Bakı, 13 may, AZƏRTAC
Milli Məclisin mədəniyyət komitəsinin mayın 13-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin təyin edilməsi məsələsi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, komitənin rəhbəri Nizami Cəfərovun sədrliyi ilə keçən iclasda Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova namizədləri təqdim edib. Bildirib ki, onlar namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülən Vüqar Zeynalov, İsmayıl Ələkbərov, gənclər təşkilatları tərəfindən irəli sürülən Mirhəsən Seyidov, Turqay Həsənəliyev, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Sevil Yusifova və Ülkər Abdullayevadır. Adları qeyd olunan şəxslərdən ümumilikdə üç nəfər altı il müddətinə üzv seçiləcək. Onlar artıq müddətləri bitən Namiq Məmmədov, Fuad Muradov və Zərifə Salahovanın yerlərinə seçilirlər.
İclasda qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin səlahiyyət müddəti başa çatdığına görə yeni namizədlər irəli sürülüb. Azərbaycan Respublikasının müvafiq qanununun tələblərinə uyğun olaraq həmin qurumlarda seçkilər aparılıb və namizədlər müəyyən edilib. Seçki şəffaf şəkildə həyata keçirilib və heç bir qanun pozuntusu baş verməyib.
Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunub.