Azərbaycan Mətbuat Şurası “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirib.
"Report" xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Təhsil Nazirliyinin nümayəndələri, deputatlar, QHT və KİV rəhbərləri iştirak edib.
Ə.Amaşov bildirib ki, mətbuatda Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan Elina Hacıyevanın intiharı ilə bağlı çox sayda xoşa gəlməyən məlumatlar, şaiyələr yayılıb: "Guya təcili yardım gec çağırılıb, yaxud da məktəbdə ona diqqət ayrılmayıb deyə belə adım atıb. Ona görə də bu kimi məlumatları cəmiyyətə çatdırarkən diqqətli olmaq lazımdır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanları lazımi addımlar atır və yekun nəticələr də ictimaiyyətə çatdırılır".
Deputat Fazil Mustafa qeyd edib ki, bir direktoru və ya müəllimi günahkar kimi göstərmək yanlışdır: "Bu məsələdə əsas hədəf cəmiyyət götürülməlidir. Hadisə məktəbdə baş verdiyindən insanlar əsas yükü ora yönəldir. Məktəblərdə həqiqətən də bir çox problemlər mövcuddur. Lakin intihar hallarını bütövlükdə məktəblə əlaqələndirmək düzgün deyil. İntiharların əsas qaynağı cəmiyyətin içərisində olan düşüncələrdir. Bəzən müəllim valideynin qorxusundan hər hansı irad bildirə bilmir. Çünki sonradan günahkar olur. Ona görə də ilk olaraq cəmiyyət arasında bu sahədə olan problemi tapıb onu həll etməyə çalışmalıyıq".
Professor Şahlar Əsgərov deyib ki, son zamanlar Azərbaycanda xalqın dəyərlər sisteminə qarşı ciddi hücumlar var: "Bununla da insanların məhvinə gətirib çıxarırıq. Məktəb direktorları İctimai Şura qarşısında hesabat versələr daha yaxşı olar. Direktor şagirdlər arasında heç bir fərq qoymamalıdır".
Deputat, 295 nömrəli məktəbin direktori Dilarə Cəbrayılova vurğulayıb ki, sosial şəbəkələrdə məktəbin adının bu qədər hallandırılması mənfi haldır: "Hələ araşdırmanın nəticəsi məlum olmadan fikir bildirmək düzgün deyil. Baş verən hadisələrə nəzər yetirsək müəllim-valideyn-şagird münasibəti düzgün qurulmayıb. Orada psixoloq işi təşkil olunmayıb. Dəfələrlə təklif etmişəm ki, məktəblərdə psixoloq ştatını artırmaq lazımdır".
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.