"Kişi orqanizmi belə işləyir, qalan hamısı nağıldır, mifdir, ədəbiyyatdır" - Aktrisanın suallarına baş redaktor elə cavablar verdi ki...

Metbuat.az-da yeni "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

Tanınmış aktrisa, aparıcı Mələk Heydərovanın suallarını Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.

- Azərbaycanda niyə bəzi kişilər xəyanət edir?

- Niyə “Azərbaycanda”? Niyə “kişilər”? Və niyə “bəzi”? Statistikaya və müxtəlif mərkəzlərin anonim sorğularına görə, bütün dünyada kişilərin təxminən 85-90, qadınların 60-65 faizi bir dəfə də olsa, həyat yoldaşına xəyanət ediblər. Bu statistika fərqli ölkələrə, şəraitlərə görə dəyişə bilər, amma aşağı-yuxarı təxminən hər yerdə eynidir. Çünki insan hər yerdə insandır, mahyyəti də eynidir, biologiyası da. Və insan poliqamdır – qadını da, kişisi də. Kişinin ailəsinə nə qədər sədaqətli olması bədənindəki iki hormunun – oksitosinlə testosteronun nisbətindən asılıdır. Oksitosinin üstün olduğu dövrlərdə sadiq olacaq, testosteron çox olanda imkan daxilində yeni partnyor axtaracaq. Vəssalam, kişi orqanizmi belə işləyir, qalan hamısı nağıldır, mifdir, ədəbiyyatdır.


- Hansı yolla pul qazanırsız?

- Düzgün yolla. Öhdəmə düşən işi görürəm, haqqım çatmayan heç nəyə əl uzatmıram.


- Səhərlər nəyə görə oyanırsınız?

- Bum-Bum gəlib deyir ki, “Ata, Günəş dıkıb axı, duy da...” Bundan sonra durmamaq mümkün deyil. Çünki ona özüm öyrətmişəm ki, Günəş çıxanda durmaq lazımdır. Böyük dediyinə əməl eləməlidir ki, uşaq düzgün tərbiyə alsın.


- Hansı yaşda qalmaq istərdiniz?

- 40 pis deyil, amma nə bilmək olar, bəlkə 41 daha yaxşı olacaq?
Ümumiyyətlə isə, 35-dən sonra insan çox ləng dəyişdiyi üçün yaşın elə də fərqi olmur. Məsələn, 23 və 25 fərqli yaşdırlar, 35 ilə 39 isə tamamilə eyni şeydir.

- Qadın və kişi dost ola bilərmi?

- Bizdə bu sual veriləndə adətən soruşulması istənilən mətləb budur: Qadın ilə kişi aralarında seks olmadan, yaxın münasibət saxlaya bilərlərmi? Prinsipcə hə, amma biz qadınla kişinin arasında seksin ola biləcəyi ehtimalından niyə qorxuruq axı? Olacaqsa – qoy olsun da, bu, bizi niyə narahat eləməlidir ki?! “Big-bang theory” sitkomunda belə bir epizod var idi: Penni Raca başa salmaq istəyir ki, onların arasında seks ola bilməz, çünki sadəcə, dost qalmalıdırlar. Rac isə heç cür başa düşə bilmir ki, axı aralarında seks olsa, dostluqları niyə pozulmalıdır ki? Yəni seks dostluğu necə korlaya bilər? Ona görə də soruşuur: “...Axı dondurmanı şokoladla necə korlamaq olar?” Düzü, mən də bunu başa düşə bilmirəm, amma görünür, qadınlar seksə daha çox emosional yüklü, öhdəlik yaradan bir şey kimi yanaşdıqlarından, bu sual onlar üçün aktualdır.

- Xoşbəxtliyi pulla almaq olar?

- Atasını da yandırmaq olar!
Az pulla da xoşbəxt olmaq mümkündür, çox pulla isə xoşbəxt olmamaq mümkün deyil.


Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı