Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ərəstun Ərəbovun birinci instansiya məhkəməsin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, Ə.Ərəbovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib.

Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.

Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildirirlər. Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov 3 gün sonra hərbi xidmətə yollanacaqmış.

Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Ərəbov 17 il müddətinə azadlıqdan məhrum edilib.