Üçüncü vətəndaş müharibəsi: Liviyada xaosun geosiyasi konteksti

Üçüncü vətəndaş müharibəsi: Liviyada xaosun geosiyasi konteksti
19:17 24 Aprel 2019
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Yaxın Şərqdə diqqətlər Suriya və İraqda ikən meydana növbəti ixtilaf məkanı çıxdı. Bu, başıbəlalı Liviyadır. Müəmmar Qəddafinin devrilməsindən sonra bu müsəlman ölkəsi sakitlik və sabitlik bilmir. NATO-nun Liviyaya müdaxiləsi ilə başlayan daxili qarşıdurmalar zaman-zaman daha təhlükəli və riskli müstəviyə çıxır. İndi də feldmarşal Xəlifə Haftarın rəhbərliyi ilə bir qrup döyüşçü Tripolini zəbt etmək həvəsinə düşüb. Qəribəsi odur ki, burada kimin kim olduğu dəqiq bilinmir. X.Haftar və havadarları Milli Həmrəylik Hökuməti tərəfdarlarını terrorçu adlandırırlar, əks tərəf isə X.Haftarı terrorçu və separatçı hesab edir. Böyük dövlətlər isə hər iksinə dəstək verirlər. Belə çıxır ki, Liviyada onlar faktiki olaraq terrora yardım edirlər. Çünki savaşanlardan ya hər ikisi, ya da ən azından biri haqsızdır. Lakin indi buna fikir verən yoxdur və hər kəs döyüş meydanına baxır. Bunlar regionun böyük dövlətlərinin yeni geosiyasi qruplaşmalar yaratması fonunda baş verir. Geosiyasi müstəvidə məhz bu fakt diqqəti daha çox çəkir. Onun Liviyanı və bütövlükdə regionu hansı geosiyasi müstəviyə ata biləcəyi üzərində geniş dayanmaq yerinə düşərdi.

Köhnə ssenarinin yeni oyunçuları: regional və qlobal təsirlər

Liviyanı növbəti dəfə xaosa sürükləyirlər. Buna şübhə edən yoxdur. Bu prosesin əsas oyunçuları və kimin hansı məqsəd güdməsi məsələsində isə bir qarışıqlıq müşahidə olunur. Hər bir halda, dünya mətbuatında Liviya mövzusuna həsr edilən təhlili məqalələrin məzmunundan bu nəticə alınır. Məsələ belədir ki, Liviyanı qarışdırmaqda marağı olan qüvvələr günahı rəqib hesab etdikləri dairələrin üstünə atırlar. Əvvəlcə döyüş meydanında yaranmış vəziyyətə nəzər salaq.

Müəmmar Qəddafi dönəmində ölkədən sürgün edilmiş Liviya ordusunun zabiti Xəlifə Haftar hərbi qüvvə toplayaraq hakimiyyəti ələ keçirməyə çalışır. Onu ABŞ kəşfiyyatına yaxın adam hesab edənlər vardır. Ancaq Vaşinqton bir neçə dəfə X.Haftara Rusiyanın yardım etməsinə etirazını bildirmişdi. Rusiya ekspertləri isə Moskvanın hərb meydanında olmadığını və prosesləri kənardan izlədiyini ifadə edirlər. "Kreml qalibə stavka edəcək" tezisini irəli sürürlər. X.Haftara feldmarşal deyirlər. Haftar ordusunu Liviya Milli Ordusu (LMO) adlandırır. Əks tərəf isə paytaxta hakimdir və Milli Həmrəylik Hökuməti (MHH) adlanır. Ona Faiz Sarac başçılıq edir. Milli Həmrəylik Hökumətini xalq mücahidləri (könüllü silahlı qruplar) və milis dəstələri müdafiə edirlər. Yayılan informasiyalara görə, dinc əhali də F.Saracın tərəfindədir.

X.Haftar söz vermişdi ki, iki həftəyə paytaxt Tripolini tutacaq. Lakin iki həftəlik intensiv döyüşlərdən sonra feldmarşal yalnız paytaxtın ucqarlarında qala bildi. Məlumatlara görə, F.Saraca yerli əhali də yardım edir və xüsusi hazırlanmış milislər ustalıqla döyüşürlər. Ancaq onların da gücü X.Haftarı tam məğlub etməyə çatmır.

Ümumilikdə Liviyada hərb meydanında vəziyyət bu cür qarışıqdır. Savaşan qrupların heç biri qalib gəlmək iqtidarında olmadığı kimi, geri çəkilməyə də yolu yoxdur. Bu addım hər iki tərəfin məhvi demək olardı. Bu da onu təsdiq edir ki, Liviyada vətəndaş müharibəsi davam edəcək. İndi qruplar əlavə güc toplamaq üçün xarici sponsorları və havadarları ilə müzakirələr aparırlar. Biz problemin geosiyasi aspektini təhlil etmək üçün bu məqama diqqət yetirməliyik.

İnformasiyalara görə, X.Haftara Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ciddi yardım edirlər. Ər-Riyad hətta ona külli miqdarda pul verərək F.Saracın tərəfdarlarını satın almağı məsləhət görüb. Hərbi və kəşfiyyat dəstəyi isə Qahirədən gəlir. Bunun səbəbləri haqqında ekspertlər yazırlar. Belə ki, Misirin indiki rəhbərliyi "Müsəlman qardaşları", "əl-Qaidə" və digər qruplaşmalardan çəkinir. Hesab edir ki, onlar Liviyada möhkəmlənib sonra Misirə hücum edəcəklər. O halda general Əbdülfəttah əs-Sisi edam oluna bilər.

İslamçı qüvvələrə Qətər və Türkiyənin yardım etdiyini deyənlər də vardır. Rusiya mediasının yaydığı informasiyaya görə, X.Haftar Türkiyədən Tripoliyə şübhəli aviareyslərin sayının artmasından ehtiyat edərək hərbi əməliyyatlara başlayıb. Onu deyək ki, İsrail mediası da Ankara və Dohanı günahlandırır. Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərini isə müsbət kontekstdə təqdim etməyə başlayır. Bu səbəbdən bir çox ekspertlər X.Haftarın və deməli, Liviyada vətəndaş müharibəsinin arxasında dayananlardan birinin İsrail olduğu qənaətinə gəlirlər.

Lakin ekspertlərin əksəriyyəti başqa ssenarilərdən bəhs edir, daha çox ABŞ, Fransa və İtaliyanın adını çəkirlər. Amerika təbii ki, harada savaş varsa, orada pərdəarxası oyunçudur. Fransa isə Misirin Yaxın Şərqin lideri olmasında maraqlıdır. Qahirə "Ərəb baharı"ndan sonra xeyli zəifləyib. Paris həmin regionda üstün mövqedə olmaq üçün dəridən-qabıqdan çıxır. Emmanuel Makron tez-tez bu regionun müxalif adamları, hətta terror qruplarının rəhbərləri ilə də görüşür. Onun Sisiyə, Haftara maliyyə dəstəyi vermək üçün ehtiyat edəcəyini demək çətindir.

Gizli əllər: xaosun sifarişçiləri və həlak olan müsəlmanlar

Bununla yanaşı, Parisin Liviyada ciddi rəqibi kimi İtaliyanın adını çəkirlər. Paris və Roma Liviyada enerji qaynaqları uğrunda ölüm-dirim mübarizəsi aparırlar. Bəli, bu dəfə də avropalıları müsəlman ölkələrinin nefti maraqlandırır. Belə ki, İtaliyanın Liviyada həmin sahədə böyük biznesi vardır. İndi onlara Fransa təhlükə yaradır. Ancaq maraqlıdır ki, Xəlifə Haftarın Tripoliyə hücumunu Aİ-də qınamaq istəyəndə, müvafiq sənədin qəbul edilməsinə məhz Parislə Poma mane olub. Deməli, burada uzağagedən başqa məqsəd də var. Nədən ibarətdir həmin məqsəd?

Yaxın Şərqlə Şimali Afrikanın ortaq sərhədində yeni ciddi münaqişə ocağı yaradıb, orada pul qazanmaq! İndi ekspertlər məhz bu ssenarini əsas hesab edirlər. Diqqət etsək, görərik ki, bu bölgədə olan üç dövlət - Sudan, Əlcəzair və Liviya qarışıb. Onların hər üçü nəqliyyat, miqrasiya, yeraltı sərvətlər baxımından həmin coğrafiyada açar ölkələr rolunu oynayırlar. Böyük dövlətlər bu coğrafiyada aranı qatmaqla yeni xarabalıqlar yaradır və onun üzərində milyardlar qazanmaqla yanaşı, silahlarını satır, özlərinə münasib olan hökumətlər qururlar. X.Haftar kimilər isə onların əlində oyuncaqdan başqa bir şey deyil. Reallıq ondan ibarətdir ki, bu cür proseslər Liviya kimi ölkələri növbəti dəfə vətəndaş müharibəsi alovunun ortasına atır.

