Bunu Trend-ə açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycana qarşı beynəlxalq hüquq normalarını əsas gətirən dövlətlər ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqelərinin möhkəmlənməsinə təsir göstərmək istəyirlər: "Azərbaycan oxşar vəziyyətlə bir neçə dəfə rastlaşıb. Bu dairələrin istər seçki zamanı, istər "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi, istərsə də hazırda Avropa Oyunları zamanı aktivlik nümayiş etdirməsi təsadüfi deyil. Amma bütün bunlar birmənalı olaraq Azərbaycanın yürütdüyü müstəqil siyasətə heç bir zərər gətirmir və gətirməyəcək də. "Avroviziya"dan sonra Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmədimi?! Bunun da öhdəsindən layiqincə gələcəyik”.
M.Seyidovun fikrincə, dünyanın enerji təhlükəsizliyi xəritəsini dəyişən Azərbaycan bu gün bütün dünya ölkələrinə nümunə ola biləcək iqtisadi, siyasi addımlar atır: "Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi də bir çox ölkələrin qısqanclıq hisslərinə qapılmasına əsas yaradır. 6 min idmançının, beynəlxalq korpus nümayəndələrinin Azərbaycanın inkişafının canlı şahidi olmasını həzm edə bilməyən, ölkəmizə qarşı qərəzli mövqe tutan şəxslər Dağlıq Qarabağ münaqişəsinin də Azərbaycan xeyrinə həll olunmasında maraqlı deyillər. Onu da unutmaq olmaz ki, bütün dünyaya ideal mexanizm kimi göstərilən “insan haqları” institutları bununla bağlı bir dəfə də olsun peşəkar mövqe sərgiləməyiblər”.
Milli.Az