“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
12:28 12 May 2015
220 İdman
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 12 may, AZƏRTAC
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının qalibləri mükafatlandırılıblar. Şahmat festivalının baş hakimi Faiq Həsənov qalibləri səhnəyə dəvət edərək, onlara mükafatları təqdim edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “C” turnirində 8 yaşa qədər olan idmançılar mükafatlandırılıblar. Bu yaş qrupu üzrə oğlanlar arasında Sumqayıt şahmatçısı Şamil Məmmədov, Bakı şahmatçısı Əli Züqanov, Naxçıvan şahmatçısı Zahid Allahverdiyev, qızlar arasında isə Bakı şahmatçıları Nurtac Heydərli, Aydan Şükürova və Füzuli rayon şahmatçısı Səmra Qasımova müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yeri tutublar.
“C” turnirinin 10 yaşlı oğlan şahmatçılarının mübarizəsində 1-ci yerə Cəbrayıl rayonundan olan şahmatçı Mətin Salmanov, 2-ci yerə Sumqayıt şahmatçısı Xəqani Qarayev və 3-cü yerə Naxçıvan şahmat məktəbinin yetirməsi Sadiq Qarayev çıxıblar. Bu yaş qrupunda qızların mübarizəsində isə Naxçıvan şahmatçısı Zərrin Məmmədli, Ucar şahmatçısı Jalə Kərimli və Goranboydan olan Nərgiz Abdullayeva ilk üç pillədə qərarlaşıblar.
Qızlar arasında “C” turnirinin qalibləri adını isə Bakı şahmatçısı Ləman Hacıyeva, Masallı rayonunu təmsil edən Gülçin Heydərova və naxçıvanlı şahmatçı Aysel Dünyamalıyeva, oğlanlar arasında Bakı şəhərindən olan şahmatçılardan Mətin Mürsəlli, Atilla Eynullayev və İsmayıllı rayonunu təmsil edən Qafar Bədəlov qazanıblar.
Bakı şəhərindən olan şahmatçı Vəli Zeynalzadə “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirinin qalibi olub. 2-ci yerə Elvin Bayramov (Quba), 3-cü yerə isə Naxçıvan şahmatçısı Toğrul Həsənzadə çıxıb.
Reytinq əmsalı 0-1749 xal olan şahmatçılardan Kamil Rzayev (Naxçıvan), Həsən Rəhimov (Naxçıvan) və Xəzər Babazədə (Biləsuvar), 1750-1999 reytinq əmsalları olan İlkin Rəhimli (Bakı), Anar Baxışov (Cəlilabad) və Vüqar Əsgərov (Ucar) mükafata layiq görülüblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat festivalının “A” turnirinin qalibi azərbaycanlı qrossmeyster Eltac Səfərli olub. Festivalda 2-ci yerə azərbaycanlı qrossmeyster Qədir Hüseynov, 3-cü yerə isə gürcüstanlı qrossmeyster Levan Pantsulaya çıxıb. Ümumilikdə, “A” turnirində 25 zəka sahibi mükafatlandırılıb.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının ən azyaşlı üzvü, Naxçıvan şahmat məktəbinin yetirməsi 5 yaşlı Ramal Həsənova xüsusi mükafat verilib.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin birinci müavini Azər Zeynalov maraqlı və çətin mübarizə şəraitində keçən şahmat yarışının qaliblərini təbrik edib. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Azər Zeynalov zəka sahiblərinin növbəti illərdə də Naxçıvanda keçiriləcək şahmat yarışlarında iştirak edəcəklərinə əminliyini bildirib.
Bununla da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_2015_Beynelxalq_Sahmat_Festivalinin_qaliblerinin_mukafatlandirilmasi_merasimi_kechirilib-854214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR