Çırmanırıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş

Bu dəfəki, yazımı məhz qocalmaz, həmişə çağdaş Mirzə Ələkbər Sabirin misraları ilə adlandırmaq istəyirəm. Bəzən bunu sevinclə deyirlər ki, bizim satirik şairimiz Sabir gör nə qədər böyükdür ki, onun yazdıqları həmişə aktualdır. Əlbəttə... Sabir böyükdür. Biz isə yüz illər keçsə də, böyümürük ki, böyümürük. Və kiçik qalmağa olan bu inadımızla Sabiri həmişə cavan saxlayırıq.

Təbii... Sual edilə bilər ki, niyə məhz bu misraları seçirsən və yazını bunun üzərində qurmaq istəyirsən ? Elə isə başlayaq...

Dostlar, heç özümüzə qıraqdan baxırıqmı ? Necə göründüyümüzü təhlil etmək üçün deyirəm. Məncə, yox. Heç baxmırıq. Elə isə əhsən... Bax elə ona görə futbolumuza da qıraqdan baxmırıq. Bunun nəticəsidir ki, artıq bəzi “klaviatura igidlərinin”gözündə “Qarabağ” ən azından üçüncü mərhələdə qərar tutub, “Neftçi”ni isə heç bir oyun da keçirmədən buyur ediblər lap o başa – Avro Liqanın qrup mərhələsinə. Heç düşünürükmü, götür-qoy edirikmi bu gün Azərbaycan futbolu hansı durumdadır ? Əgər təhlil etsəydik açıq-aşkar görərdik ki, AFFA bayrağı altında keçirilən çempionatımızın səviyyəsi Malta, Lüksemburq, Lixtenşteyn birincilikləri səviyyəsinə düşüb və ya həmin duruma salıblar. Bizim axı hansı haqqımız var ki, “Neftçi” Moldova “Speranta”sını məğlub etmədən flaqmanı indidən ikinci turda Rusiya “Arsenal”ı ilə rəqib görək ? Və ya götürək bizim bu əziz-xələf “Qarabağ”ımızı. Dostlar, inanın mənə çempionatımız həm Moldova, həm də Albaniya birinciliklərindən çox-çox geri qalır və ya eyni səviyyənin yiyəsidir. Ona görə də gəlin çayı görməmiş çırmanmayaq. Olarmı ? Məncə çətin də olsa olar. Olmalıdır da. Çünki siz “azarkeş”lər bu yolu tutaraq addımlasanız və qarşınıza çıxan hər rəqibə yuxarıdan aşağı baxsanız birbaşa öz quyunuzu qazaraq futbolçularda arxayınlıq yaradırsız. Bu isə “can verən” futbolumuzun nəfəsini daha da kəsmək deməkdir. Bəlkə, yadınızdan çıxıb və ya bəlkə hər seçmə mərhələdə başınıza gəlmir ki, özünüzdən arxayınlıq ucbatından hansısa qəsəbə və ya kənd komandası, hətta transfer qiyməti 2-3 min dollar olan futbolçulardan toplanmış komanda hansısa komandamızı əliboş yola salır. Məncə, artıq hər kəsin yadına düşdü hansı komandaları demək istədiyim. Bax o üzdən də gəlin ilk öncə özümüzə qıraqdan baxaq, daha sonra isə futbolumuza. Əhsən... Bax ondan sonra biz əsl azarkeş ola bilərik.

Bir də gəlin çayı görmədən çırmanmayaq, yay gəlmədən qızmayaq. İnanın dostlar, artıq Sabir də qocalmaq istəyir. Mirzə Ələkbər o vaxt bu misraları ona görə bizim üçün yazıb gedib ki, biz inkişaf edək o isə qocalsın. Daha ona görə yazmayıb ki, biz yerimzdə sayaq o isə həmişə cavan qalsın. Gəlin Sabiri qocaldaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı