Aprelin 12-14-də Vaşinqtonda keçiriləcək Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik yaz müşavirəsi çərçivəsində kasıb ölkələr üçün dəstək vəsaitlərinin ayrılmasına dair müzakirələrdə Azərbaycan donor ölkə qismində iştirak edəcək.
Metbuat.az-a Dünya Bankının Bakı nümayəndəliyindən bildiriblər ki, Beynəlxalq İnkişaf Assosiasiyasının (İDA) ehtiyatlarına vəsiat köçürmək üçün hər üç ildən bir donor ölkələrin toplantısı keçirilir.
“Artıq 19-cu dəfədir İDA-ya vəsait köçürüləcək. Azərbaycan da daxil olmaqla donor ölkələr İDA19 çərçivəsindəki öhdəliklərini bu ilin sonunda açıqlayacaq”, – nümayəndəlikdəki mənbə deyib. Qeyd olunub ki, qarşıdakı müşavirədə müşahidəçi qismində iştirak edəcək Azərbaycanın İDA-ya vəsait köçürməsinə ilk dəfə töhfə verəcək. Bu məsələyə dair adətən il ərzində dörd müşavirə keçirilir.
Dünyanın 39-u Afrikada yerləşən 75 yoxsul ölkəsinə beynəlxalq yardımların ən iri subyektlərindən olan İDA həmin ölkələrdə təməl sosial xidmətləri təmin edən donor vəsaitlərinin də ən böyük mənbəyidir.
2016-cu ilin dekabr ayında başa çatan əvvəlki, sayca 18-ci vəsait ödənişi rekord olan 75 milyard dollar məbləğində olub. Bu, 2020-ci il iyunun 30-da başa çatacaq üçillik müddət ərzində həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə sərf olunacaq. Belə ki, həmin vəsait hesabına cəmi 400 milyon nəfərə təməl səhiyyə və təhsil, 130-180 milyon uşağın peyvənd, ixtisaslı həkimlərin iştirakı ilə 20 milyonadək qadına təhlükəsiz doğuş xidmətlərinin göstəriləcəyi, 45 milyonadək sakinin təmiz içməli su ehtiyacının ödənməsinin təmin olunacağı, 300 milyondan çox uşaq üçün 9-10 milyon müəllimin hazırlanacağı gözlənilir.