Bakı, 7 may, AZƏRTAC
Meşələr dünyada aclıqla mübarizə işinə mühüm töhfə verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin meşələr və ərzaq təhlükəsizliyi haqqında yeni məruzəsində yer alıb. Bu nəşr hazırda BMT-nin Nyu-Yorkda keçirilən Meşəçilik üzrə Forumunun sessiyasına həsr edilib.
Məruzə müəllifləri qeyd ediblər ki, bu gün dünyada hər doqquzuncu adam hələ də aclıqdan əziyyət çəkir. Belə insanların əksəriyyəti Afrika və Asiya ölkələrində yaşayırlar. Ekspertlər qida rasionuna meşə mənşəli ərzaq məhsullarını daha çox daxil etmək yolu ilə bu problemi aradan qaldırmağı məsləhət görürlər.
Yeni məruzədə ekspertlər xatırladıblar ki, vəhşi heyvanların əti, çay balığı və yeməli meşə həşəratları zülal və vitaminlərin çox gözəl mənbəyidir. Bu və digər meşə məhsulları yoxsul regionlarda ərzaq çatışmazlığını kompensasiya edə bilər.
Bundan başqa, meşələr təkcə zəruri ərzaq məhsullarının deyil, həm də yanacaq mənbəyidir. Dünyada 2,4 milyard insan yanacaq oduncağından istifadə edir.
BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin nümayəndəsi Tomas Qass deyib: “Bu məruzə bizə ərzaq sabitliyinin möhkəmlənməsində meşələrin mühüm rolunu xatırladır”.
Məruzənin hazırlanmasında dünyanın müxtəlif ölkələrinin 60-dan çox alimi iştirak edib. Onların gəldiyi nəticə bundan ibarətdir ki, planetimizin hər altıncı sakininin qidalanması və gəliri meşələrdən asılıdır. Ekspertlər dövlətləri yerli icmaların mənafeyini nəzərə alaraq, meşə resurslarını daha effektiv idarə etməyə nail olmağa çağırıblar.