasiya məskənlərində əkinçiliklə məşğul olan insanların yaşamlarının, qayğılarının əsas qayəsini əks etdirən dünyagörüşü kimi yaranıb. Təsadüfi deyil ki, sivilizasiyanın yarandığı İkiçayarasında yeni ilin əkin işlərinin başlanması dövrünə, yəni bahar aylarına düşməsi haqda xeyli tarixi materiallar var. Rus şərqşünası Smirnovun "Qədim Şərq tarixi" monoqrafiyasından oxuyuruq: "İkiçayarasında yaranan sivilizasiya bəşər mədəniyyətinin beşiyi sayılır. Bu gün ayrı-ayrı xalqlar tərəfindən qeyd olunan bir sıra bayramların kökü də o dövrə gedib çıxır".
 

Həqiqətən, əvvəlcə insan, onun ardından bu insanın yaşam üçün göstərdiyi səy, ardından həmin səyin nəticəsi kimi meydana çıxan mədəniyyət və bu mədəniyyətdən doğulan adətlər yaranır. Novruz məhz bu prinsip əsasında yaranan Bayramdır. Sadəcə, yüzillər keçdikcə bu bayrama müxtəlif xalqların, tayfaların, dinlərin əlamətləri qarışır, bayram əzəli bəsitliyindən və sadəliyindən uzaqlaşır, ayindən dünyagörüşünə çevrilir. Bu gediş çox təbii sayılmalıdır. Mədəniyyətin xüsusiyyəti belədir. O daim inkişaf eləməli, özündə ayrı-ayrı xalqların, dinlərin elementlərini birləşdirməlidir. Tarix Bahar bayramı ilə də belə davranıb. Bu gün hansısa xalqın, yaxud müxtəlif xalqların Novruz adət-ənənələri minillər boyu baş verən tarixi hadisələrin, xalqların böyük köçünün, mədəni işğalların, təbii iqlim proseslərinin təsiriylə yoğrulub. Bu gün heç bir xalq deyə bilməz ki, onun qutladığı Novruz sırf ona məxsusdur, sırf onun soykökünün özəlliklərini özündə ehtiva edir. Novruzun adət-ənənələri arasında nəyin alınma, nəyin doğma olduğunu bilmək isə illər ötdükcə çətinləşir. Heç uzağa getməyib elə müstəqillik dönəminin Novruzu ilə Sovet dövrünün Novruz süfrələrini müqayisə eləyək. Son illər elə nemətlər ortaya çıxıb ki, onları Sovet dövründə sadəcə, tapmaq mümkün deyildi. Ancaq indi Novruz süfrəsi onlarsız təsəvvür edilmir. Bununla yanaşı, hər şeyi ilə bahəm Novruz gözəldir, müqəddəsdir, sevimlidir...

 

Tonqalı yandırdıq ki...

 

Artıq Novruzun bəzi elementlərinin gizli mahiyyətinə varmağa hazırıq. Hamısını sadalasaq və hamısına şərh (təbii ki, subyektiv - İ.Tumas) verməli olsaq, məsələ uzanar. Ona görə də, əsaslarına nəzər salaq. Bunlar Novruz tonqalı, Novruz süfrəsi və Novruz adətləridir.
 

Tonqalla bağlı yuxarıda isveçrəlilərin, çinlilərin, bolqarların, rumınların, moldovanların adətlərinə toxunduq. Təkrar çıxmasın, ancaq Bahar bayramının qutlandığı hər yerdə tonqalla, tonqal da olmasa, alovla, odla bağlı hansısa məqam var. Elə bu kimi faktlar bizdə də geniş yayılmış "Novruzda tonqal qalamaq atəşpərəstlik dövründən qalıb" kimi fikirlərin kökündən yanlış olduğunu göstərir. Çünki od, alov qətiyyən yalnız atəşpərəstlərə aid olmayıb, ilkin bəşər mədəniyyətinə və inancına aid olan məsələdir. Bizə isə bunu heç aid eləmək olmaz. Mötəbər mənbələrə və müəlliflərə müraciət eləyək ki, iddialarımıza inanmayanlara görk olsun.

Məşhur şərqşünaş Sısoyev yazır: "Odu qoruyub saxlamaq zərdüştiliyin özü yox, ayrıca bir dindir və o, eramızdan əvvəl 7-ci əsrin əvvəllərində skif cəmiyyətinin formalaşması dövründə təşəkkül tapıb".
 

Əslən Güney Azərbaycandan olan tanınmış alimlərimiz Onullahinin, Azərlinin, Musəvinin, Fazilinin və digər dəyərli alimlərin əsərlərində farsların Azərbaycanı İran mədəniyyətində əritmək cəhdləri kifayət qədər ifşa olunduğundan, həmçinin bunun mövzumuza bir o qədər də aidiyyatı olmadığından mövzuyla bağlı birbaşa keçirəm Lev Qumilyovun iki məşhur əsərindən iqtibasa. Görəcəksiniz ki, bu iqtibaslar Novruz tonqalıyla bağlı bütün şübhələrə son qoyacaq.
 

Qumilyov "Xəzər ətrafında minillik" əsərində yazır: "Qədim ari mədəniyyətinin bölünməsini adətən Zərdüştün adıyla bağlayırlar. Çünki yeni inancı hamı qəbul eləmədi. Hətta İranda da bu inanc sürətlə yayılmadı. Beləliklə, qədim tanrılarına inamlarını qoruyub-saxlayan arilər turanlılar, Zərdüştün tərəfdarları isə iranlılar oldular. Beləcə, İrana və Turana bölünmə baş verdi. Fars hökmdarları Zərdüştün təlimini himayə eləməyə başladılar. Orta Asiya və müasir Əfqanıstan ərazisini əhatə eləyən Turanda isə Hörmüzə yox, devlərə inanırdılar".
 

Qumilyovun "Qədim türklər" əsərindən indi oxuyacağımız sətirləri rəhmətlik elə bil araşdırmamızda bizə yardım eləmək üçün yazıb: "Mən oda sitayiş eləməkdən yox, bəd ruhları odun müqəddəs qüvvəsiylə qovmaqdan, başqa sözlə, spiritualizmdən yox, magiyadan danışıram. Bəd ruhları odun köməyi ilə qovmaq haqqındakı təsəvvür Avstraliyadan tutmuş Bavariyaya qədər geniş bir ərazidə yayılmışdır və heç bir cəhətdən müstəsna, yaxud orijinal sayıla bilməz. Sözün qısası, oda pərəstiş həm forması, həm də mənası etibarilə ruhların çağırılması ilə tam ziddiyyət təşkil edir. Ratselin Mərkəzi Asiyadakı od kultunun zərdüştiliklə əlaqəsi haqqındakı ehtimalı da həqiqətdən uzaqdır. çünki burada yalnız zahiri bənzərlik var".

Mən böyük Qumilyovun bu sözlərindən sonra Novruzun tonqal məsələsini bitirməyə borcluyam.
 

Fəslin sonunda qısaca da olsa, digər bir elementə toxunaq. Deməliyəm ki, Novruzun təamları qətiyyən Novruzun ilkin mahiyyətindən deyil, tarixi təşəkkülün məhsuludur. Məsələn, guya Novruz süfrəsində adı "s" hərfiylə başlayan 7 cür nemət olmalıdır. Fikrimcə, sonradan farslar tərəfindən uydurulmuş bir məsələdir, yaxından-uzaqdan Novruza heç bir dəxli yoxdur. Belə baxanda, bayramın ən əzəli neməti səmənidir: cücərən buğda!

 

Türkiyə və Novruz

 

Bəri başdan deyək ki, Hun, Göytürk, Uyğur, Səlcuq dönəmlərində qutlanan Novruz həm də Osmanlı dönəmində sevinclə qeyd olunan bayram olub. Osmanlı dövründə 21 mart günündə sultanların novruz təbrikləri qəbul etdiyi, xalqın bu bayramı coşğunluqla bayram elədiyinə dair xeyli yazılı mənbələr var. Bu dövrdə osmanlı şairləri "Nevriziyyə" deyilən şeirlər də yazıblar. Ləhcəsinə toxunmadan təqdim etdiyim bu şeirlərin gözəlliyindən həzz almamaq mümkün deyil:

 

Bu gün dağlar yeşillendi,
Sultan Nevruz safa geldin,
Cümle kuşlar hep dillendi,
Sultan Nevruz safa geldin.
Bu gün bahar eyyamıdır,
Nevruz Türkün bayramıdır,
Gönüllerin sultanıdır,
Sultan Nevruz safa geldin.
Allah deyib öten kuşlar,
Dua eyler dağlar taşlar,
Yeşillendi hep ağaçlar,
Sultan Nevruz safa geldin.

Geçti şita (kış) döndük yaza,
Ali Nebim vurur saza,
Kızanlar düştü alaza (alev),
Sultan Nevruz safa geldin".

 

Yaxud 16-cı əsrin ələvi türkmən şairlərindən olan Pir Sultan Abdal "Nevriziyyə"sində belə yazır:

 

"Sultan Nevruz günü canlar uyanır,
Hal ehli olanlar nura boyanır,
Muhib olan bu gün ceme dolanır.
Himmeti erince Nevruz Sultanın.
Aşık olan canlar bu gün gelürler,
Sultan Nevruz günü birlik olurlar,
Hallak-ı cihandan ziya alurlar,
Himmeti erince Nevruz Sultanın".

 

Bu dönəmdə, eynən indiki kimi, Osmanlıda xalq şənliklərə çıxar, evlərində "Nevriziyyə" deyilən şirin yeməklər bişirər, bu yeməklərdən qonşulara pay verərmişlər. Ancaq bu bayramın sonrakı tarixlərdə bizdəki kimi daha geniş yayılmamasının səbəbləriylə bağlı müxtəlif ehtimallar söyləmək olar. Bunlardan birincisi Osmanlıda İslam dininin klassik ənənəsinin daha dərin və əsaslı şəkildə oturuşmasıdır.
 

Atatürkün İstiqal Savaşının ağır illərində xalqda ruh yüksəkliyi yaratmaq üçün Novruzda at yarışları keçirdiyi, şənliklər təşkil etdirdiyi məlumdur. Türkiyə Böyük Millət Məclisi açıldıqdan sonra isə ilk Novruz 1921-ci ilin 21 martında keçirilir. İstiqlal Savaşı dövrlərində ən təmtəraqlı Novruz şənlikləri növbəti ildə - 1922-ci il martın 22-də Ankarada düzənləndi. Atatürkün də qatıldığı bu bayramı izləyən Əhməd Əmin Yalman yazır: "Ankaralılar, geleneksel Nevruz şenliklerine her yıl büyük coşku ile katılır, baharın gelişini sevinçle karşılardı. Geçen yıl İnönü Muharebeleri nedeniyle Nevruz şenlikleri sönük geçmişti. 1922 şenliklerinin daha canlı olması için bütün okullar haftalar öncesinden hazırlığa başladılar. Nevruz şenlikleri, Ziraat Mektebinin, yani Genelkurmay Başkanlığının bulunduğu küçük tepenin altındaki çayırlık alanda yapıldı. Hava güneşlikti. Ankaralılar, çayırın çevresini doldurmuşlardı. Mustafa Kemal Paşa, Ankaradaki Sovyet Rusya, Azerbaycan, Afganistan ve Buhara elçileriyle birlikte büyük bir çadırdan gösterileri izledi. Gösteriler, öğrencilerin heyecanlı konuşmaları ve yurtseverlik şiirleri okumalarıyla başladı. Ankara Sultani (Lise) ve Darülmuallimin (Erkek öğretmen Okulu) Mektepleri öğrencileri spor gösterileri yaptılar".
 

Maraqlıdır ki, Azərbaycandan Atatürkün adına təbrik teleqramı da göndərilmişdi. Teleqramda yazılmışdı:

"Cenubi Kafkasya komiseri, Azerbaycan Serbest Harbiye Mektebi talebeleri, iki bölüklü Süvari askerleri ve Şoşa Muhafız Taburu askerleri, Türk milletinin büyük Nevruz bayramını tebrik ediyor ve biz ümit ediyoruz ki Azerbaycan İnkilap Ordusu, kahraman türk ordusu ile beraber Garp emperyalizmi tazyıkinde bulunan Şark milletlerini yakında kurtarırlar.Yaşasın Şark inkilap başları Mustafa Kemal!
 

Neriman Nerimanof
Azerbaycan Hükümet Başkanı".

 

Bu kimi faktlar yetərlidir ki, Türkiyə Cümhuriyyəti qurucusunun da türkün qədim bayramı olan Novruza hansı önəmi verdiyinə inanasan.

 

Novruz bayramınız qutlu olsun!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR