Gündüz İsmayılov:

"Dinlə bağlı tədrisin məqsədi dini, şəriəti təbliğ etmək yox, minimum bilikləri verməkdir".

Metbuat.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, orta məktəb və ali məktəblərdə dinlə bağlı biliklərin tədrislə bağlı reaksiyalar onu göstərdi ki, əslində bu məsələ aktual və zəruri məsələdir: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, hesab edirik ki, bugünkü dövrümüz üçün çox uyğun və doğru mövqedir. Mövqemiz də budur ki, sentyabr ayından etibarən, yəni növbəti dərs ilindən ali məktəblərdə, ali təhsil ocaqlarında "Multikultralizmə giriş" fənni tədris ediləcək.

Əslində bu fənn 2015-ci ildən etibarən tədris edilir. Əvvəlki ildən fərqli olaraq bu ildən əsas fənn kimi tədris ediləcək, bu isə o deməkdir ki, bu fənnin tədrisində ciddi dəyişiklik ediləcək. Bu fənni, o cümlədən hazırda hazırlanan dərsliyi iki hissədən ibarətdir. Birinci hissə multikulturalizmdir, ikinci bölmə isə dinlər, dinlər tarixi, milli mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı siyasəti və Azərbaycan xalqının mənəvi dəyərləri ilə bağlı məsələlər yer alacaq. Bir sözlə iki hissə olacaq, Multikultralizm hissəsi və dinlər tarixi hissəsi. Bu fənnin tədrisi dediyim kimi yeni deyil, sadəcə olaraq sentyabrda əsas fənn kimi tədris ediləcək və dərs yükü artacaq".

Gündüz İsmayılov bildirib ki, orta məktəblərə gəlincə isə bir daha vurğulayım ki, artıq neçə illərdir ki, "Həyat bilgisi" adlı fənn tədris edilir: "Bu fənnin tədrisi I sinifdən IX sinfə qədər davam edir. Bu fənninin tədrisindəki məqsədlərdən biri də dinlə bağlı biliklərin verilməsidir. Yəni bu fənn yalnız dinlə bağlı bilikləri vermir, həm də dini bilikləri verir. Bu gün orta məktəblərdə dini tədris məsələsi müzakirə mövzusu deyil. Burada dinlə bağlı biliklərin verilməsindən söhbət gedir. Hansı ki, buna da xeyli vaxtdır başlanıb. Təhsil Nazirliyi ilə birgə həmin fənndə dinlə bağlı biliklərin verilməsini proqram çərçivəsində nisbətən artırılması istiqamətində işlər gedir. "Həyat bilgisi"ndə yalnız dinlə bağlı biliklərin verilməsi məsələsi müzakirə mövzusu deyil. İkincisi onu da qeyd etmək istəyirəm ki, bəzən Konstitusiya və dünyəviliyə görə, dinlə bağlı biliklərin verilməsində fərqli fikirlər var. Buna da qısa aydınlıq gətirmək istəyirəm.

Adətən beynəlxalq təcrübədə din və təhsil məsələsindən söhbət gedəndə 3 termindən istifadə olunur. Birinci termin dini tərbiyədie, ikinci termin dini təhsildir, üçüncü termin isə dinlə bağlı tədrisdir. Dini tərbiyəni yalnız ailə verir, dövlət dini tərbiyə həyata keçirmir. Dini təhsili isə isə dini təhsil müəssisələri verir, dövlət müəssisələri verir, məsələn, mədrəsələr, Bakı İslam Universiteti, İslam kollecləri və s.

Dinlə bağlı tədrisə gəlincə, bunu dünyəvi tədris müəssisələri verə bilər. Çünki dinlə bağlı tədris dedikdə dinin, şəriətin tədrisi nəzərdə tutulmur. Dinlə bağlı biliklərin verilməsi nəzərdə tutulur. Başqa ifadə ilə biz orta məktəbdə riyaziyyatla, fizika ilə, ədəbiyyatla bağlı bilikləri veririk. Bu bilikləri verməkdə məqsəd hamını riyaziyyatçı, fizik və ya ədəbiyyatçı etmək deyil. Riyaziyyatçı, fizik və ya ədəbiyyatçı ali məktəbdə yetişdirilir. Orta məktəbdə bu fənnlərlə bağlı minimum biliklər verilir. Dinlə bağlı tədrisin də məqsədi dini, şəriəti təbliğ etmək yox, minimum bilikləri verməkdir. Başqa ifadə ilə desək, dinlə bağlı biliklərin tədrisi şagirdləri dinlərə, inanclara inandırıb-inandırmamaq deyil. Bu hər kəsin öz işidir. Dinlə bağlı bilikləri verməkdə məqsəd dinlərlə bağlı məlumatlı olmağı təmin etməkdir. Məşhur rus pedaqoqu var Uşinski, onun gözəl bir ifadəsi var.

Deyir ki, "tərbiyə olunmuş insanı ikinci dəfə tərbiyə etmək mümkün deyil". Yəni niyyət budur ki, gənclərə dinlə bağlı minimum ilkin bilikləri biz verməliyik, növbəti mərhələdə onlar bu bilikləri radikallardan, başqalarında almalıdır. Müqəddəs sahə heç vaxt boş qalmır. Əgər onu dövlətin, cəmiyyətin maraqları çərçivəsində dövlət verməsə başqaları verəcək, dövlət verməsə başqası verəcək, bu da ölkənin ziyanına olan biliklər olacaq. Dediyim kimi, orta məktəblərdə, dinin, şəriətin öyrənilməsi yox bütün dinlə bağlı biliklərin, xüsusilə də İslamla bağlı biliklərin verilməsindən söhbət gedir. Hansı ki, bu prosesə də artıq "Həyat bilgisi" fənnindən artıq başlanılıb. Bu isə Konstitusiyaya və dünyəviliyə zidd deyil".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR