Bakı, 6 may, AZƏRTAC
“Energocredit” layihəsi çərçivəsində “DəmirBank” elektrik enerjisinə qənaətli texniki və məişət avandanlıqları alan müştərilərə həmin avadanlıqları almaq üçün kredit verməklə yanaşı, kredit məbləğinin 10 faizini nağd şəkildə müştərinin özünə geri ödəyir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, belə ki, enerjiyə qənaət edən soyuducular, paltaryuyan maşınlar, kondisioner sistemləri almaq istəyən istər fiziki şəxslər, istərsə də sahibkarlar və hüquqi şəxslər maliyyələşdirmə üçün bankın istənilən filialına müraciət edə bilərlər. Bununla yanaşı, müştərilərə enerjiyə qənaət edən məhsulların qənaət imkanlarının dəyərləndirilməsində pulsuz texniki dəstəkdən yararlanmaq imkanı da verilir.
“Energocredit” layihəsi “Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB) tərəfindən hazırlanıb və dəstəklənir. Eyni zamanda layihə Avropa İttifaqı Qonşuluq İnvestisiya Mexanizmi , AYİB Səhmdarlarının Xüsusi fondu və Avstriya Respublikası Maliyyə Nazirliyi tərəfindən dəstəklənir.
Qeyd edək ki, “DəmirBank” “Energocredit” layihəsinə ötən ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.