Bakı, 11 may, AZƏRTAC
İDEA İctimai Birliyinin Resurs Mərkəzində “Azərbaycanda nəsli kəsilmək üzrə olan fauna növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda seminar keçirilib.
Resurs Mərkəzindən AZƏRTAC-a bildirilib ki, seminarda coğrafiya, biologiya, ekologiya və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc iştirak edib.
Seminarın nəzəri hissəsində ekspert qismində çıxış edən Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Ələsgərovun məruzəsi dinlənilib. O, Azərbaycanda nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər, onların müdafiəsi, ölkəmizdə məməli heyvanlar faunası barədə geniş məlumat verib.
Praktiki hissə zamanı isə iştirakçılar AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyini ziyarət edərək, Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet və kolleksiya şəklində hazırlanmış mindən çox eksponatla, həmçinin cücülərin fauna və sistematikası laboratoriyasında (Entomologiya laborotoriyası) həşərat faunası ilə yaxından tanış olublar.
İDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər və kurslar təşkil edir. Tədbirlər barədə elanlar ictimaiyyətə İDEA-nın onlayn xidmətləri (www.facebook.com/ideacampaign və http://instagram.com/idea_public_union) vasitəsilə çatdırılır.

“Azərbaycanda nəsli kəsilmək üzrə olan fauna növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda seminar