“Məqsədimiz nəticələr əldə etməkdir”

“Maraqlı və yaxşı oyun keçdi. Komandam qələbə qazanmaq üçün hər şeyi etdi. Birinci hissədə daha yaxşı oynadıq, qol vurmaq üçün imkanlar yaratdıq. İkinci hissədə bir neçə dəyişiklik etdik və nəticədə oyunun ritmini itirdik”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Litva ilə yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

“Xorvatiya ilə ağır oyundan sonra bu gün futbolçulardan razı qaldığımı deyə bilərəm. Əvvəlcədən demişdik ki, qələbə qazanmaq istəyirik. Çünki qələbə komandada özünəinamı artıracaqdı. Eyni zamanda digər futbolçuları da iş başında yoxlamağı düşünürdük və buna nail olduq. Oyun zamanı bəzi futbolçuları isə fərqli mövqelərdə sınadıq. Çalışmalıyıq ki, gələcək oyunlarda şanslarımızdan daha yaxşı istifadə edək. Yenə deyirəm, matça hücumameyilli futbolçularla başladıq, əvəzetmədən də hücumçuları oyuna qoşduq. Məqsədimiz daha yaxşı oynamaq, nəticələr əldə etməkdir. Qarşıda Macarıstan və Slovakiya ilə oyunlarımız var. Əlbəttə, hər iki oyunda qələbə qazanmaq istəyirik”, - deyə xorvatiyalı baş məşqçi bildirib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan millisi ilə Litva yığması arasında yoldaşlıq oyunu keçirilib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR