Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının tapşırıq qrupu və İsveçrə İqtisadi Əməkdaşlıq Ofisinin (SECO) təmsilçiləri ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildiriblər ki, görüş İsveçrə Konfederasiyası hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) çərçivəsində yekun missiya xarakteri daşımaqla layihənin nəticələrinə həsr olunub.
Görüşdə Dünya Bankının tapşırıq qrupunun rəhbərləri və maliyyə idarəetməsi üzrə mütəxəssisləri, həmçinin SECO təşkilatının nümayəndəsi ilə CAPSAP layihəsinin Hesablama Palatasının fəaliyyətinin təkmilləşdirilməsində rolu və əməkdaşlıq perspektivləri müzakirə edilib.
V.Gülməmmədov CAPSAP layihəsinin əsas nəticələri, xüsusilə Hesablama Palatası haqqında bu layihə çərçivəsində hazırlanmış yeni qanun layihəsinin əhəmiyyətini vurğulamaqla gələcəkdə Ali Audit Qurumu olaraq Palatanın inkişaf prioritetləri barədə məlumat verib.
Eyni zamanda, görüşdə dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, bu sisteminin tərkib elementləri olan daxili və kənar dövlət nəzarətinin sərhədlərinin dəqiqləşdirilməsi, yaxın gələcəkdə tətbiqi nəzərdə tutulan yeni layihənin əsas istiqamətləri, həmçinin birgə əməkdaşlıqdan gözlənilən nəticələrin Palatanın növbəti inkişaf mərhələsində rolu da müzakirə olunub.