Xaçmaz, 8 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində məktəblilər arasında keçirilən güləş üzrə zona birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində reallaşan yarışda 150 güləşçi qüvvəsini sınayıb. Turnirə şimal regionunun idmançıları ilə yanaşı, Sumqayıt şəhərini, eləcə də Abşeron, Qubadlı və Qobustan rayonlarını təmsil edən komandalar da qatılıb.
İki gün davam edən birincilikdə 2001-2003-cü il təvəllüdlü güləşçilər 10 çəki dərəcəsində sərbəst və yunan-Roma güləşi üzrə mübarizə aparıblar.
Zona birinciliyində 2 qızıl, 4 gümüş və 6 bürünc medal qazanan xaçmazlı güləşçilər komanda hesabında birinci olublar. Onların ardınca abşeronlu və siyəzənli güləşçilər müvafiq olaraq ikinci, üçüncü yerləri tutublar.