Bu dünyada ayaqda durmaq çox çətindir. Xüsusilə də öz ayaqların üzərində. Ayaqda durmaq üçün gərək ki, nizamı biləsən, balansı qoruyasan, zərbənin haradan gələcəyini əvvəlcədən hesablaya biləsən. Bunları bacarmadınsa, alacağın ani bir zərbə səni, qurduğun bütün işləri, xəyalları, arzuları yerlə bir edir.

Bəzən ölkələri də insanlar kimi belə aqibət gözləyir. Bu gün Ukraynada yaşananlar bu mövzuya toxunmağımızı zəruri edir. İki il öncəyə qədər Ukrayna çoxlarımızın səfər etməyi arzuladığı bir ölkə idi. Kiyevə getmək, ölkənin əsrarəngiz bölgələrini gəzmək, imkan düşərsə, bir-iki ay orada yaşamaq arzusuna düşürdük ara-sıra. Bu günün Ukraynası, çətin ki, kimdəsə belə arzular doğursun. Slavyan ölkəsinin üzərini qara buludlar alıb. Hər gün atəş səsləri eşidilir.

Hər şey iki il öncə ölkədə qərbmeylli siyasi qüvvələrin mitinqləri ilə başladı. O zamankı Ukrayna hakimiyyətinin Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi ölkədəki qərbmeylli qüvvələrin qəzəbi ilə nəticələndi. Pənahını Avropa Birliyi ölkələrinin sırasına qoşulmaqda görən ölkə vətəndaşlarını küçələrə, meydanlara gətirdilər. Ukraynada Qərbin "beşinci kolon"u olan qüvvələr hər şeyin asan olacağını düşünürdülər.

Regionlar partiyasının lideri olan prezident Viktor Yanukoviç hakimiyyətdən salındıqdan sonra Ukraynanın Avropa Birliyindəki işıqlı sabahlarına yol açacaqdılar. Özləri inandıqları bu yalana xalqı da inandırmağı bacarmışdılar. Yanukoviçi devirdikdən sonra özləri ölkənin taxtına oturacaq, Qərb və NATO yolunda uğurla irəliləyəcəkdilər. Ancaq bir şeyi tamam unutdular - Rusiyanı. Rusiyanın gücünü, imperiya ambisiyalarını, vəhşi ayının caynaqlarını... O Rusiya ki, onun gərək dilini tapasan, gərəkdiyi vaxtda onunla hesablaşmağı bacarasan.

"Keçən günlərimi qaytaraydılar" və ya yerə düşmüş xəyal

Nəticədə indi Ukrayna Azərbaycanın müstəqilliyinin ilk illərini yaşayır. Kimsə bu bənzətməni məqbul saymaya bilər. Ancaq əslində müqayisə ediləcək çox şey var. Bu gün Ukraynada olduğu kimi, 1992-ci ildə Azərbaycanda da qərbmeylli qüvvələr hakimiyyətə gələrək qonşulara qarşı bəyanatlar səsləndirdilər. Gözlərini Qərbə dikərək Rusiyaya və İrana meydan oxudular. Sabiq prezident Əbülfəz Elçibəy Qarabağ preoblemini həll etmədən, artıq Dərbəndin azadlığı barədə düşünməyə başladı. Təbrizin bir zərbə ilə Tehranı məhv edəcəyindən dəm vurdu. Nəticə isə hər kəsə bəllidir: Rusiyadan dəstək alan ermənilər Qarabağ münaqişəsinin miqyasını daha da böyüdə bildilər. Çoxlarının gözləmədiyi halda İran Ermənistan üçün dünyaya qapı rolunu oynadı...

Bu dünyanın nizamı belədir. Salamı necə verərsənsə, əleyküm-salamı da o cür alarsan. Dost olmaq üçün əl uzatmalısan, düşmənçilik üçün isə bir söz yetər.

Belə bir zamanda dünyanın nizamını bilən, prosesləri qabaqcadan görən xarizmatik lider Heydər Əliyevin hakimiyyətə gəlməsi hər şeyi dəyişdi. Ümummilli liderin siyasətinin nəticəsidir ki, ölkəmiz bu qarışıq dünyada öz ayaqları üzərində dayana bilir, sözünü deməyi bacarır. Azərbaycanı hansı bəlalardan qurtarması barədə çox deyilib, çox yazılıb. Biz bu yazımızda isə hazırkı Ukraynaya daha çox yer ayıracağıq.

Bu gün Ukraynanın da öz Heydər Əliyevinə ehtiyacı var. İndi bu ölkə öz ayaqları üzərində dayana bilmir. Artıq ayaqda durmaq üçün o, nə Rusiyaya, nə də ki, Qərbə söykənə bilir. İki nəhəngin arasında qalaraq əzilir.

Bu münaqişənin başladığı ilk aylarda Rusiya Ukraynaya məxsus Krım vilayətini ilhaq edərək öz ərazilərinə qatdı. Bölgədə keçirilən referendum ilhaqı qanuniləşdirdi. Artınca Donetsk və Luqansk vilayətlərində separatçılar hakimiyyəti ələ keçirdilər. İki ildir davam edən müharibə Ukrayna üçün müsbət heç nə vəd etmir. Çünki Ukraynanın Rusiyaya qarşı mübarizəsi daşın qayanı yıxmaq istəməsinə bənzəyir. Artıq Qərb də bu məsələdə qızışdırıb meydana saldığı Ukraynanın arxasında dayana bilmir. Rusiyaya qarşı iqtisadi sanksiyaların faydasız olduğunu görür. Sibir ayısı ilə güc yolu ilə danışmağın mümkünsüz olduğunu isə zatən əvvəldən bilirdilər.

"Keçən günlərimi qaytaraydılar" və ya yerə düşmüş xəyal

Ötən gün yayılan bir məlumat Ukraynanın gələcəyinin heç də işıqlı olmayacağından xəbər verir. Məlumatda deyilirdi ki, Rusiya artıq iki ildir ki, müharibə gedən Donbass bölgəsində də referendum keçirərək regionu öz ərazilərinə qatmaq niyyətindədir. Donetsk vilayətinin Topez şəhərinə regionun Rusiyaya birləşdirilməsi üçün referendumla bağlı külli miqdarda bülleten də gətirilib.

Bu referendum baş tutarsa və Rusiya həmin bölgəni ərazilərinə qatarsa, bu artıq Ukraynanın parçalanmasının ilk mərhələsinin başa çatması deməkdir. Çünki Ukrayna artıq Rusiyanın özününkü hesab etdiyi torpaqlara silah göstərə bilməyəcək. Belə bir cəhd Rusiya tanklarının birbaşa Kiyev küçələrində şütüməsi ilə nəticələnə bilər. Sonrakı mərhələdə Rusiyanın öz yolunu davam etdirəcəyi qaçılmazdır. Bu ölkənin başqa bölgələrində münaqişələr yaradılaraq separatçı bölgələr formalaşdırılacaq. Sonradan həmin bölgələrin də Rusiyaya birləşdirilməsi məsələsi gündəmə gələcək. Proses Ukraynanın tam ilhaqıyla başa çatacaq.

"Keçən günlərimi qaytaraydılar" və ya yerə düşmüş xəyal

Onsuz da Rusiyada Ukraynanın tam ilhaqı arzularını gizlətmirlər. Rusiya hakimiyyətinə yaxın olan, ara-sıra Putin hökumətinin fikirlərini dünyaya çatdıran Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski dəfələrlə bəyan edib ki, Ukraynanı Rusiya ərazilərindən ayırmaq böyük bir tarixi səhv idi. O hesab edir ki, həmin tarixi səhvi düzəltməyin vaxtı çatıb.

İki il öncə Ukraynadakı qarşıdurmalar yeni başlayanda bu ölkənin üç hissəyə parçalanacağının qaçılmaz olduğunu bildirmişdik. Bu gün artıq parçalanma reallaşıb. Bundan sonra Ukrayna siyasətini düzgün hesablamasa, bu ölkə yenidən birləşəcək. Lakin birləşmə bu dəfə Rusiyanın tərkibində olacaq. Rusiyanın Ukrayna vilayəti kimi...

Qərb dünyasının da Moskvanın bu yoluna daş qoya biləcəyi çətin görünür.

Teymur Hacıyev
Milli.Az