ANS PRESS-in məlumatına görə, Murad Dadaşovun rəhbəri və aparıcısı olduğu realiti şouya mayın 9-da 17 nəfərlə start verilmişdi. Ötən 4 gün ərzində 4 iştirakçısını itirən "Maşın" Abbas Bağırov, Xatirə İslam, Malik Kələntərli, Emil Bədəlov, Mehriban Xanlarova, Günel Ələkbərova, Aşıq Əli, Elçin Hüseynov, Samir Cavadzadə, Anar Ağakişiyev, Rəşad Dağlı, Rüfət Axundov və Allahverdi Yolçuyevlə realiti şouya davam etdi.
Bu nəhs gün Günel Ələkbərovaya düşmədi. Maşın nağılı onun üçün bitdi. Murad Dadaşov iştirakçıların sevmədiyi "Maşın əldən getdi" ifadəsini dünən Günelə dedi. Həm də necə?! Digər oyunçular tərəfindən təklənən, qalmaqallı iştirakçı Mehriban Xanlarovanın təzyiqi ilə üzləşən Güneli oyundan Abbas Bağırov uzaqlaşdırdı.
Bəli, "Maşın"ın 11-ci buraxılışında Günel tərəfindən çıxarıldığını hələ də unutmayan Abbas Bağırov qısasını belə aldı. Bəli, Abbas qalması üçün səs toplayıb Güneli oyundan çıxardı. Bunu anladıq. Amma əli maşından üzülən Günelin göz yaşları ilə Abbası bərk-bərk qucaqlayıb bağrına basmaslını anlamadım...
Həm də o Günel ki, borcları üzündən maşınını satıb və oyunçular içində bu gün maşına ən çox ehtiyacı olan o idi. Nə isə, şou-biznes tayfasını başa düşmək üçün onlar kimi düşünmək lazımdır ki, bu da mənim gücüm xaricindədir.
Mehriban Xanlarovanın yersiz və məntiqsiz intriqaları dünən də davam etdi. Günelin Aygün Kazımova ilə mehribanlığı aktrisanı ifaçıya düşmən etmişdi. Xanlarovanın çııxışına Günel belə reaksiya verdi: "Bura sizin üçün nə Elgizin, nə də Xoşqədəmin verilişi deyil".
Canlı yayım bitər-bitməz Xatirə İslamla Anar Ağakişiyev arasında dava düşdü. Bəlkə də bir əlləri maşında olmasaydı söz davası əlbəyaxa savaşa keçəcəkdi.
Bir sözlə, əslində şou əhli ilin 12 ayın, ayın 30 günü nəhs gündə yaşayır...
Mənbə
ANS PRESS