Bunlar onu göstərir ki, Liviyadakı iç savaşın əsas səbəbi daxildə deyil. Onun kökündə qlobal geosiyasətin iki faktoru dayanır. Birincisi, böyük regional dövlətlərin ideoloji savaşı intensivləşir. Birincisi, Yaxın Şərqin müsəlman ölkələri üçün İslama dayanan ideoloji kursun ciddi qarşıdurması (təəssüf!) daha aktual səviyyəyə yüksəlib.

Misir "Müsəlman qardaşları"ndan qorxursa, Qətər və Türkiyə onları dəstəkləyir. Nəticədə, Misir öz din qardaşlarının ölkəsi olan Liviyada müharibə yaradır. Bununla Qahirə öz siyasi-ideoloji rəqiblərini sıradan çıxarmağa çalışır. Ancaq buna nail olmaq çox çətindir. Məsələ onda deyil ki, Misir və ya Səudiyyə Ərəbistanı zəifdirlər. Xeyr, əsas problem dünyanın daha güclü dövlətlərinin bu situasiyadan istifadə edərək Yaxın Şərqin böyük dövlətlərinin özlərini idarəetməyə çalışması ilə bağlıdır. Və hələlik buna xeyli dərəcədə nail olurlar.

Məsələn, Misir ABŞ və Fransanın iradəsinə qarşı çıxa bilmir. Faktiki olaraq Sisiyə onlarla yanaşı İsrail də təsir edə bilir. Onda belə çıxır ki, Qahirənin digər İslami ideologiyalı siyasi qüvvələrlə mübarizəsini uzatmaq və süründürmək kimlərəsə sərf edir. Şübhə yoxdur ki, vəziyyəti məhz bu cür qeyri-müəyyən saxlayıb, gərginliyin ömrünü uzatmağa çalışacaqlar. Bu variantda itirən ancaq müsəlman ölkələri olacaq.

Təsadüfi deyil ki, bir sıra ekspertlər Amerika və Rusiyanı kənardan müşahidə edib, kimin qalib gələcəyini gözləyirlər. Yəni qoy müsəlmanlar bir-biri ilə savaşsın, kim udacaqsa, onunla danışmaq olar. Ancaq pərdə arxasında hərb meydanında olan müsəlman qrupların hər birinə silah və vəsait verənlər olur. Məqsəd aydındır: müsəlmanlar savaşır və həlak olur, oyunu quranlar isə kapital qazanırlar.

Belə bir vəziyyətdə Liviyada artıq sayca üçüncü olan vətəndaş müharibəsinin sonu necə ola bilər? Onu nəzərə almaq lazımdır ki, orada yalnız Milli Həmrəylik Hökuməti ilə Liviya Milli Ordusu savaşmırlar. Başqa iddiaçılar da vardır. Onlar da nə isə bir pay ummaqdadırlar. Deməli, bütövlükdə Liviyada siyasi-hərbi vəziyyət kifayət qədər mürəkkəbdir.

Ekspertlərin yazdığına görə, X.Haftar xaricdəki havadarları ilə görüşləri davam etdirir. Onları inandırmağa çalışır ki, əlavə vəsait ayırmağa dəyər. Ancaq X.Haftara inamın itdiyi də faktdır. Artıq ona böyük miqdarda yardım etməyə çəkinirlər. Daha konkret desək, X.Haftardan döyüş meydanında qələbə tələb edirlər. Əgər bu baş versə, maliyyə və silah dəstəyi arta bilər. Bu səbəbdən yaxın vaxtlarda X.Haftarın daha şiddətli hücuma keçə biləcəyi istisna edilmir. O başqa məsələdir ki, əks tərəf də eyni fəallıqla özünü gücləndirməyə çalışır.

Beləliklə, digər geosiyasi məqamlarla yanaşı, Liviyada vətəndaş müharibəsi Yaxın Şərq üçün daha böyük zərər verə biləcək bir prosesi də üzə çıxardı. Bu, regionda yeni geosiyasi konfiqurasiyanın yaranması ilə bağlıdır. Bir tərəfdə Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, digər tərəfdə isə Qətər və Türkiyə. Bunlarla yanaşı, İran və İsrail faktorunu da unutmaq olmaz. Regiondakı bu cür qüvvələr nisbətinə ABŞ, Aİ və Rusiyanın da təsir edəcəyini istisna etmək çətindir. Afrikada böyük maraqları olan Çinin hansı addımlar atacağını gözləmək lazımdır. Belə çıxır ki, Liviyadakı hadisələr, əslində, daha geniş geosiyasi məkanda gedən proseslərin ancaq bir fraqmentidir. Lakin, etiraf edək ki, ən faciəvisidir!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/749542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR